Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda “Zəngin mənəviyyata sahib əsl ziyalı, qayğıkeş ana, vəfalı ömür yoldaşı” adlı tədbir keçirilib

28 aprel 2025 | 20:23

Aprelin 28-də Qazax Rayon İcra Hakimiyyəti və Qazax Rayon Heydər Əliyev Mərkəzinin birgə təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, ictimai-siyasi xadim, akademik Zərifə Əliyevanın anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Zəngin mənəviyyata sahib əsl ziyalı, qayğıkeş ana, vəfalı ömür yoldaşı” adlı tədbir keçirilib. 

Qazax Rayon Heydər Əliyev Mərkəzində təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, təhsil, mədəniyyət, səhiyyə müəssisələrinin direktor və əməkdaşları iştirak ediblər.

Tədbirdə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin, akademik Zərifə Əliyevanın və respublikamızın ərazi bütövlüyü, suverenliyi uğrunda canlarını fəda etmiş şəhidlərin əziz xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra akademik Zərifə xanım Əliyevaya həsr olunmuş film nümayiş etdirilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Həsənova bildirib ki, bu gün görkəmli oftalmoloq alim, akademik Zərifə Əliyevanın anadan olmasından 102 il ötür. Zərifə xanım Əliyevanın həyat fəlsəfəsi, mənəvi dünyası, oftalmologiya elminin inkişafındakı xidmətləri o qədər zəngin və çoxcəhətlidir ki, onun fəaliyyətinə nəzər salarkən, bir daha bu dahi insanın genişmiqyaslı şəxsiyyət olması qənaətinə gəlmək olur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir. Onun elmi, tibbi və pedaqoji fəaliyyəti, hər kəs üçün örnək olan yüksək mənəvi keyfiyyətləri haqqında çoxsaylı məqalə, kitab və əsərlər yazılıb və yazılacaq. Çünki Zərifə xanım Əliyevanın zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı olub. Bu gün Zərifə xanımın ruhu şaddır ki, Prezident İlham Əliyev böyük öndərin layiqli davamçısı kimi Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi yolunda nəhəng işlər görür. Biz fəxr edirik ki, onun böyüdüb tərbiyə etdiyi, bu gün Azərbaycanın Prezidenti olan İlham Əliyev özünün yorulmaz və əzmkar fəaliyyəti, böyük zəhməti və doğma Vətənə sonsuz sədaqəti sayəsində ölkəmizin bütün dünyada lider dövlətə çevrilməsini təmin edir. Vətənə, valideynlərinə yüksək məhəbbət hissi bəsləyən, milli ruha, yüksək mənəvi keyfiyyətlərə malik uşaqların böyüyüb boya-başa çatması, tərbiyə alması hər valideynin, ailənin arzusudur. Bu gün onun müqəddəs ailə çırağını iki gözəl övladı, nəvələri yandırır. Bu gün xalqa xidmət amalını bir ailə ənənəsi kimi yaşadan Prezident İlham Əliyev Zərifə xanımı dərin ehtiramla xatırlayaraq demişdir: “Onun bütün fəaliyyəti, gördüyü bütün işlər insan amilinə dayanırdı. Çünki O, həm peşəkar həkim, eyni zamanda, çox xeyirxah insan idi. Zərifə xanım böyük lider, Ulu Öndər Heydər Əliyevin ömür-gün yoldaşı idi. Bütün işlərdə ona dayaq olurdu, onu dəstəkləyirdi. Hər bir insan üçün valideynləri əziz və müqəddəsdir. Mən çox xoşbəxtəm ki, Zərifə xanım kimi anam olmuşdur”. Zərifə xanım Əliyeva bu gün də onu tanıyanların qəlbində qayğıkеş, mehriban ana, sədaqətli ömür yoldaşı, istedadlı alim, bacarıqlı həkim, etibarlı dost, səmimi insan kimi yaşayır. Müdriklər deyirlər ki, çox vaxt insanın dünyaya gəldiyi fəsil onun təbiəti ilə uyğunluq yaradır. Bu baxımdan, Onu nur və həyat rəmzi də adlandırmaq olar. Çünki O, təbiətin oyandığı, torpağın canlandığı, istinin və işığın artdığı bir fəsildə dünyaya göz açmışdı. O, elə insan idi ki, bir dəfə ünsiyyətdə olanlar onu ömrü boyu unuda bilmirdilər. Bu böyük şəxsiyyət elə ilk andan onunla ünsiyyətdə olanların yaddaşında yüksək vətəndaşlıq, humanizm və ürək saflığının mücəssəməsi kimi əbədi qalırdı. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi. O, sevib seçdiyi, ömrünü həsr etdiyi sənəti ilə bu istedadını tam gerçəkləşdirə bilmişdi. Ömrü vəfa etsəydi ətrafındakılara daim nur, eləcə də, yaşamaq və həyat eşqi bəxş edəcəkdi. Ailəsinə sevgisi, peşəsinə bağlılığı, həyat eşqi və üzündəki təbəssüm onu tərk etmədi. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq, qədirbilən xalqımızın qəlbində yaşayacaqdır.

Qazax Rayon Heydər Əliyev Mərkəzinin direktoru Ceyhunə Hüseynova çıxış edərək bildirib ki, bu gün aprelin 28-i görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın doğum günüdür. Zərifə xanım Əliyeva müasir, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, bütün mənalı ömrünü Vətəninin və xalqının tərəqqisinə həsr etmiş dahi şəxsiyyətin - Ümummilli Lider Heydər Əliyevin vəfalı ömür-gün yoldaşı, sədaqətli dostu və etibarlı silahdaşı, Ümummilli Liderin siyasi kursunu bu gün də uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev kimi müdrik dövlət xadimini yetişdirmiş qayğıkeş ana olub. Akademik Zərifə Əliyevanın xatirəsini xalqımız daim dərin hörmətlə anır.  Bugünkü  tədbirimiz də Azərbaycanın görkəmli ictimai xadimi Zərifə xanım Əliyevanın parlaq xatirəsinə həsr olunub.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsdə həkim oftalmoloq Rahilə Əhmədova çıxış edərək görkəmli oftalmoloq-alim Zərifə Əliyevanın zəngin elmi irsindən və fəaliyyətinin müxtəlif dövrlərindən bəhs edib. Bildirib ki, akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. Sıravi həkimlikdən akademik zirvəsinə ucalan Zərifə xanım Əliyevanın əhatəli elmi fəaliyyəti ölkəmizdə tibb sahəsinin inkişafına mühüm töhfələr vermiş və bununla  milli oftalmologiya elmi məktəbinin əsası qoyulmuşdur. Zərifə xanım Əliyeva təkcə çoxşaxəli elmi-tədqiqat işləri aparmaqla kifayətlənməyib, yüksəkixtisaslı gənc alim kadrların yetişdirilməsinə və oftalmoloq-həkimlərin ixtisaslarının artırılması işinə də xüsusi diqqət yetirib. Bütün bu uğurların kökündə isə akademik Zərifə Əliyevanın aldığı həyat dərsi dayanırdı. Çoxşaxəli, gərgin fəaliyyətinə baxmayaraq, Zərifə xanım Əliyeva həmişə qadın incəliyini və zərifliyini qoruyub saxlaya bilmiş, özünün parlaq şəxsiyyətində əsl Azərbaycan xanımının keyfiyyətlərini yaşatmışdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev həyatda qazandığı böyük uğurlarda Zərifə xanımın diqqət və qayğısının mühüm əhəmiyyətini yüksək qiymətləndirirdi. Bu iki parlaq şəxsiyyətin ailə həyatı bütün cəmiyyət üçün nümunədir. Bu adların hər biri qürur, iftixar mənbəyidir. 

“Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun direktoru Səadət Əliyeva çıxış edərək bildirib ki, Zərifə xanım Əliyeva tədqiqat üçün elmi mövzular seçərkən məsələlərə milli və dövlətçilik maraqlarından yanaşırdı. Onun namizədlik dissertasiyası o dövrdə oftalmologiya üçün aktual sayılan traxoma ilə mübarizəyə həsr edilmişdir. Azərbaycanda traxomanın aradan qaldırılması məsələsində Zərifə Əliyevanın araşdırmaları əvəzsiz rol oynamışdır. Zərifə xanımın elmi fəaliyyəti çoxcəhətli idi. Özünün qısa, lakin qeyri-adi dərəcədə parlaq həyatı boyunca O, saysız-hesabsız elmi kitablar və monoqrafiyalar çap etdirmişdir. Onun əsərləri arasında həkimlər üçün bir neçə tədris vəsaiti, metodik göstərişlər mühüm yer tuturdu. O, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü seçilən ilk qadın oftalmoloq idi. Zərifə xanım Azərbaycan xalqının, Azərbaycan elminin, Azərbaycan oftalmologiyasının iftixarı idi. Eyni zamanda, Zərifə xanım qeyri-adi dərəcədə təvazökar və ciddi insan idi. Zərifə xanım istedadlı alim, gözəl təşkilatçı, əvəzsiz pedoqoq, nəcib həkim, sadaqətli və etibarlı yoldaş kimi hər bir Azərbaycan qadınına nümunədir.

Qazax şəhər Qaratel Hacımahmudova adına ümumi orta məktəbin Azərbaycan dili və Ədəbiyyat müəllimi Flora Əmirova çıxış edərək bildirib ki, Zərifə xanım Əliyeva təkcə görkəmli alim, istedadlı pedaqoq, fəal ictimai xadim deyildi, həm də kövrək qəlbli insan, qayğıkeş və sevimli qadın, ana, nənə, qeyri-adi şəxsiyyət idi. Onun şəxsiyyəti ictimai və fərdiliyin bir vəhdəti idi. İşiniin çoxluğuna baxmayaraq Zərifə xanım həm də ailə qayğıları ilə yaşayırdı. Elmi dərəcəsi, sadəliyi və həyata vurğunluğu ilə seçilirdi. Xeyir və xeyirxahlıq Zərifə xanımın xarakterinin məğzində idi. Zərifə xanım gördüyü gözəllikləri özünün könül dünyasına həkk edərdi. Respublikamızda və onun hüdudlarından kənarda hamı Zərifə xanımı əməkdar elm xadimi, akademik, tibb elmləri doktoru, görkəmli oftalmoloq kimi tanıyır, ancaq O, hələ uşaq vaxtlarından musiqi ilə məşğul olurdu, gözəl piano çalırdı. Zərifə xanım öz təbiətinin bütövlüyü ilə hamını heyran qoyurdu. Onun insanlara məhəbbəti qeyri-adi dərəcədə hüdudsuz idi. Bu, bəlkə də ilahi bir sevgi, fitri istedad idi. Zərifə xanım xoşbəxt bir ömür yaşadı. Bu ömür onun özündən də çox, insanlara, işə və zamana lazım idi.

Keçidlər