Qazaxın Aslanbəyli kəndində Vətən müharibəsi şəhidi kiçik çavuş Sərxan Mustafayevin və bütün kənd şəhidlərinin xatirəsini əbədiləşdirən “Şəhidlər bulağı”nın açılışı olub
"Torpaq, uğrunda ölən varsa, Vətəndir!” deyib atalarımız. İllərdir bu düşüncə ilə böyüdü igid, mərd oğullarımız. Vətənə olan sonsuz sevgi sayəsində qəhrəman oğullarımız torpaq uğrunda düşünmədən canlarından keçərək Şəhidlik adlı zirvəni fəth etdilər. Vətən həsrətini, niskilini çəkən vətənpərvər oğullarımız Müzəffər Ali Baş Komandan İlham Əliyevin “İrəli!” əmrini layiqincə yerinə yetirərək 30 illik həsrətdən sonra doğma Qarabağımızı, Şuşamızı bizə geri qaytardılar. İstər Birinci Qarabağ, istər Aprel döyüşləri, istər İyul döyüşləri, istərsə də 44 günlük Vətən müharibəsində igid oğullarımız qanları, canları bahasına adlarını hərb tariximizə qızıl hərflərlə əbədi həkk etdilər. Və ən əsası da sübut etdilər ki, Azərbaycan torpağının hər qarışı bizim üçün doğmadır, əzizdir, müqəddəsdir, bölünməzdir, torpaqdan heç vaxt pay verilə bilməz. Tarix yazan oğullarımız özlərindən sonra gələcək nəsillərə bu amalı, bu düşüncəni miras qoydular.
Torpaq, yurd uğrunda döyüşə atılan igid oğullarımız minlərlədir. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman yüksək səviyyədə olub. Qazaxlılar da hər zaman öz şəhidləri ilə fəxr edib, onlarla qürur duyur. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonu Vətən torpaqlarının ərazi bütövlüyü uğrunda Birinci Qarabağ müharibəsində 284 nəfər, Aprel döyüşlərində 3 nəfər, İyul döyüşlərində 1 nəfər, 44 günlük Vətən müharibəsində 51 nəfər olmaqla, 339 nəfər şəhid verib. 7 nəfər igid oğlu Azərbaycanın Milli Qəhrəmanı adını alıb.
Aslanbəyli kəndinin qəhrəman oğulları da döyüşlərdə hər zaman öz sözlərini deməyi bacarıb, yağı düşmənə göz açmağa imkan verməyiblər. Torpaq sevgisi onları daim döyüş meydanına səsləyib. Bu qəhrəman kənd Birinci Qarabağ müharibəsində 17 nəfər, Aprel döyüşlərində 1 nəfər, Vətən müharibəsində 1 nəfər olmaqla, 19 nəfər şəhid verib. Bu gün nəinki Qazax rayonunda, eləcə də rayonun bütün kəndlərində şəhidlərimizin xatirəsi daim əziz tutulur, adlarının əbədiləşdirilməsi istiqamətində mühüm işlər görülür.
Aslanbəyli kəndinin igid övladları, 2002-ci ilin məzunları da 20 illikləri münasibətilə hər kəsə örnək olacaq bir addım atıblar. Kəndin girəcəyində Vətən müharibəsi şəhidi, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş, kiçik çavuş Mustafayev Sərxan İslam oğlunun, eləcə də Birinci Qarabağ müharibəsində və Aprel döyüşlərində şəhid olan igid Vətən oğullarının xatirəsini əbədiləşdirən “Şəhidlər bulağı” inşa etdiriblər. Qəhrəman şəhidlərimizə olan hörmət və ehtiramlarını bu yolla çatdırıblar.
İyulun 5-də sözügedən həmin bulağın açılışı olub. Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, Azərbaycan Respublikası "Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyi”nin Qazax rayon filialının, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin sədrləri və üzvləri, Birinci Qarabağ və Vətən müharibəsi qaziləri, iştirakçıları, şəhid ailələri, Aslanbəyli kənd tam orta məktəbin müəllim-şagird kollektivi, kənd ağsaqqalları, ziyalılar iştirak ediblər.
Şəhidlərin adına tikilmiş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, gül dəstələri düzülüb.
Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax "Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarından keçən Vətən oğullarının və qəhrəman şəhidimizin ruhlarına yasin oxuyub, əziz xatirələri ehtiramla yad edilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək şəhid ailələrini, qaziləri, tədbir iştirakçılarını salamlayıb, iştiraklarına görə razılığını bildirib. İcra başçısı şəhidlərimizə Allahdan rəhmət diləyib, əziz xatirəsini ehtiramla yad edib, səmimi ürək sözlərini çatdırıb. Bulağın inşasına görə 2002-ci ilin məzunlarına və əziyyəti keçən insanlara şəhid ailələri adından minnətdarlığını bildirib. 44 günlük Vətən müharibəsindən söz açan icra başçısı Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti, şanlı ordumuzun rəşadəti, xalqımızın birliyi, həmrəyliyi, dəmir yumruq ətrafında birləşməsi sayəsində, şəhidlərimizin canı, qanı, qazilərimizin sağlamlığı bahasına torpaqlarımızın işğaldan azad edildiyini, tarixi Qələbə qazandığımızı vurğulayıb. 44 günlük haqq savaşında tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu söyləyib.
“Şəhidlərimizi tək əlamətdar günlərdə, bayramlarda deyil, hər zaman yad etməliyik. Bu, hər birimizin vəzifə borcu olmalıdır”, - deyən rayon rəhbəri ölkə başçısının şəhidlərimizlə, qazilərimizlə bağlı dövlət siyasətinin Qazaxda uğurla həyata keçirilməsi üçün ilk gündən əlindən gələni əsirgəmədiyini qeyd edib. “Bu gün bu torpağın üzərində baş dik gəziriksə, buna görə Birinci Qarabağ və Vətən müharibəsində canlarını fəda edən şəhidlərə, sağlamlığını Vətən yolunda itirən qazilərə borcluyuq”, - deyən icra başçısı igid, qəhrəman oğullarımızla hər bir Azərbaycan vətəndaşının fəxr edib, qürur duyduğunu söyləyib. İcra başçısı açılışına toplaşdığımız bulağı şəhidlərimizin adının əbədiləşdirilməsi istiqamətində atılan uğurlu addımlardan biri kimi dəyərləndirib. Bildirib ki, bu cür bulağın inşa olunmasında əsas məqsəd şəhidlərimizi gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın qarşısından keçən, suyundan içən hər kəs şəhidin ruhuna dua oxumaqla bərabər, həm də onu tanımış olacaq. Sonda bir daha bulağın ərsəyə gəlməsində əməyi keçən insanlara razılığını ifadə edib.
Azərbaycan Yazıçılar Birliyi Qazax Zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək canlarını Vətən yolunda fəda edən şəhidlərimizə Allahdan rəhmət diləyib, qazilərimizə cansağlığı arzu edib. B.Vüsal qeyd edib ki, bu gün bir ziyalı olaraq qürur duyuruq ki, Vətən uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi Qazaxda da əziz tutulur. “Müzəffər Ali Baş Komandanı İlham Əliyev olan ordumuz sonunda mütləq Qələbə qazanmalı idi. Biz xalq olaraq buna hər zaman əmin idik. Şanlı ordumuz Qələbə çalmaqla bütün dünyaya göstərdi ki, Azərbaycan xalqına daim qalib olmaq yaraşır. Bu qalibiyyətə görə şəhidlərimizə, qazilərimizə borcluyuq”, - deyən B.Vüsal igid Vətən oğulları ilə qürur duyduğunu dilə gətirib. Şəhidlərin xatirəsinə yazdığı şeirini səsləndirən B.Vüsal sonda onları bir daha ehtiramla yad edib.
Vətən müharibəsi şəhidi Nicat Nəsibovun atası Səməd Nəsibov çıxış edərək şəhid ailələrinə göstərilən dövlət qayğısından söz açıb. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə göstərilən qayğını Qazax rayonunda ailəsinin timsalında daim hiss etdiyini qeyd edib. Əlamətdar günlərdə, bayramlarda, bulaq açılışlarında, şəhidlərin doğum günlərində yad olunduğunu, dövlət qayğısının rayon rəhbərliyi tərəfindən də olduğu kimi həyata keçirildiyini bildirib. “Bz şəhid ailələri dövlət qayğısını hiss edəndə, övladlarımızın yad olunduğunu görəndə bu, bizim üçün təsəlli olur. Bilirik ki, övladlarımız unudulmayıb, daim yad olunur və olunacaq da”, - deyən şəhid atası buna görə şəhid ailələri adından razılığını ifadə edib.
Aslanbəyli kənd tam orta məktəbin Ədəbiyyat müəllimi Lətifə Əliyeva çıxış edərək şəhid ailələri qarşısında baş əydiyini söyləyib. Qürur yerimiz olan şəhidlərin ən ali məqama – Şəhidlik zirvəsinə ucaldıqlarını və bizim qəlbimizdə əbədi yaşayacaqlarını bildirib.
Aslanbəyli kənd tam orta məktəbin Tarix müəllimi, kəndin axundu Asif Seyidov çıxış edərək bu gün şəhidlərimizin ruhunun şad olduğunu, onların qanı bahasına azad edilmiş torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağının dalğalandığını, həmin torpaqlarda genişmiqyaslı abadlıq işlərinin aparıldığını söyləyib. Şəhidlərin adını yaşadan məzunlara bu nümunəvi təşəbbüslərinə görə kənd sakinləri adından təşəkkürünü çatdırıb.
Qaymaqlı kənd folklor evinin müdiri Kazım Kazımlı çıxış edərək Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun qüdrəti sayəsində 30 illik Vətən həsrətinə son qoyulduğunu və bunu xalqımızın qürurla xatırladığını qeyd edib. Şəhidlərimizə həsr etdiyi şeirləri ilə əziz xatirələrini ehtiramla anıb.
Vətən müharibəsi şəhidi, kiçik çavuş Sərxan Mustafayevin atası İslam Mustafayev çıxış edərək oğlu ilə fəxr etdiyini bildirib. O, Vətən uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyib. Şəhid ailəsi kimi onlara göstərilən diqqət və qayğıya görə razılığını bildirərək ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlıq edib. Övladının şəhid olduğu gündən daim yad olunmasını Sərxanın timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Şəhid atası 20 illik məzunlara, bulağın tikilməsində, ərsəyə gəlməsində əziyyəti keçən insanlara, açılış mərasimində iştirak edənlərə ailəsi adından təşəkkürünü çatdırıb.
Aslanbəyli kənd tam orta məktəbin 9-cu sinif şagirdi Məhəmməd Qaravəliyev sonda “Qarabağ” adlı şeiri ilə şəhidlərimizin əziz xatirəsini bir daha yad edib.
Daha sonra rayon rəhbəri və qonaqlar igid Vətən oğlunun evinə gələrək şəhidimizə bir daha Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.