Sərbəst və yunan-Roma güləşi üzrə U15 ölkə birinciliyi pəhləvanlar yurdu Qazaxda keçiriləcək
Məlum olduğu kimi, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Kollegiyasının 16.12.2024-cü il tarixli 35 nömrəli qərarı ilə Qazax şəhəri 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” elan edilib.
Bu il martın 5-i təkcə Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi deyil, həm də "Qazax İdman paytaxtı 2026"nın açılış mərasimi ilə yadda qaldı. Həmin gün 5 Mart - Bədən Tərbiyəsi və İdman Günü münasibətilə Qazax şəhərində idman paradı və “İdman Paytaxtı”nın açılış mərasimi keçirildi. Qazax idman paytaxtının rəmzi açarını Qəbələdən təhvil aldı, daha sonra "Qazax İdman paytaxtı 2026"nın maskotu ictimaiyyətə təqdim olundu.
"Qazax İdman paytaxtı 2026" çərçivəsində Qazaxda silsilə yarışlar, turnirlər, çempionatlar keçiriləcəkdir.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə daha bir çempionata start verilib. Belə ki, sərbəst və yunan-Roma güləşi üzrə U15 ölkə birinciliyi pəhləvanlar yurdu Qazaxda keçiriləcək. 2026-cı ilin İdman Paytaxtı martın 11-dən 14-dək azyaşlı yeniyetmələrin əzmkar və maraqlı mübarizəsinə şahidlik edəcək.
U15 ölkə birinciliyində 2011-2012-ci il təvəllüdlü oğlanlar mübarizə aparacaqlar. Ölkə birinciliyində I, II, III yerləri tutmuş idmançılar Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən diplom, medal və Azərbaycan Güləş Federasiyası tərəfindən hədiyyələrlə mükafatlandırılacaqlar.
Qazaxlıları, idmansevərləri, ictimaiyyət nümayəndələrini martın 11-də Qazax Olimpiya İdman Kompleksinə gələrək ölkə birinciliyinin açılış mərasimində iştirak etməyə, çempionatın həyəcanını tribunadan yaşamağa və bu böyük güləş bayramının bir hissəsinə çevrilməyə dəvət edirik.
Məlumat üçün qeyd edək ki, artıq çempionatla bağlı hazırlıq işlərinə başlanılıb. Martın 6-da Qazax Rayon İcra Hakimiyyətində "Qazax İdman paytaxtı 2026" çərçivəsində keçiriləcək sərbəst və yunan-Roma güləşi üzrə U15 ölkə birinciliyinin açılış mərasimi ilə əlaqədar həyata keçiriləcək hazırlıq işləri, təşkilati işlər müzakirə olunub.
Görüşdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Qazax-Tovuz Regional Gənclər və İdman İdarəsinin rəisi Əziz Məsmalıyev, rayonda sərbəst və yunan-Roma güləş növləri üzrə fəaliyyət göstərən məktəblərin məşqçi müəllimləri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonumuz üçün mühüm əhəmiyyət daşıdığını bir daha vurğulayaraq səmimi ürək sözlərini səsləndirib. Rayon rəhbəri Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinə və açılış mərasimində iştirakına görə Azərbaycan Respublikası Gənclər və İdman naziri Fərid Qayıbova razılığını ifadə edib. İcra başçısı Qazax şəhərinin 2026-cı il üçün Azərbaycanın “İdman paytaxtı” seçilməsinin rayonda idmanın inkişafı istiqamətində mühüm töhfə verəcəyini vurğulayıb. Sərbəst və yunan-Roma güləşi üzrə U15 ölkə birinciliyinin Qazaxda keçirilməsini bu istiqamətdə atılmş nümunəvi addım kimi qiymətləndirib. Rayon rəhbəri "Qazax İdman paytaxtı 2026"nın açılış mərasiminin yüksək səviyyədə təşkil olunduğu kimi, U15 ölkə birinciliyinin də yüksək səviyyədə təşkil edilməsi üçün hər kəsin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib. İcra başçısı sözügedən birinciliyin də rayonumuzun adına layiq şəkildə yüksək səviyyədə təşkil olunmasını qeyd edərək bununla bağlı aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.







