Türkiyənin Gəncədəki Baş konsulu Qazaxda səfərdə olub
Dekabrın 13-də Türkiyənin Gəncə şəhərindəki Baş konsulu Recep Öztop Qazax rayonuna səfər edib. Baş konsul və konsulluğun əməkdaşları Qazax Rayon İcra Hakimiyyətində olub, rayon rəhbərliyi ilə görüşüblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov qonaqları salamlayıb, onları Qərbin qapısı sayılan Qazaxda qarşılamaqdan məmnunluq duyduğunu bildirib və səmimi ürək sözlərini çatdırıb. İcra başçısı Baş konsula Qazaxın tarixi, iqtisadiyyatı, mədəniyyəti, turizm potensialı, elm, təhsil sahəsindəki nailiyyətləri və s. barədə ətraflı məlumat verib. Qeyd edib ki, Qazaxda bütün sahələrin, xüsusilə də sənayenin, kənd təsərrüfatının, turizmin inkişafı üçün bütün imkanlar mövcuddur. İcra başçısı Baş konsula rayonda reallaşdırılan və gələcəkdə nəzərdə tutulan layihələr barədə də məlumat verib. İcra başçısı Azərbaycan-Türkiyə dostluğunun, qardaşlığının bütün dünya dövlətərinə bir nümunə olduğunu qeyd edib. Rayon rəhbəri bildirib ki, Ulu Öndərlər Heydər Əliyevin dediyi kimi, bir millət, iki dövlət olan Azərbaycan və Türkiyə Mustafa Kamal Atatürkün ifadə etdiyi kimi sevincli günlərdə də, kədərli günlərdə də daim bir-birinin yanındadır. Rayon rəhbəri qardaşlıq münasibətlərinin bu gün Azərbaycan Silahlı Qüvvələrinin Müzəffər Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən uğurla davam etdirildiyini qeyd edib. İcra başçısı vurğulayıb ki, bütün dünya 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində bir daha şahidi oldu ki, Azərbaycan-Türkiyə dostluğu və qardaşlığı əbədi və sarsılmazdır. Rayon rəhbəri cari ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ nəticəsində yaşanan faciənin, minlərlə insanın həyatını itirməsinin və yaralanmasının Azərbaycan xalqı tərəfindən dərin üzüntü ilə qarşılandığını bildirib. Təbii fəlakətin baş verməsinin ardından Azərbaycanın hər zaman olduğu kimi, ölkələrimiz və xalqlarımız arasında tarixi köklərə söykənən həmrəyliyin sarsılmazlığını bir daha nümayiş etdirdiyini, dərhal qardaş ölkəyə öz dəstəyini göstərdiyini söyləyib. Acı faciənin fəsadlarının aradan qaldırılması üçün Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişləri ilə təxirəsalınmaz tədbirlərin həyata keçirildiyini, qardaş Türkiyə xalqına humanitar yardım göstərildiyini, Qazax Rayon İcra Hakimiyyətinin, eləcə də qazaxlıların bu kampaniyaya qoşulduğunu, çətin günlərdə Türkiyə xalqının yanında olduğunu vurğulayıb. İcra başçısı sonda bir daha qeyd edib ki, iki qardaş ölkə bundan sonra da həmrəylik nümayiş etdirəcək, böyük uğurlar qazanaraq tarix yazacaq.
Baş konsul Recep Öztop Qazaxda olmaqdan məmnunluq duyduğunu söyləyib, ona göstərilən xoş münasibətə, qonaqpərvərliyə, Türkiyə dövlətinin, xalqının, eləcə də özünün ünvanına söylənilən xoş sözlərə görə rayon rəhbərliyinə minnətdarlığını bildirib. 44 günlük Vətən müharibəsindən söz açan Baş konsul müharibə zamanı həlak olan şəhidlərimizlə bağlı bir daha dərin hüznlə başsağlığı verib. Türkiyə ilə Azərbaycan arasındakı qardaşlığın ən gözəl nümunələrindən olan Gəncə şəhərindəki konsulluqda xidmətə başladığı üçün qürur duyduğunu bildirib. R.Öztop bugünədək fəaliyyəti dövründə iki qardaş ölkə arasında dostluq əlaqələrinin daha da möhkəmlənməsi naminə əlindən gələni əsirgəmədiyini söyləyib. İstər çətin, istərsə də xoş günlərdə Azərbaycan və Türkiyənin bir-birinin yanında olmasını minnətdarlıq və razılıqla qarşılayan Baş konsul bu qardaşlığın, dostluğun bütün dünya dövlətlərinə nümunə olduğunu söyləyib. 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Türkiyənin Azərbaycanın yanında olmasını, mənəvi dəstək göstərməsini, cari ilin fevral ayında Türkiyədə baş vermiş zəlzələ zamanı qardaş Azərbaycanın türk xalqının yanında olmasını, dəstək göstərməsini iki ölkə arasında olan qardaşlığın bariz nümunəsi kimi qiymətləndirib.
Daha sonra səfər çərçivəsində Baş konsul Recep Öztop rayonla yaxından tanış olub. Qazaxın şair və yazıçıları, tarixi şəxsiyyətləri haqqında məlumatı özündə əks etdirən Fəxri Qazaxlılar parkını, şəhərin mərkəzində torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin xatirəsini əbədiləşdirən Şəhidlər Xiyabanını, Qazax Tarix-Diyarşünaslıq Muzeyini, rayonun Daş Salahlı kəndində fəaliyyət göstərən “Arkoz Qazax Sement zavodu” MMC-ni, "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rayonun Daş Salahlı kəndində yerləşən Damcılı filialını, “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılan “Venzana” mebel fabrikini ziyarət edib.
Fəxri Qazaxlılar parkında olan qonaqlara büstü qoyulmuş şairlər, yazıçılar, aşıqlar, tarixi şəxsiyyətlər və park haqqında dolğun, ətraflı məlumatlar verilib.Baş konsul və rayon rəhbərliyi şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında şəhidlərin xatirəsinə ucaldılmış memorial önünə tər qərənfillər düzərək igid Vətən oğullarına olan ehtiramını bildiriblər. Qeyd edilib ki, Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Tovuz döyüşlərində, 44 günlük Vətən müharibəsində, sentyabr hadisələrində, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı, eləcə də torpaqlarımızın azadlığı uğrunda Qazax rayonu mənfur düşmənin apardığı müharibə nəticəsində ümumilikdə bu günə kimi 348 nəfər şəhid verib. Birinci Qarabağ müharibəsi şəhidlərindən 7 nəfərin Azərbaycanın Milli Qəhrəmanı adını aldığı qeyd olunub. 44 günlük haqq savaşında Qazaxın şəhid olan övladlarının adını əbədiləşdirmək məqsədilə “Qarabağ Azərbaycandır!” Abidə Kompleksinin yaradıldığı bildirilib.
Qazax Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq qonaqların böyük marağına səbəb olub. Bildirilib ki, 1984-cü ildə yaradılan muzey müasir tələblərə cavab verməyən birmərtəbəli binada fəaliyyət göstərirdi. Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının inşasına 2015-ci ilin noyabr ayında başlanılıb və 2016-cı ilin oktyabrında tikinti işləri başa çatdırılıb. Respublika Prezidenti İlham Əliyev 2016-cı il oktyabrın 19-da Qazax Tarix-Diyarşünaslıq Muzeyinin yeni binasının açılışını edib. Muzeyin birinci mərtəbəsində Ümummilli Lider Heydər Əliyevin və Prezident İlham Əliyevin fəaliyyətini əks etdirən fotolardan ibarət guşələr yaradılıb. Həmçinin, bu mərtəbədə Muzey barədə ümumi məlumat, təbiət, arxeologiya, qədim daş dövrü, orta əsrlər və "bəy evi” bölmələri var. Tarix-Diyarşünaslıq Muzeyinin ikinci mərtəbəsində olan gənclərə "Qazax xalça məktəbi”, "Etnoqrafiya və folklor”, "Qazax XIX-XXI əsrin əvvəllərində”, "Səməd Vurğun”, "Görkəmli şəxsiyyətlər”, "1929-1990-cı illər”, "Müasir dövr” və "Azərbaycan XXI əsrdə” bölmələri, Birinci Qarabağ və Vətən müharibəsi şəhidlərinin xatirəsinə yaradılmış guşə haqqında dolğun məlumatlar verilib. Burada Qazaxın qədimdən bu günədək keçdiyi inkişaf yolu, təbiəti, mədəniyyəti, adət-ənənəsi, məişəti, tanınmış insanları haqda olan məlumatlar və eksponatlar maraqla qarşılanıb. Binanın mansardasında isə iş otaqları, konfrans zalı, kitabxana, mətbəx və kafe yaradıldığı, muzey binasının müasir havalandırma sistemi və müşahidə kameraları ilə təchiz edildiyi diqqətə çatdırılıb.
Daş Salahlı kəndində yerləşən “Arkoz Qazax Sement zavodu” MMC ilə tanışlıq da qonaqlarda xoş təəssürat yaradıb. Zavodla yaxından tanış olan Baş konsula müəssisənin illik istehsal gücü, xammal bazası, ixracı, işçi qüvvəsi, əməkdaşlıq etdiyi ölkələr və yeni layihələr, zavodun fəaliyyət göstərdiyi müddətdə qazanılan uğur və nailiyyətlər, mükafatlar barədə ətraflı məlumat veriilb. “Arkoz Qazax Sement Zavodu” MMC-nin (əvvəlki adı “Qazax Sement Zavodu” MMC) “Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na uyğun olaraq Qazax rayonunun Daş Salahlı kəndində 2010-cu ilin mart ayında inşasına başlanıldığı, 5 iyul 2013-cü ildə ölkə Prezidenti İlham Əliyevin iştirakı ilə rəsmi açılışı olduğu və zavodun sement, klinker istehsalına başlanıldığı bildirilib. Qeyd olunub ki, istehsal gücü ilkin olaraq 2500 ton/gün klinker, sement istehsalı 1 000 000 ton/il olmuşdur. Hazırda zavodun istehsal gücü - sement istehsalı ildə 1,3 milyon ton, klinker istehsalı sutkada 3500 ton təşkil edir. Bu gün “Arkoz Qazax Sement Zavodu” MMC-də 615 nəfər daimi işlə təmin edilmişdir. Zavodun klinker istehsalı üçün əhəng daşı və gil hasilatı yüksək keyfiyyətlə və müasir texnikalar vasitəsilə həyata keçirilir. Həmçinin, xammalın, klinker və sement istehsalı proseslərində ən müasir texnika və texnologiyalardan istifadə edilir.
Sonra qonaqlar "Avey” Dövlət Tarix-Mədəniyyət Qoruğunun rayonun Daş Salahlı kəndində yerləşən Damcılı filialında olublar. Daş Salahlı kəndindəki Damcılı mağarası ilə tanışlıq qonaqlarda zəngin təəssüratlar yaradıb. Bildirilib ki, Damcılı mağarası - mağara-düşərgə olub, Qazax rayonunun Daş Salahlı kəndindən Xram çayına qədər uzanan Aveydağın Cənub-Şərqində, əhəng qayalığın altındadır. Aveydağ mağaralar qrupundan ən irisidir. Sahəsi 360 kv.m-dir. Yarımdairəvi şəkildədir. Qabaq hissəsi dağılmışdır. Qarşı tərəfdən hündürlüyü 4 metrdir. Təbii çatlardan süzülən su damcılarına görə damcılı adlandırılmışdır. Arxeoloji qazıntılar zamanı qarışıq təbəqədən nukleuslar, itiuclu, qaşov, bıçaqvari alətlər, lövhəşəkilli bıçaqlar, ox ucluqları, biz və s. tapılmışdır. Bundan əlavə, gənclərə bildirilib ki, 2015-ci ildən başlayaraq Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə “Avey” Dövlət Tarix-Mədəniyyət qoruğu, AMEA-nın Arxeologiya və Etnoqrafiya İnsitutu, Yaponiyanın Tokio Muzey Universiteti arasında imzalanmış 3 tərəfli beynəlxalq Memoranduma əsasən hər il filialda qazıntı işləri aparılıb.
“Venzana” mebel fabrikində olan qonaqlara məlumat verilib ki, fabrik “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılıb. “Saloğlu” müəssisəsi 2000-ci ildən mebel istehsalı və satışı sahəsində fəaliyyət göstərir. İstehsal olunan məhsullar daxili bazarın tələbatını ödəməklə yanaşı, həm də ixrac edilir. Daxili bazarda mebellər müəssisənin öz mağazalarında və bir çox rayonlarda yerləşən nümayəndəliklərdə istehlakçılara təklif olunur. Hazırda müəssisədə 450 nəfər işlə təmin olunub. “Saloğlu” müəssisəsi dünyanın aparıcı mebel şirkətləri ilə sıx əməkdaşlıq edir, mebel istehsalı sahəsində innovativ həllərin, qabaqcıl texnologiyaların və iş təcrübəsinin Azərbaycana gətirilməsi istiqamətində çalışır və tətbiq edir. Bildirilib ki, “Saloğlu” mebel istehsalı müəssisəsinin nəzdində yaradılan “Venzana” mebel fabrikinin təməli Prezident İlham Əliyevin 2016-cı ildə Qazax rayonuna səfəri çərçivəsində qoyulub. Cari ilin 7 avqust tarixində ölkə başçısı fabrikin açılışında iştirak edib. Müəssisədə istehsal olunan mebellərin daxili bazarla yanaşı, Rusiya, Qazaxıstan, Gürcüstan, Almaniya və digər ölkələrə ixracı nəzərdə tutulur. Fabrik tam fəaliyyətə başladıqdan sonra “Saloğlu” fərdi firmasında ümumilikdə 600 işçi çalışacaq.
Rayonla yaxından tanış olan Baş konsul ona göstərilən qonaqpərvərlikdən razılığını ifadə edərək rayon rəhbərliyinə minnətdarlığını bildirib və Qazaxdan xoş təəssüratlarla ayrıldığını qeyd edib.