Şriftin ölçüsü :

Saytın rəngi :

“Sağlam həyat vərdişləri” mövzusunda təşkil olunmuş ASAPES Yay Məktəbinin iştirakçıları artıq Qazax rayonundadır

21 avqust 2023 | 16:00

Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin (GİN) dəstəyi, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) təşkilatçılığı ilə baş tutan “Sağlam həyat vərdişləri” mövzusunda ASAPES Yay Məktəbinin iştirakçıları artıq Qazax rayonundadır.

Yay Məktəbi 20-26 avqust tarixlərində Qazax Olimpiya İdman Kompleksində təşkil olunub. Yay Məktəbində Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ADBTİA), Bakı Dövlət Universitetinin (BDU), Azərbaycan Dillər Universitetinin (ADU), Bakı Ali Neft Məktəbinin (BANM), Bakı Mühəndislik Universitetinin (BMU), Azərbaycan Tibb Universitetinin (ATU), Azərbaycan Texniki Universitetinin (AzTU), Bakı Musiqi Akademiyasının (BMA), Azərbaycan Dövlət İqtisadi Universitetinin (UNEC) tələbələri olmaqla, ümumlikdə, 65 nəfər gənc iştirak edir.

Yay Məktəbinin keçirilməsində məqsəd “Əylənərək öyrənirik” prinsipi əsasında gənclərin qeyri-formal təhsil alətləri vasitəsilə fərdi və peşəkar inkişafına dəstək olmaqdır.

Avqustun 21-də Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova ASAPES Yay Məktəbinin iştirakçıları ilə görüşüblər.

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev gəncləri rayon rəhbərliyinin adından salamlayıb, Qərbin qapısı, şairlər, aşıqlar yurdu olan Qazaxda onlarla görüşməkdən məmnunluğunu bildirib. Birinci müavin gənclərə rayonun tarixi, keçmişi, bu günü, tarixi şəxsiyyətləri, sosial-iqtisadi göstəriciləri, kənd təsərrüfatı, istehsal və sənaye müəssisələri haqqında dolğun və əhatəli məlumat verib. Elm, təhsil, mədəniyyət sahəsində əldə edilən nailiyyətlərdən, qazanılan uğurlardan söz açıb.

“Əziz gənclər siz bizim gələcəyimizsiniz. Siz gənclər xoşbəxtsiniz ki, əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan uğurlu gənclər siyasəti həyata keçirilir. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən gələcəyimiz olan siz gənclərə böyük diqqət və qayğı göstərilir. Siz gənclərin müstəqil Azərbaycanın parlaq gələcəyi naminə layiqli bir vətəndaş kimi yetişməyiniz üçün dövlət olaraq bütün imkanlardan istifadə olunur”, - deyən birinci müavin təşkil olunmuş Yay Məktəbini həmin qayğının davamı kimi qiymətləndirib. “Əziz gənclər müstəqil Azərbaycanımızın gələcəyi sizlərin əlindədir. Biz xalq olaraq siz gənclərlə fəxr edirik”, - deyən birinci müavin onlara gələcək fəaliyyətlərində uğurlar arzulayıb. Qərbin qapısı sayılan Qazaxda təşkil olunmuş Yay Məktəbinə görə Azərbaycan Respublikasının Gənclər və İdman naziri Fərid Qayıbov, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının rektoru Fuad Hacıyev  başda olmaqla, əməyi keçən insanlara minnətdarlığını bildirib.

Səmimi söhbət əsasında keçən görüşdə Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının Tədrisin təşkili üzrə prorektoru Rafail Novruzov, İdmanın oyun növləri kafedrasının müdiri İlqar Əliyev, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Cəmilə İsmayılzadə, eləcə də gənclər onlara göstərilən qonaqpərvərliyə və bu gün vaxt tapıb onlarla görüşə gəldiyinə görə rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Bu gün ölkəmizdə əsası Ulu Öndər tərəfindən qoyulmuş gənclər siyasətinin ölkə Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən uğurla davam etdirildiyini, gənclərin bu qayğını bütün sahələrdə hiss etdiklərini söyləyiblər. Tələbələr Yay Məktəbinin onların həyatında dərin izlər buraxacağını, onlara yeni dostlar qazandıracağını vurğulayıblar. Onlara yaradılan bu gözəl imkana görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Gənclər və İdman naziri Fərid Qayıbova, nazirliyin əməkdaşlarına, ADBTİA-nın rektoru Fuad Hacıyevə, Yay Məktəbinin təşkilində əziyyəti olan insanlara minnətdarlıqlarını bildiriblər.

Keçidlər