Şriftin ölçüsü :

Saytın rəngi :

Sərhəddə yerləşən Kəmərli kəndindəki kəhriz təmirdən sonra sakinlərin istifadəsinə verilib

28 dekabr 2022 | 19:40

“Azərbaycanda kəhriz su sistemlərinin bərpası vasitəsilə məcburi köçkünlərin məskunlaşdığı ərazilərdə kənd yerlərinin inteqrə edilmiş inkişafı” layihəsi çərçivəsində Qazax rayonunun Kəmərli kəndi ərazisində yerləşən kəhriz əsaslı təmir edilərək sakinlərin istifadəsinə verilib.  

Koreya Beynəlxalq Əməkdaşlıq Agentliyinin maliyyə dəstəyi, Birləşmiş Millətlər Təşkilatının Miqrasiya Agentliyi olan Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı Nümayəndəliyinin (BMqT Azərbaycan) təşkilatçılığı ilə təmir edilən kəhriz kənd sakinlərinin içməli suya olan tələbatının ödənilməsində mühüm rol oynayacaq.

Dekabrın 28-də kərhrizin istifadəyə verilməsi münasibətilə təşkil olunmuş tədbirdə Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, Beynəlxalq Miqrasiya Təşkilatının (BMqT) Azərbaycandakı nümayəndəliyində Resursların İdarə edilməsi şöbəsinin müdiri Gülarə Hümbətova, baş mühəndis Arzu Musayev, BMqT-nin daxili və xarici əlaqələri üzrə məsul şəxs Elnara Qafarova, kənd sakinləri iştirak ediblər.

Qazax Rayon icra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev çıxış edərək tədbir iştirakçılarını və qonaqları rayon rəhbərliyinin adından salamlayıb, qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə təbrik edib, xoş arzularını çatdırıb. Birinci müavin Kəmərli kəndində əhalinin içməli su təminatının yaxşılaşdırılması istiqamətində mühüm işlər görüldüyünü qeyd edərək, bu gün kənddə olan kəhrizin təmir olunmasını həmin işlərin davamı kimi qiymətləndirib. Rayonun sərhəd kəndi olan Kəmərlidə kəhrizin təmir olunmasına görə Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycandakı nümayəndəliyinə, əziyyəti keçən insanlara kənd sakinləri adından minnətdarlığını bildirib.

Kənd sakinləri də içməli suya olan tələbatlarının ödənilməsi baxmından kənddə olan kəhrizin bərpa olunmasına görə razılıqlarını qeyd edərək əməyi keçən insanlara, təşkilat rəhbərlərinə təşəkkürlərini çatdırıblar.

Keçidlər