Şriftin ölçüsü :

Saytın rəngi :

Sentyabr ayı üzrə vətəndaşlarla keçirilən növbəti səyyar görüş Yuxarı Salahlı kəndində olub

14 sentyabr 2023 | 20:34

Prezident İlham Əliyev tərəfindən ölkəmizdə yürüdülən dövlət siyasətinin əsasında vətəndaş amili dayanır ki, bu, bütün sahələrdə öz əksini tapır. Eyni zamanda ölkə rəhbərinin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları barədə verdiyi tapşırıq və tövsiyələr onu söyləməyə əsas verir ki, bütün bunlar vətəndaş məmnunluğunun təmin edilməsinə xidmət edir.

Ölkə başçısının insanlara layiqli xidmət göstərilməsi, vətəndaş məmnunluğunun təmin edilməsi, vətəndaşların qayğılarına həssaslıqla yanaşılması, əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə şəhər və kəndlərdə keçirilən səyyar qəbullar da bu məqsədi daşıyır. 

Dövlət başçısının tapşırıq və tövsiyəsinə uyğun olaraq icra başçısının sentyabr ayında vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüşü Yuxarı Salahlı kəndində keçirilib. 

Sentyabrın 14-də Qazax rayon Zahid Mahmudov adına Yuxarı Salahlı kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə kənd sakinlərini narahat edən məsələlər dinlənilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, səmimi ürək sözlərini, xoş arzularını çatdırıb. Rayon rəhbəri qarşıdan gələn 15 Sentyabr - Bilik Günü münasibətilə müəllim-şagird kollektivini təbrik edib, yeni tədris ilində uğurlar arzulayıb. Rayon rəhbəri Yuxarı Salahlı kənd tam orta məktəbin məzunu olmuş, ali məktəbə qəbul imtahanında 655 bal toplayan Abdullayev Mahmud Habil oğlunun timsalında tələbə adını qazanan məzunları təbrik edib. İcra başçısı hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.

İcra başçısı bütün kəndlərdə olduğu kimi, Yuxarı Salahlı kəndində də hər zaman səslənən məsələlərə, fikirlərə həssaslıqla yanaşıldığını, ötən səyyar görüşlərdə qaldırılan məsələnin müsbət həllini tapdığını, yararsız vəziyyətdə olan elektrik dayaqlarının yerinə 9 ədəd yeni metal dayaq basdırıldığını və 400 metr uzunluğunda SİP kabel çəkildiyini bildirib. Rayon rəhbəri kənddə uşaq bağçası ilə bağlı aidiyyəti orqanlar qarşısında məsələ qaldırıldığını qeyd edib. Həlli vacib olan məsələlərdən arxların beton üzlüyə alınması ilə bağlı məsələnin gündəmdə olduğunu söyləyib. Rayon rəhbəri dövlət başçısının diqqət və qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda uğurla icra olunduğunu, Ağköynək, İkinci Şıxlı, Birinci Şıxlı, Yuxarı Salahlı kəndlərində kəndarası yolların asfaltlanmasının nəzərdə tutulduğunu qeyd edib.

Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Yuxarı Salahlı kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkildiyini bildirib. Rayonda əhalinin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq məqsədilə Yuxarı Salahlı kəndində yarımstansiyanın inşa olunmasının nəzərdə tutulduğunu qeyd edib.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində qazandığımız tarixi Qələbənin Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazıldığını qeyd edən icra başçısı illər ötsə belə bu zəfərin heç vaxt unudulmayacağını bildirib. Həmin müharibədə igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri şücaətdən söz açan icra başçısı gələcək nəsillərin həmin qəhrəmanlıqdan nümunə götürdüklərini söyləyib. Rayon rəhbəri Qazax rayonunun Yuxarı Salahlı kəndinin hər zaman qeyrətli oğulları ilə tanındığını, Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlayan gündən bu kəndin igid oğulları torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçməyi hər zaman gözə aldıqlarını, torpaqlarımızın ərazi bütövlüyü naminə aparılan müharibədə Yuxarı Salahlı kəndinin də şəhid verdiyini bildirib. Rayon rəhbəri Yuxarı Salahlı kəndinin igid oğullarının Aprel və İyul döyüşlərində, 44 günlük Vətən müharibəsində qəhrəmanlıq göstərdiklərini, bütün döyüşlərdə bu kəndin şəhid verdiyini bildirib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 11 nəfər, Aprel döyüşlərində 1 nəfər, İyul döyüşlərində 1 nəfər, Vətən müharibəsində 3 nəfər şəhid verdiyini bildirib. Birinci Qarabağ müharibəsində 2 nəfərin, Vətən müharibəsində 2 nəfərin sağlamlığını itirərək müharibə əlili olduğunu qeyd edib. 44 günlük Vətən müharibəsində Yuxarı Salahlı kəndindən 88 nəfərin iştirak etdiyini, onlardan 41 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu, 15 nəfərin döyüşlərdə yaralandığını qeyd edib. Qazaxda bütün şəhidlərimizin, Şəhidlik zirvəsinə yüksələn qəhrəman Vətən oğullarının adlarını yaşatmaq, onları gələcək nəsillərə tanıtmaq üçün həyata keçirilən məqsədyönlü tədbirlərin Yuxarı Salahlı kəndinin sakinləri, aktiv fəalları tərəfindən də örnək götürüldüyünü, bunun nəticəsidir ki, kənd fəalları və kənd bələdiyyəsi tərəfindən kənd şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi üçün bulaq-abidə kompleksinin inşa olunduğunu qeyd edib. Yuxarı Salahlı kəndinin girişində inşa edilən bulaq-abidə kompleksini şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda hər zaman nümunə götürüldüyünü bildirib. Rayonda bütün şəhidlərimizin, eləcə də Vətən müharibəsi şəhidlərinin daim yad olunacağını, şəhid ailələrinə olan qayğının bundan sonra da davam etdiriləcəyini vurğulayıb.

Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsindən söz açan icra başçısı qeyd edib ki, bunu Yuxarı Salahlı kəndinin timsalında da görmək olar. Rayon rəhbəri 2016-cı ildən bu yana Yuxarı Salahlı kəndində əkin sahəsinin 1072,5 hektardan 1304,4 hektara çatdırıldığını söyləyib. Rayon rəhbəri əkin sahələrinin suvarılması üçün istər subartezian quyularının qazılması, istərsə də arx və kanallarla bağlı Yuxarı Salahlı kəndində də xeyli işlər görüldüyünü bildirib. Son illər rayonun bütün kəndlərində olduğu kimi, Yuxarı Salahlı kəndində də subartezian quyusunun qazıldığını, bu gün kənddə 7 ədəd subartezian quyusunun sakinlərin ixtiyarında olduğunu bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib. 

Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Bu gün kənddə 35 nəfərin "Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 5 nəfərin şəhid ailəsinin üzvü, 7 nəfərin Vətən müharibəsi iştirakçısı, 23 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.

İcra başçısı vurğulayıb ki, ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğı Qazaxda da daim hiss olunur. Rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasıdır. Son dövrlər Heydər Əliyev Fondunun təşəbbüsü ilə "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulması, Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın inşa olunması, Elm və Təhsil Nazirliyi tərəfindən 964 şagird yerlik Qazax şəhər Səməd Vurğun adına 2 nömrəli tam orta məktəbin yenidən qurulması, Qazax rayon Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa edilməsi, Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Lisey binasının sökülərək yenidən tikilməsi, həmçinin, ADA Universitetinin "Bir müəllimin manifesti” layihəsi çərçivəsində milli təhsil sistemimizin başlanğıc nöqtəsi hesab edilən Qazax Müəllimlər Seminariyasının yenidən bərpa olunması və Qazax Müəllimlər Seminariyası ADA Universiteti Qazax Mərkəzi kimi fəaliyyətə başlaması Qazaxda təhsil sahəsinə olan yüksək dövlət qayğısının bariz nümunəsidir. Yuxarı Salahlı kənd tam orta məktəbin təmirli məktəblər sırasında olduğunu qeyd edən icra başçısı təhsil sahəsinə olan qayğının müqabilində müəllim və şagirdlərin üzərinə böyük məsuliyyət düşdüyünü, göstəricilərin daha yüksək olmasını qeyd edib.

Rayon rəhbəri narkomaniya və erkən nikahın törətdiyi fəsadlardan da danışıb, bu sahədə aparılan mübarizə tədbirlərinin gücləndirildiyini, mütəmadi olaraq rayonun ümumtəhsil məktəblərində narkomaniyaya həsr olunmuş silsilə maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıb. Narkomaniya və erkən nikahın qarşısının alınması istiqamətində görülmüş işlərdə, aparılan mübarizə tədbirlərində hər kəsin üzərinə məsuliyyət düşdüyünü bildirib. Gələcəyimiz olan gənclərin sağlam gələcəyi naminə hər kəsin bu işlərdə səfərbər olmasını tövsiyə edib.

“Bugünkü görüşün məqsədi siz vətəndaşları dinləməkdir”, - deyən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb. Kənd sakinlərindən Məhəmməd Vəkilov, Etibar Bayramov, Osman Mustafayev, Abdulla Məmmədov Qazax rayonunda, eləcə də rayonun kəndlərində görülən genişmiqyaslı işlərə görə ölkə başçısına və rayon rəhbərliyinə təşəkkürlərini çatdırıblar. Rayonda, o cümlədən Yuxarı Salahlı kəndində görülən işlərdən danışan sakinlər abadlıq və quruculuq işlərinə, sosial problemlərin müsbət həllini tapmasına görə Prezident İlham Əliyevə, rayon rəhbərliyinə bütün kənd sakinləri adından dərin minnətdarlıqlarını bildiriblər. Ölkəmizdə vətəndaşlara, şəhid ailələrinə, qazilərə göstərilən qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə razılıqlarını ifadə ediblər. Bu gün Yuxarı Salahlı kəndində olan görüşü kənd sakinlərinə göstərilən diqqət və qayğı kimi qiymətləndiriblər.

Sakinlərin Yuxarı Salahlı kəndi ərazisindən keçən 900 metr uzunluğunda olan sel ötürücü kanalın təmiri ilə əlaqədar müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib. Qeyd edilən məsələnin həlli istiqamətində lazımi addımların atıldığını, aidiyyəti quruma rəsmi məktub ünvanlandığını bildirib. 

Keçidlər