Şəhid atasının etdiyi müraciət cavabsız qalmadı
"Arkoz Qazax Sement Zavodu” MMC-dən daha bir nümunəvi addım
Fəaliyyətə başladığı ilk gündən tikinti sektorunda fərqlənməyi qarşıya məqsəd qoyan "Arkoz Qazax Sement Zavodu” MMC (əvvəlki adı "Qazax Sement Zavodu” MMC) Azərbaycanın iri sement istehsalçılarından biri olaraq illərdir ki, böyük layihələrə imza atır. Zavod fəaliyyəti dövründə öz xeyirxah əməlləri ilə hər zaman seçilir, rayonda görülən işlərə öz töhfəsini verir. Zavodda çalışan Daş Salahlı kənd sakini Asif Əfəndiyevin yaşadığı evin yanması ilə bağlı onlara dəstək olunması, evin yenidən qurulması, eləcə də həyata keçirilən bir sıra bu kimi işlər bunun bariz nümunəsidir.
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman örnək götürülür. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrini, yaralılarımızı, qazilərimizi ziyarət edir, qayğıları ilə maraqlanır.
Təqdirəlayiq haldır ki, rayonda fəaliyyət göstərən "Arkoz Qazax Sement Zavodu” MMC də dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğını hər zaman öz fəaliyyətində nümunə götürür. Xeyirxah əməllərini davam etdirərək öz ənənəsinə sadiq qalan zavod rəhbərliyi şəhid ailələrinə, qazilərimizə daim diqqət və qayğı göstərir, onların sosial problemlərinin, qayğılarının həlli istiqamətində nümunəvi addımlar atır. Bu qayğının nəticəsidir ki, bu gün zavodda xeyli sayda şəhid ailəsinin üzvləri çalışır.
Zavod tərəfindən 44 günlük Vətən müharibəsi şəhidi kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun ata ocağının, müharibə iştirakçıları (MAHHXHQ) Qurbanov Cavanşir Arif oğlunun, Məmmədov Mehman Rafiq oğlunun evlərinin təmiri ilə bağlı köməklik göstərilməsi bu dediklərimizin əyani sübutudur. Bundan əlavə, Daş Salahlı kəndində yerləşən Şəhidlər Xiyabanına gedən yola yeni asfalt örtüyünün vurulması, Qazaxbəyli kəndində 3-cü dərəcəli Vətən müharibəsi əlili (MAHHXHQ) Rəhimov Fəqan Fazil oğlunun, Qarapapaq kəndində 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış gizir Əhmədov Elvin Qələndər oğlunun evinin əsaslı şəkildə yenidən qurulması Zavod tərəfindən həyata keçirilən nümunəvi işlərdir.
Öz ənənəsinə sadiq qalaraq xeyirxah əməllərə imza atan "Arkoz Qazax Sement Zavodu” MMC nümunəvi işlərini bu gün də davam etdirir. Belə ki, zavod rəhbərliyi bu dəfə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri Abdullayev Sərxan Elxan oğlunun ailəsinin səsinə səs verdi. 2 övladı xəstə olan şəhidimizin atasının zavod və rayon rəhbərliyinə etdiyi müraciət cavabsız qalmadı.
Bəli, bu gün "Arkoz Qazax Sement Zavodu” MMC tərəfindən şəhidimizin ailəsi üçün yeni ev tikilir. Bu gün şəhidimizin ruhu şaddır ki, onun ailəsi dövlətin qayğısı ilə əhatə olunub.
İyunun 24-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, "Arkoz Qazax Sement Zavodu” MMC-nin Hüquq məsələləri üzrə direktor müavini Hikmət Əliyev, İnzibati işlər və nəzarət üzrə direktor müavini Nahid Salehov, Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov və digər əməkdaşlar şəhidimizin ailəsinə tikiləcək ev üçün ayrılmış ərazidə olublar. Yeni inşa ediləcək evin layihəsi ilə tanış olaraq görülməsi nəzərdə tutulan işlərlə maraqlanıblar. Rayon rəhbərliyinə məlumat verilib ki, hazırda yeni inşa olunacaq evin özül hissəsi tökülüb və qısa vaxtda hörgü işlərinə başlanılacaq. Yaxın zamanda şəhidimizin ailəsi üçün tikilən ev onun arzuladığı kimi inşa olunaraq ailə üzvlərinə təqdim olunacaq.
İcra başçısı Rəcəb Babaşov Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında onun dəmir yumuruğu ətrafında birləşərək 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan Sərxan Abdullayev və onun kimi igid oğullarımızla hər bir Azərbaycan vətəndaşının qürur duyduğunu söyləyib. Rayon rəhbəri istər Birinci Qarabağ, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər vaxtlarda Şəhidlik zirvəsinə ucalmış bütün şəhidlərimizin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib. İcra başçısı Zavodun fəaliyyətə başladığı ilk gündən rayonda bir çox layihələrə imza atdıqlarını bildirib. Bu nümunəvi təşəbbüsünə görə şəhid ailələri adından "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə və kollektivinə təşəkkürlərini çatdıran rayon rəhbəri bu cür layihələrin icra olunmasını ölkə başçısının yürütdüyü uğurlu dövlət siyasətinin davamı kimi qiymətləndirib.
"Arkoz Qazax Sement Zavodu” MMC-nin Hüquq məsələləri üzrə direktor müavini Hikmət Əliyev çıxış edərək zavod rəhbərliyi və kollektivi olaraq hər zaman ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri qayğını əldə rəhbər tutaraq bu sahədə, şəhid ailələri ilə bağlı sosial layihələrin icrasında töhfə verməyə çalışdıqlarını qeyd edib. "Arkoz Qazax Sement Zavodu” MMC olaraq dövlətin və ölkə başçısının yanında olduqlarını diqqətə çatdırıb.
Qazax Rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Sənan Əsədov Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri şəhid Sərxan Abdullayevin ailəsinə, eləcə də digər şəhid ailələrinə göstərdikləri qayğıya görə "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə minnətdarlığını bildirərək zavodun nümunəvi addımını yüksək qiymətləndirib.
Şəhid atası Elxan Abdullayev də öz növbəsində razılığını bildirib. “Şəhid övladımın bizlərə əmanət etdiyi övladlarının səhhətində yaranmış problemlə bağlı onların həyət evində yaşamaları üçün yeni evin inşa edilməsi ilə əlaqədar "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə müraciət etdim. Zavod kollektivinin şəhid ailələrinə qayğısını eşitmişdim. Bu gün isə şəhid övladımın ailəsinin timsalında bir daha şahidi oldum. Dövlətimin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını hər zaman hiss etmişik. Bu gün "Arkoz Qazax Sement Zavodu” MMC-nin bu nümunəvi addımı isə biz şəhid ailələrinə dövlətin növbəti qayğısı oldu. Qazaxda şəhid ailələrinə olan qayğının bu gün də davam etdirilməsi deməkdir. Bütün bunlara görə ölkə başçısına, Birinci vitse-prezidentə və "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyi başda olmaqla, bütün əməkdaşlarına şəhid ailəsi olaraq minnətdarlığımı bildirirəm”, - deyə şəhid atası ürək sözlərini səsləndirib.
Şəhidimizin həyat yoldaşı Cəmilə Abdullayeva da şəhid ailəsi kimi onlara göstərilən qayğıdan razılıq etdiyini söyləyib. Övladlarının səhhətində yaranmış vəziyyəti nəzərə alaraq onlar üçün yeni evin inşa olunmasına görə minnətdarlıq edib.