Şriftin ölçüsü :

Saytın rəngi :

Sərhəd kəndi Qaymaqlıda əsaslı şəkildə təmir olunan kənd həkim məntəqəsi sakinlərin istifadəsinə verilib

26 dekabr 2022 | 20:15

Dekabrın 26-da Qazax rayonunun Qaymaqlı kəndində Beynəlxalq Qızıl Xaç Komitəsi tərəfindən əsaslı şəkildə təmir olunan həkim məntəqəsi sakinlərin istifadəsinə verilib.

Bu münasibətlə təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Beynəlxalq Qızıl Xaç Komitəsinin Bərdə Alt nümayəndəliyinin rəhbər müavini Valeria Gemello, Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) koordinasiya şöbəsinin koordinatoru Mahiyyəddin Mirzəyev, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidovun köməkçisi Akif Əmirov, “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin əməkdaşları, səhiyyə işçiləri, şəhid ailələri, müharibə əlilləri, kənd ağsaqqalları və ziyalıları iştirak ediblər.           

Rəmzi açılışı bildirən lent kəsildikdən sonra çıxışlar olub.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi təbriklərini çatdırıb. Qaymaqlı kənd həkim məntəqəsinin təmir olunmasını bayram ərəfəsində kənd sakinlərinə və məntəqədə çalışan işçilərə ən böyük töhfə olduğunu söyləyib. Beynəlxalq Qızıl Xaç Komitəsinin Qazaxda həyata keçirdiyi layihələrin ictimaiyyət tərəfindən yüksək qiymətləndirildiyini qeyd edib. Azərbaycanın ən ucqar rayonu olan Qazaxda, xüsusilə sərhəddə yerləşən Qaymaqlı kəndində həkim məntəqəsinin təmir olunmasının həmin nümunəvi işlərin davamı olduğunu vurğulayaraq və bu təşəbbüsünə görə Beynəlxalq Qızıl Xaç Komitəsinin rəhbərliyinə kənd sakinləri adından minnətdarlığını bildirib.

Beynəlxalq Qızıl Xaç Komitəsinin Bərdə Alt nümayəndəliyinin rəhbər müavini Valeria Gemello çıxış edərək nümayəndəliyin adından tədbir iştirakçılarını salamlayıb, səhiyyə ocağının təmirdən sonra sakinlərin istifadəsinə verilməsinə görə məmnunluq hissi duyduğunu vurğulayıb. Təmir müddətində göstərilən dəstəyə görə əməyi keçən insanlara nümayəndəlik adından təşəkkürünü çatdırıb. Təmir olunmuş kənd həkim məntəqəsində sakinlərə yüksək səviyyədə xidmət göstəriləcəyini söyləyib.

TƏBİB-in koordinasiya şöbəsinin koordinatoru Mahiyyəddin Mirzəyev çıxış edərək iştirakçıları salamlayıb, qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə səmimi təbriklərini çatdırıb. M.Mirzəyev 2021-ci il aprel ayının 1-dən İcbari Tibbi Sığortanın respublikamızda tam tətbiqinə başlanıldığını, ötən müddət ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin böyük uğurlara imza atdıqlarını bildirib. M.Mirzəyev 1992-ci ildə Beynəlxalq Qızıl Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin, eləcə də Bərdə və Ağdam ofislərinin açıldığını və fəaliyyətə başladıqları gündən bəri bir sıra uğurlu layihələrə imza atdıqlarını qeyd edib. Bu günə kimi ölkə üzrə 6 həkim məntəqəsini, bu gün isə Qazax rayonunda daha iki məntəqəni əsaslı şəkildə təmir etdiklərini diqqətə çatdırıb. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin rəhbərliyi adından Beynəlxalq Qızıl Xaç Komitəsinə və Azərbaycan nümayəndəliyinə minnətdarlığını bildirib.

“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Rəhbərlik etdiyi kollektiv və səhiyyə işçiləri adından Beynəlxalq Qızıl Xaç Komitəsinə və tədbirdə iştirak edən nümayəndələrinə xeyirxah təşəbbüslərinə, əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin artırılması istiqamətində atdıqları nümunəvi addımlarına görə minnətdarlıq edib. Beynəlxalq Qızıl Xaç Komitəsinin sifarişi ilə podratçı “Osman” MMC tərəfindən məntəqədə görülmüş işləri yüksək qiymətləndirən S.Məmmədova əməyi keçən hərə kəsə təşəkkürünü ifadə edib. Məntəqəyə müasir istilik sisteminin çəkildiyini, otaqların, sanitar qovşaqların günün tələblərinə cavab verən səviyyədə təmir edildiyini qeyd edib. Belə təmirli məntəqədə çalışan tibb işçilərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edərək əhaliyə keyfiyyətli tibbi xidmət göstərmək üçün var qüvvələri ilə çalışmalarını tövsiyə edib.

Qaymaqlı kənd Folklor evinin müdiri, şair Kazım Kazımlı kənd sakinlərinin adından çıxış edərək qonaqları salamlayıb, kənd həkim məntəqəsinin belə yüksək səviyyədə təmir edilərək sakinlərin istifadəsinə verilməsinə görə əziyyəti keçən hər kəsə razılığını bildirib.

Sonra tədbir iştirakçıları həkim məntəqəsinə baxış keçirib, yaradılan şəraitlə tanış olublar. Sonda xatirə şəkli çəkdirilib.

Keçidlər