Qazaxda yunan-Roma və sərbəst güləş üzrə U15 ölkə birinciliyinin açılış mərasimi olub
Məlum olduğu kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16.12.2024-cü il tarixli 35 nömrəli qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib. Bu il martın 5-i təkcə Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi deyil, həm də "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi ilə yadda qaldı. Həmin gün 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qazax şəhərində idman paradı və “İdman Paytaxtı”nın açılış mərasimi keçirildi. Qazax idman paytaxtının rəmzi açarını Qəbələdən təhvil aldı, daha sonra "Qazax İdman paytaxtı 2026"nın maskotu ictimaiyyətə təqdim olundu.
"Qazax İdman paytaxtı 2026" çərçivəsində Qazaxda silsilə yarışlar, turnirlər, çempionatlar keçirilməkdədir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə daha bir çempionata start verilib. Yunan-Roma və sərbəst güləş üzrə U15 ölkə birinciliyi pəhləvanlar yurdu Qazaxda keçirilib. 2026-cı ilin İdman Paytaxtı martın 11-dən 14-dək azyaşlı yeniyetmələrin əzmkar və maraqlı mübarizəsinə şahidlik edəcək. 10.03.2026-cı il tarixdə ölkə birinciliyi üçün 620 nəfər idmançı Qazax rayonuna səfər edərək çempionata qatılıb. U15 ölkə birinciliyində 2011-2012-ci il təvəllüdlü oğlanlar mübarizə aparacaqlar. Ölkə birinciliyində I, II, III yerləri tutmuş idmançılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom, medal və Azərbaycan Güləş Federasiyası tərəfindən hədiyyələrlə mükafatlandırılacaqlar. Qazax Olimpiya İdman Kompleksində keçirilən ölkə birinciliyinin ilk günündə sərbəst güləş üzrə 6 çəkidə finalçılar müəyyənləşib. Gündüz seansında 38, 41, 44, 48, 52 və 57 kq-da müxtəlif mərhələlər üzrə mübarizə baş tutub.
Martın 11-də Qazax Olimpiya İdman Kompleksində keçirilən açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev, Azərbaycan Respublikasının İdman ustası və Əməkdar məşqçisi, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov, Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, yunan-Roma güləşi idman növü üzrə Dünya Çempionatlarının və Olimpiya Oyunlarının Çempionu Fərid Mansurov, digər tanınmış idmançılar, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, idarənin əməkdaşları, məşqçi müəllimlərin yetirmələri, Bakı Dövlət Universiteti Qazax filialının, Qazax Dövlət Sosial-İqtisadi Kollecin tələbələri, Qazax rayonu üzrə təhsil sektorunun hərbi və idman müəllimləri, məktəblilər, rayonun yaşayış məntəqələrindən dəvət olunmuş rayon sakinləri, KİV nümayəndələri iştirak ediblər.
Tədbirin aparıcısı, Gəncə basketbol və voleybol klubunun mətbuat katibi Azad Mustafayev çempionatı açıq elan edərək iştirakçılara uğurlar arzulayıb, 2026-cı ilin İdman Paytaxtı olan Qazaxda olmaqdan və idmançıları salamlamaqdan qürur duyduğunu bildirib.
Açılış mərasimində Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla ehtiramla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qonaqları, idmançıları və tədbir iştirakçılarını salamlayıb, Qərbin qapısı sayılan Qazaxda görməkdən məmnunluq duyduğunu söyləyib. İcra başçısı Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonumuz üçün mühüm əhəmiyyət daşıdığını bir daha vurğulayaraq səmimi ürək sözlərini səsləndirib. Rayon rəhbəri Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinə və açılış mərasimində iştirakına görə Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbova bir daha razılığını ifadə edib. İcra başçısı Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb. İcra başçısı Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən bu çempionatın bu istiqamətdə atılmış nümunəvi addımlardan biri olduğunu söyləyib. Bu gündən Qazaxda start götürən sərbəst və yunan-Roma güləşi üzrə U15 ölkə birinciliyinin keçirilməsinə görə Azərbaycan Güləş Federasiyasının prezidenti Mikayıl Cabbarov başda olmaqla, federasiyanın əməkdaşlarına, bugünkü çempionatın təşkilində əziyyəti olan hər kəsə minnətdarlığını bildirib. Ölkəmizdə idmanın inkişafı istiqamətində görülmüş işlərə görə ölkə Prezidenti İlham Əliyevə rayon ictimaiyyəti, eləcə də bütün idmançılar adından razılığını ifadə edib.
Azərbaycan Respublikasının İdman ustası və Əməkdar məşqçisi, Azərbaycan Ağırlıqqaldırma Federasiyasının vitse-prezidenti Firdovsi Umudov çıxış edərək idmançılara uğurlar arzulayıb. “Qazax şəhərinin 2026-cı il üçün İdman Paytaxtı seçilməsi hər bir idmançını sevindirdi. Bu günlərdə idman paytaxtının açılış mərasimi oldu, idman paradı təşkil olundu. Qazax artıq yarışlara, turnirlərə, çempionatlara ev sahibliyi edir, qazaxlılarımız qürur dolu anlar yaşayırlar. Bu gün bu çempionatda iştirak edən gənc idmançılarımız gələcəkdə ölkəmizi beynəlxalq yarışlarda təmsil edəcəklər”, - deyə F.Umudov səmimi ürək sözlərini bölüşüb. Ölkəmizdə idmana, idmançılara göstərilən dövlət qayğısının Qazaxda olduğu kimi davam etdirilməsinə görə rayon rəhbərliyinə razılığını ifadə edib.
Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, yunan-Roma güləşi idman növü üzrə Dünya Çempionatlarının və Olimpiya Oyunlarının Çempionu Fərid Mansurov çıxış edərək idmançıları salamlayıb və onlara uğurlar arzulayıb. F.Mansurov ölkəmizdə, bölgələrimizdə idmançılar üçün yaradılan şəraitdən, Olimpiya İdman Komplekslərinin inşasından söz açıb. Bu gün çempionatda iştirak edən idmançılarımızın gələcəkdə Azərbaycanın adını daim ucaldacaqlarını, bayrağımızı daha da yüksəklərdə dalğalandıracaqlarını bildirib.
Azərbaycan Güləş Federasiyasının baş katibi Pərvin Piriyev çıxış edərək idmançılara uğurlar arzulayıb. Natiq Qazaxın saz, söz adamları, ziyalılarla yanaşı, idmançıları ilə də tanındığını qeyd edib. Azərbaycan Güləş Federasiyası olaraq çempionatın yüksək səviyyədə təşkil olunması üçün var qüvvələri ilə çalışdıqlarını vurğulayıb. P.Piriyev bugünkü çempionatın belə yüksək səviyyədə keçirilməsində göstərdiyi dəstəyə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.
Rəqs qrupunun bir-birindən rəngarəng rəqs nümunələri açılış mərasiminə xoş ovqat bəxş edib. Gənc skripkaçı Müjgan Məhərrəmovanın nümunəvi çıxışları alqışlarla qarşılanıb.
Sonra tədbirin yarış hissəsinə start verilib. Bu gün yarışan və qalib olan güləşçilər sabah keçirilən final yarışında iştirak edəcəklər. Ölkə birinciliyi martın 14-dək davam edəcək.







