Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxın Qarapapaq kəndində Birinci Qarabağ müharibəsi şəhidi Nəsimi Hüseynovun xatirəsinə inşa edilmiş bulağın açılışı olub

07 noyabr 2022 | 16:00

Bütün yüksəkliklərdən ucada dayanan bir zirvə var: Şəhidlik zirvəsi. Bu zirvəyə qalxmaq, o yüksək zirvəni fəth etmək isə hər kəsə nəsib olmur. Yalnız müqəddəs amallar uğrunda vuruşan, qorxu nə olduğunu bilməyən, Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, ləyaqətli, qeyrətli oğullar yüksələ bilirlər bu müqəddəs zirvəyə. Bu yüksəkliyə ucalan insanlar ölmürlər, əksinə ölümləri ilə bir əbədilik qazanırlar. Əbədilik qazanan şəhidlərimizin keçdiyi ömür yolu, qəhrəmanlıqları, Vətənə olan sevgiləri illər ötsə belə dillər dastanı olacaq. Çünki müqəddəs amal uğrunda şəhid olmaqla əbədiyyətə qovuşan bütün igidlərimizin keçdikləri döyüş yolu davamçıları üçün bir örnəkdir. Belə şərəfli ömür sahiblərini xatırlamaq, daim yad etmək, onların qəhrəmanlıqlarını gənc nəsillərə çatdırmaq isə hər birimizin müqəddəs borcudur. Bu gün Azərbaycanın elə bir bölgəsi, elə bir kəndi tapılmaz ki, orada bir şəhid məzarı olmasın. Vətənpərvərlik hissi, döyüş ruhu qazaxlı gənclərdə də hər zaman olub. Bu gün Ermənistanla 168 km sərhədi olan Qazaxda torpaqlarımızın ərazi bütövlüyü uğrunda 344 nəfər igid Vətən oğlu şəhid olub. 7 nəfər Azərbaycanın Milli Qəhrəmanı adını alıb. Vətənin dar günündə döyüşə atılan Qazaxın igid, mərd oğulları 44 günlük Vətən müharibəsində də bunu bir daha sübut etdilər. 44 günlük haqq savaşında Qazaxın 52 nəfər qəhrəman oğlu Vətən, yurd, torpaq naminə canından keçdi. Və bir daha nümayiş etdirdilər ki, "Torpaq, əgər uğrunda ölən varsa, Vətəndir” şüarı ilə müqəddəs amal uğrunda döyüşə atılan və düşmənə sinə gərən Qazaxın qeyrətli oğulları hər zaman olub, bu gün də var, sabah da olacaq...

Qazax rayonunun Qarapapaq kəndi də hər zaman qeyrətli oğulları ilə tanınıb. Bu kəndin igid oğulları istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsində torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçməyi hər zaman gözə almış, bu yolda ən uca məqama yüksəlmişlər.

Torpaqlarımızın ərazi bütövlüyünü canından üstün tutan bu cür oğullarımızdan biri də Birinci Qarabağ müharibəsi şəhidi Hüseynov Nəsimi Sarı oğludur. Bu gün Nəsimi kimi igid oğullarla bütöv Azərbaycan fəxr edib, qürur duyur. 

Qazaxda bütün şəhidlərimizin, Şəhidlik zirvəsinə yüksələn qəhrəman Vətən oğullarının adlarını yaşatmaq, onları gələcək nəsillərə tanıtmaq üçün həyata keçirilən məqsədyönlü tədbirlər Qarapapaq kəndində də nümunə götürülür. Bütün şəhidlərimiz kimi Nəsimi Hüseynovun da adı əbədiləşdirilib.

8 Noyabr – Zəfər Günü ərəfəsində igid Vətən oğlunun xatirəsinə inşa edilmiş bulağın açılışı olub.

Noyabrın 7-də baş tutan açılış mərasimində Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, rayonun Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin ailələri, müharibə iştirakçıları və əlilləri, ağsaqqallar, ziyalılar, kənd sakinləri, KİV nümayəndələri iştirak ediblər. 

Qəhrəman şəhidin xatirəsinə inşa olunmuş bulağın açılışını bildirən qırmızı lent kəsilərək üzərindəki ağ örtük qaldırılıb, önünə tər qərənfillər düzülüb.

Qazax şəhər "Cümə” məscidinin imamı Zaur Budaqov torpaqlarımız uğrunda canlarından keçən Vətən oğullarının ruhlarına yasin oxuyub, şəhidlərimizin əziz xatirələri ehtiramla yad edilib.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək  tədbir iştirakçılarını, şəhid ailələrini, müharibə əlillərini rayon rəhbərliyinin adından salamlayıb, 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik edib, səmimi ürək sözlərini bölüşüb. Tədbir iştirakçılarına, xüsusilə də şəhid ailələrinə dəvəti qəbul edib şəhidin adını əbədiləşdirən bulağın açılışında iştirak etdiklərinə görə minnətdarlığını bildirib. Bulağın inşasında əziyyəti olan hər kəsə təşəkkürünü çatdırıb. Rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən Qazaxda şəhidlərin adlarının əbədiləşdirilməsi, onların gələcək nəsillərə tanıdılması istiqamətində görülən işlərdən danışan M.Alıyev həmin işlərin bu gün də davam etdirildiyini qeyd edib. Bunun əyani sübutu olaraq şəhərin mərkəzində bütün şəhidlərin xatirəsini əbədiləşdirən Şəhidlər xiyabanının salınmasını, 44 günlük Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış “Qarabağ Azərbaycandır!” Abidə Kompleksini, rayonun kəndlərində olan Şəhidlər xiyabanlarında abadlıq işlərinin aparılmasını göstərib. M.Alıyev 44 günlük savaşda əldə etdiyimiz şanlı Qələbəyə görə, bu gün qürurla qeyd etdiyimiz Zəfər Gününə görə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu söyləyib. Bildirib ki, bu cür bulaqların inşa olunmasında əsas məqsəd şəhidlərimizi yad etməklə yanaşı, adlarını əbədiləşdirmək və gələcək nəsillərə tanıtmaqdır. Çünki bulağın suyundan içən hər kəs şəhidlərin ruhuna dua oxumaqla bərabər, həm də onları tanımış olur. Respublika Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhidlərimizə, şəhid ailələrinə göstərilən qayğıdan, hörmət və ehtiramdan danışan M.Alıyev həmin qayğının Qazaxda da hər zaman nümunə götürüldüyünü bildirib. Şəhid ailələrinə hər zaman xüsusi qayğı göstərildiyini, bu sahədə məqsədyönlü işlər görüldüyünü qeyd edib. Şəhidlərimizə, qazilərimizə, onların ailə üzvlərinə olan qayğının bundan sonra da yüksək səviyyədə olacağını vurğulayıb. 

Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Müzəffər Ali Baş Komandan İlham Əliyev başda olmaqla, xalqımızı və tədbirə toplaşanları Zəfər bayramı münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Zəfər Günü ərəfəsində rayonda, eləcə də kəndlərdə şəhidlərimizlə bağlı keçirilən tədbirlərdə iştirak etməyin qürurunu yaşadığını qeyd edib. B.Vüasl bildirib ki, Müzəffər Ali Baş Komandanın da söylədiyi kimi, biz qalib xalqıq və qürur dolu anlar yaşamağa layiqiq. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva, rayon rəhbərliyi tərəfindən şəhid ailələrinə qazilərə göstərilən qayğıya görə minnətdarlığını bildirib. Şəhidlərimizə həsr etdiyi şeiri ilə igid Vətən oğullarının əziz xatirəsini ehtiramla anıb.              

Təqaüdçü müəllim Məsud Nəbiyev, Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin direktrou Şəhla Bayramova, məktəbin tarix müəllimi Aygün Musayeva çıxış edərək şəhidimizə Allahdan rəhmət diləyiblər. İgid Vətən oğlunun xatirəsinə inşa edilmiş bulağın ərsəyə gəlməsində əməyi keçən insanlara minnətdarlıqlarını bildiriblər.

Sonra Əli Əhmədov adına Qarapapaq kənd ümumi orta məktəbin 8-ci sinif şagirdi Tapdıq Tanrıverdiyev “Şəhidlər”, 4-cü sinif şagirdləri Aysu Musayeva Elçin İslamoğlunun “Zəfər günün mübarək”, Fatimə Həsənli Sübhan Kamaloğlunun “Biz qayıtdıq əziz Şuşa”, 7-ci sinif şagirdi Ayşən Tanrıverdiyeva Murad Ənvəroğlunun “Şəhidim” şeirini səsləndiriblər.

Keçidlər