Şura gənclərinin Qazax rayonunda yerləşən dövlət müəssisələrinə ekskursiyası davam edir
Qazax Rayon İcra Hakimiyyəti yanında Gənclərin Yerli Məşvərət Şurasının üzvləri yenə də maraqlı təşəbbüsləri ilə fərqləniblər. Gənclər bu dəfə rayonda fəaliyyət göstərən dörd dövlət müəssisəsinə səfər edərək onların iş prinsipləri ilə yaxından tanış olublar.
Dekabrın 18-də baş tutan ekskursiyada Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatının Hüquq şöbəsində məsləhətçi Aqil Alıcanov, Şuranın sədri Pəri İbrahimova və şura üzvləri iştirak ediblər.
Səfər zamanı gənclər Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsi, Yeni Azərbaycan Partiyası Qazax Rayon Təşkilatı, Qazax Rayon Məhkəməsi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialında olublar.
Səfərin ilk dayanacağı olan Qazax Rayon Dövlət Yanğından Mühafizə Hissəsində gənclərə yanğınsöndürmə xidmətinin fəaliyyəti, texniki avadanlıqları və personalın hazırlıq səviyyəsi haqqında məlumat verilib. Onlara yanğınların qarşısının alınması və təcili vəziyyətlərdə görülən tədbirlər haqqında geniş təqdimat keçirilib. Gənclər həmçinin yanğın təhlükəsizliyi mövzusunda praktik tövsiyələr əldə ediblər.
YAP Qazax Rayon Təşkilatına səfər zamanı gənclərə Yeni Azərbaycan Partiyasının rayondakı fəaliyyəti barədə məlumat verilib. Onlara partiyanın gənclərlə iş prinsipləri, sosial layihələri və ölkənin inkişafında oynadığı rol izah edilib. Gənclər siyasi və ictimai sahədə iştirakın əhəmiyyəti barədə müzakirələrdə iştirak ediblər.
Qazax Rayon Məhkəməsinə səfər zamanı gənclərə məhkəmənin hüquqi prinsipləri, işlərin baxılma qaydası və şəffaflıqla bağlı görülən tədbirlər haqqında məlumat verilib. Onlar məhkəmə zalını ziyarət edərək proseslərin necə aparıldığı ilə yaxından tanış olublar. Həmçinin hüquqi biliklərin cəmiyyətin inkişafında rolu vurğulanıb.
Dövlət Məşğulluq Agentliyinin Qazax-Tovuz Regional Məşğulluq filialına səfər edən gənclərə məşğulluğun artırılması istiqamətində həyata keçirilən proqramlar, işsiz şəxslərin işlə təmin olunması və peşə hazırlığı kursları haqqında məlumat verilib. Onlar iş axtarışında olan gənclərə təqdim edilən imkanlar barədə suallarını ünvanlayıblar.
Bu ekskursiya zamanı gənclər hər bir müəssisənin fəaliyyət prinsiplərini öyrənməklə yanaşı, öz hüquqi, sosial və peşə biliklərini artırıblar. Dövlət strukturlarının iş şəraiti ilə tanış olmaq onlara həm idarəetmə proseslərini anlamaq, həm də gələcək karyera istiqamətlərini müəyyənləşdirməkdə kömək edib. Eyni zamanda, səfər zamanı gənclərin verdiyi təkliflər qarşılıqlı fikir mübadiləsinə töhfə verib.
Bu cür təşəbbüslər gənclərin bilik və bacarıqlarının artırılması, dövlət qurumları ilə əməkdaşlıq imkanlarının genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Şura üzvləri bu səfərdən razı qalaraq, gələcəkdə belə tədbirlərin daha çox təşkil olunmasını arzuladıqlarını ifadə ediblər.