Ümummilli Lider Heydər Əliyevin anım günü ilə əlaqədar abidəsi və adını daşıyan mərkəz ziyarət olunub
Azərbycanın böyük oğlu, millət atası Ulu Öndər Heydər Əliyevin vəfatından 19 il ötməsinə baxmayaraq Dahi şəxsiyyətin xatirəsi hər zaman böyük hörmət və ehtiramla yad edilir.
Azərbaycan xalqının görkəmli oğlu, müstəqil dövlət quruculuğunda gördüyü işləri ilə əbədiyaşarlıq qazanmış Ümummilli Lider Heydər Əliyev illər ötsə belə qədirbilən azərbaycanlıların qəlbində əbədi yaşayır və bndan sonra da yaşayacaq. Dahi şəxsiyyətin hələ neçə nəsillərə örnək olacaq həyatını və siyasi fəaliyyətini təbliğ etmək, Azərbaycanın müstəqilliyi və suverenliyi uğrunda apardığı mübarizələri, göstərdiyi fədakarlıqları, Ulu Öndər məfkurəsini, müəllifi olduğu azərbaycançılıq ideologiyasını və siyasi irsini təbliğ etmək isə hər birimizin borcu olmalıdır.
Dekabrın 5-də Avey Dövlət Tarix Mədəniyyət Qoruğunun, Şəmkir Regional Qaz İstismar İdarəsi Qazax Xidmət Sahəsinin, Qazax Magistral Qaz Kəmərləri Sahəsinin, 107 saylı Qazax Seçki Dairəsinin, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının rəhbər və əməkdaşları, Bakı Dövlət Universitetinin Qazax filialının və Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbələri Ulu Öndər Heydər Əliyevin anım günü ilə əlaqədar abidəsini və adını daşıyan mərkəzi ziyarət ediblər.
Ziyarətçilər əvvəlcə Dahi rəhbərin abidəsi önünə gül dəstəsi düzüb əziz xatirəsini ehtiramla anıblar. Azərbaycanın dövlətçilik salnaməsində silinməz izlər qoymuş Heydər Əliyevin zəngin və çoxşaxəli irsini, həyat və siyasi fəaliyyətini təbliğ edən muzeyi ekskursiya ediblər. Azərbaycanın hərtərəfli tərəqqisi yolunda tarixi xidmətlər göstərən fenomenal şəxsiyyətə həsr edilmiş kitab sərgisi ilə tanış olublar. Ekspozisiya zalında yerləşdirilmiş monitorda ziyarətçilərə Mərkəzin əməkdaşları tərəfindən hazırlanmış film nümayiş etdirilib.
Bugünkü ziyarət zamanı “Heydər Əliyev və tarixi irsimiz”, “Heydər Əliyev və Azərbaycanın neft strategiyası”, “Heydər Əliyev müstəqilliyimizin memarı” mövzularında mühazirələr dinlənilib. Mərkəzin əməkdaşları ziyarətçilərə Heydər Əliyevin fəal diplomatiyası sayəsində çoxşaxəli və yorulmaz fəaliyyətindən, dünyanın aparıcı dövlətlərinin, təşkilatlarının ölkəmizə, onun zorla cəlb edildiyi silahlı münaqişəyə münasibətinin əsaslı surətdə dəyişməsinə nail olmasından, beynəlxalq hüquq normaları çərçivəsində dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi istiqamətində gördüyü işlərdən, formalaşdırdığı və inkişaf etdirdiyi azərbaycançılıq məfkurəsindən, öz müdrik rəhbərliyi, qətiyyəti, əzmkarlığı ilə Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirməsindən və gücləndirməsindən danışıblar.