Qazaxın sərhəd kəndi olan Cəfərlidə sakinlərlə səyyar görüş keçirilib
Bu gün birmənalı şəkildə qeyd edə bilərik ki, müstəqil Azərbaycanımızda ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi altında yürüdülən dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir. Bu, ölkə rəhbərinin icra hakimiyyəti başçıları, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşləri zamanı dövlət məmurları haqqında səsləndirdiyi fikirlərdən, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələrdən də aydın şəkildə görünür. Dövlət başçısının ölkəmizdə insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun əsas götürülməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi yerinə yetirilir. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə cari ilin mart ayından başlayaraq Qazax Rayon İcra Hakimiyyətinin başçısı tərəfindən şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da məhz bu məqsədə xidmət edir.
Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq keçirilən növbəti səyyar görüşlərdən biri iyunun 16-da Qazaxın sərhəddə yerləşən Cəfərli kəndində olub. Rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, kənd sakinlərinin iştirak etdiyi görüşdə ölkə rəhbəri tərəfindən vətəndaşlara göstərilən diqqət və qayğıdan, əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində görülmüş işlərdən söhbət açılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək sakinləri salamlayıb, səmimi ürək sözlərini çatdırıb. "Uzun fasilədən, pandemiyadan sonra sizlərlə ilk səyyar görüşümüzdür”, - deyən icra başçısı keçirilən görüşün məqsəd və əhəmiyyətindən danışıb. Şəhərdə, eləcə də kəndlərdə keçirilən səyyar görüşlərin bir məqsədə - vətəndaşları narahat edən məsələlərin həllinə yönəldiyini bildirib. Qeyd edib ki, ən əsası da kənddəki mövcud vəziyyəti öyrənərək həlli mümkün olan məsələləri operativ şəkildə yerindəcə həll etmək, ehtiyac olduğu halda isə aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırmaqdır. İcra başçısı fəaliyyətə başladığı ilk gündən bütün sərhəd kəndlərini, o cümlədən də Cəfərli kəndini, burada yaşayan sakinləri diqqətdə saxladığını qeyd edib.
Sərhəddə yerləşən Cəfərli kəndində yaşayan sakinlərin mərdliyindən, qorxmazlığından söz açan icra başçısı onların mətinliyini, dəyanətini yüksək qiymətləndirib. Qəhrəman kəndin Birinci Qarabağ mühharibəsində 2 nəfər, 44 günlük Vətən müharibəsində 1 nəfər şəhid verdiyini bildirib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan və cəmi 44 günə Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində Cəfərli kəndindən 36 nəfərin iştirak etdiyini, onlardan 10 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. Həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri şücaətdən, qazanılan tarixi Qələbədən söz açan icra başçısı illər ötsə belə şanlı zəfərimizin heç zaman unudulmayacağını qeyd edib. Rayon rəhbəri şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. 44 günlük savaşda respublikamızın hər yerindən olduğu kimi, Qazaxdan da 51 nəfər igid Vətən oğlunun Şəhidlik zirvəsinə ucaldığını bildirib. Ölümündən sonra "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif olunmuş, Cəfərli kəndinin qəhrəman oğlu şəhid leytenant Nəsibov Nicat Qəşəm oğlunun göstərdiyi şücaətin gələcək nəsillərə örnək olacağını vurğulayıb.
İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
Son illər rayonun bütün kəndlərində olduğu kimi, Cəfərli kəndində 4 ədəd subartezian quyusunun qazıldığını, ümumilikdə bu gün kənddə 7 ədəd subartezian quyusunun sakinlərin ixtiyarında olduğunu bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib. Bütün kəndlərdə, o cümlədən də Cəfərli kəndində mövcud olan sudan qənaətlə, səmərəli istifadə edilməsi üçün gündüz və gecə növbəliyinin təşkil olunduğunu, suvarma ilə bağlı reydlər aparıldığını vurğulayıb.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün Cəfərlidə SİP kabelləşmə işinin başa çatdırıldığını qeyd edib. Kənddə 13 nəfərə telefon, 56 nəfərə internet xəttinin çəkildiyini, onlardan 1 nəfərin şəhid ailəsi, 1 nəfərin isə müharibə əlili olduğunu bildirib. Optik internet xəttinin çəkilməsi sahəsində görüləcək işlərin bundan sonra da davam etdiriləcəyini söyləyib. Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 7 nəfərin “Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 1 nəfərin şəhid ailəsi, 1 nəfərin müharibə əlili, 5 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.
İcra başçısı rayonun bütün kəndlərində olduğu kimi, Cəfərli kəndində də abadlıq işlərinin aparıldığını, vətəndaşlar tərəfindən səslənən məsələlərin zamanla aradan qaldırıldığını bildirib. Ötən illər ərzində kəndin yolunun yenidən asfaltlanması, kənddə uşaq bağçasının təmir olunması ilə bağlı müraciətlərin müsbət həllini tapdığını vurğulayıb. İcra başçısı rayonda şəhər və kəndlər üzrə mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən 21-nin yüksək səviyyədə təmir olunduğunu, həmin təmirli bağçalardan birinin də məhz Cəfərli kənd Uşaq bağçası olduğunu söyləyib.
Rayon rəhbəri Qazax Rayon İcra Hakimiyyəti və Rayon Polis Şöbəsi olaraq narkomaniya, onun törətdiyi fəsadlar və bu sahədə aparılan mübarizəyə dair tədbirlərin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işdə səfərbər olmasını tövsiyə edib. Erkən nikah, onun qarşısının alınması sahəsində görülən işlərdən danışan rayon rəhbəri bu işdə valideynlə yanaşı, müəllimlərin də üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. İcra başçısı iyun ayının əvvəlindən bu günə kimi rayonda 4 nəfər azyaşlı qıza toy mərasiminin keçirilməsinin qarşısının alındığını, hətta Kosalar kənd icra nümayəndəsinin sözügedən hadisə ilə əlaqədar vaxtında aidiyyəti üzrə məlumat vermədiyi üçün tutduğu vəzifədən azad edildiyini bildirib. İstər narkomaniya, istərsə də erkən nikaha qarşı hər kəsin barışmaz mövqedə olmalı olduğunu, mübarizə aparmalı olduğumuzu qeyd edib.
Sonra icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb.
Sakinlərdən ağsaqqal Seyfəddin Vəliyev, Mehman Nəbiyev və başqaları çıxış edərək onlarla görüşə gəldiyinə, sərhəd kəndində yaşayan sakinlərə daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Son illər rayonda, o cümlədən də Cəfərli kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuğun onlar yaşayan kənddən də yan keçmədiyini bildiriblər. Cəfərli kənd uşaq bağçasının təmirini, kəndin yolunun yenidən asfaltlanmasını, eləcə də digər görülən işləri yüksək qiymətləndiriblər. Xüsusilə də uzun illərdən sonra kəndə yeni asfalt yolun çəkilməsini bu gün də razılıq hissi ilə qarşıladıqlarını qeyd ediblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə bütün kənd sakinləri adından bir daha dərin minnətdarlıqlarını bildiriblər.
Səmimi söhbət əsasında keçən görüşdə minnətdarlıqla yanaşı, sakinlər onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərdən Mehman Yusifovun kənd ərazisində yerləşən bulağa gedən 2 km uzunluğunda yolun qum-çınqılla təmir olunması, Məhəmməd Mustafayevin 50 ailənin içməli və məişət suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə kənddə mövcud olan subartezian quyusundan 270 metr məsafədə yerləşən su çəninə xəttin çəkilməsi, İsə İsəyevin kənddə arpa sahələrinin biçini zamanı kombaynların verilməsinə köməklik göstərilməsi ilə bağlı müraciətlərini dinləyən rayon rəhbəri səslənən hər bir məsələyə diqqətlə baxılacağını, həssaslıqla yanaşılacağını bildirib.