Şriftin ölçüsü :

Saytın rəngi :

“Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda tədbir keçirilib

26 may 2023 | 18:42

Mayın 26-da “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon  təşkilatı, Qazax Rayon Gənclər və İdman İdarəsi, Qazax Dövlət Sosial-İqtisadi Kolleci ərazi partiya təşkilatının birgə təşkilatçılığı ilə 28 May – Müstəqillik Gününə həsr olunmuş “Ümummilli Lider Heydər Əliyevin şah əsəri olan müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir” mövzusunda tədbir keçirilib.

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladlarımızın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini-İctimai siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək tədbir iştirakçılarını rayon rəhbərliyinin adından salamlayıb, səmimi ürək sözlərini çatdırıb. G.Həsənova çıxışı zamanı  bildirib ki, ruhu azad olan bir milləti heç kəs köləlikdə saxlaya bilməz. 1918-ci ilin mayından 70 il keçəndən sonra Azərbaycan xalqı yenidən ayağa qalxdı, öz haqqını-azadlığını, müstəqilliyini və bütövlüyünü tələb etdi. Bu yolda məhrumiyyətlərə düçar edildi, şəhidlər verdi, lakin yolundan dönmədi. 1991-ci ilin oktyabrında Azərbaycan xalqı XX əsrdə ikinci dəfə öz müstəqilliyini elan etdi. Müstəqilliyi və qanı bahasına alınmış azadlığı qorumaq yolunda xalqımız nə qədər təzyiqlərə məruz qaldı, torpaqlarımız qəsb olundu, taleyimizdən didərginliyin, əlilliyin, şəhidliyin qara naxışları keçib getdi. Lakin azadlıq aşiqlərinin gərgin əməyi və mübarizəsi sayəsində əsrin sonunda Azərbaycanın müstəqilliyini qoruyub saxlamaq mümkün oldu. G.Həsənova bildirib ki, “Müstəqilliyi qorumaq, saxlamaq o müstəqilliyi əldə etməkdən qat-qat çətin bir vəzifə idi” söyləyən Ulu Öndər Heydər Əliyevin bu fikirləri bu gün də hər kəs üçün örnəkdir. Müstəqilliyin əldə edilməsi mürəkkəb bir proses olsa da onu qoruyub saxlamaq daha çətin, məsuliyyətli bir işdir. XX əsrin sonlarında müstəqilliyinə yenidən qovuşan Azərbaycan suverenliyini qoruyub saxlamağı bacardı. Çətin siyasi-iqtisadi dövrdə hakimiyyətə qayıdan Ulu Öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarına təcavüzü bir tərəfdən, daxili münaqişələr digər tərəfdən ölkəni çətin bir vəziyyətə salmışdı. Məhz belə bir şəraitdə xalqın təkidi ilə hakimiyyətə gələn Ulu Öndər dövlətimizin və dövlətçiliyimizin xilaskarı oldu. Taleyimizin həll olunduğu ağır bir zamanda xalqın təkidli tələbinə səs verərək yenidən hakimiyyətə qayıdan Heydər Əliyev doğma Vətənin xilası naminə misilsiz fədakarlıq nümayiş etdirmiş, ölkəmizi ictimai-siyasi pərakəndəliyin və anarxiyanın məngənəsindən qurtarmış, bütün sahələrdə müşahidə olunan dərin tənəzzülün qarşısını almış, yenidən qurduğu və hər cür qəsdlərdən qoruduğu dövlətin dayanıqlı inkişaf yolunu müəyyən etmişdir. 1993-cü ildə xalq böyük səs çoxluğu ilə öz seçimini etdi və Ulu Öndər Heydər Əliyevi Prezident seçdi. Həmin seçimlə bugünkü qüdrətli Azərbaycan dövlətinin təməli qoyuldu. Ulu Öndərin 1993-cü ilin oktyabrında dövlət başçısı seçilməsindən sonra müstəqil Azərbaycanın hüquqi və siyasi-iqtisadi suverenliyinin təmin olunması prosesi əsaslı şəkildə sürətlənmişdir. Ulu Öndər rəhbərlik etdiyi dövr ərzində Azərbaycanı bir dövlət kimi zamanın ağır və sərt sınaqlarından çıxara bilmiş, ölkənin gələcək inkişaf strategiyasını müəyyən etmiş və onun həyata keçirilməsi üçün mühüm addımlar atmışdır. Bu gün müstəqil Azərbaycan Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyətli addımları sayəsində işıqlı gələcəyə doğru inamla irəliləyir.

YAP Qazax rayon təşkilatının sədri Anar Nəbiyev çıxış edərək bildirib ki, mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 105 ili tamam olur. Belə ki, 28 may 1918-ci ildə müsəlman Şərqində ilk dəfə olaraq demokratik dövlət-Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. 1918-ci il mayın 28-də qəbul edilən İstiqlal Bəyannaməsindən göründüyü kimi, bu möhtəşəm tarix xalqımızın müstəqillik hisslərini daha da gücləndirdi. Cəmi 23 ay yaşamasına baxmayaraq, Xalq Cümhuriyyəti milli tariximizdə müstəsna yer tutur. Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, ordu quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi, maarifin və mədəniyyətin inkişafına xüsusi diqqət yetirildi. Azərbaycanın ilk universiteti təsis olundu, təhsil milliləşdirildi, xalqın sonrakı illərdə mədəni yüksəlişi üçün zəmin hazırlayan, ictimai fikir tarixi baxımından müstəsna əhəmiyyətli işlər görüldü. Mövcudluğunun ilk günlərindən xalq hakimiyyəti və insanların bərabərliyi prinsiplərinə əsaslanan Azərbaycan Xalq Cümhuriyyəti bütün ölkə vətəndaşlarına eyni hüquqlar verərək irqi, milli, dini, sinfi bərabərsizliyi ortadan qaldırdı. A.Nəbiyev qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən 2018-ci ilin ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsi Azərbaycanın dövlətçilik tarixində çox mühüm və şərəfli bir mərhələ olan Şərqdə ilk parlamentli respublikanın əhəmiyyətinin hər zaman uca tutulduğunun, eləcə də dövlətçilik ənənələrinə böyük dəyər verildiyinin sübutudur. Azərbaycan Respublikasının 2018-ci il 1 may tarixli Qanunu ilə “Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi (1918-2018)” yubiley medalı” təsis olunmuşdur. 2021-ci il 15 oktyabr tarixində “Müstəqillik günü haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul olmuşdur. Sözügedən Qanunla 28 May Müstəqillik Günü, oktyabrın 18-i isə Müstəqilliyin Bərpası Günü elan edilmişdir. 28 may tarixinin Müstəqillik Günü, 18 oktyabr tarixinin isə Müstəqilliyin Bərpası Günü kimi təsbit olunması Azərbaycanın dövlət suverenliyinin məhz 1918-ci ildə bərqərar olunması faktına əsaslanır. Bu, ərazi bütövlüyünü bərpa etmiş müasir Azərbaycanın 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyətinin tamhüquqlu varisi olduğunu göstərir.

Qazax Rayon Gənclər və İdman İdarəsinin rəis əvəzi Sahib Namazov çıxışı zamanı qeyd edib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkəmizin həyatına böyük tarixi hadisə kimi daxil oldu. Müstəqil, azad, demokratik respublika qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytardı, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirdi.

Qazax Dövlət Sosial-İqtisadi Kollecinin Monitorinq və Qiymətləndirmə Şöbəsinin müdiri, Tələbə Gənclər Təşkilatının sədri Elvira Əfəndiyeva çıxış edərək bildirib ki, XX əsrin sonlarında yenidən müstəqilliyinə qovuşan Azərbaycan öz suverenliyini qoruyub saxlamağı bacardı. Yenidən hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev həyatı bahasına olsa belə Azərbaycan dövlətçiliyinin qorunması üçün qətiyyətli tədbirlər gördü, ölkədə davamlı ictimai-siyasi sabitliyi bərqərar etdi. Beləliklə, Heydər Əliyevin şah əsəri olan müasir müstəqil Azərbaycan dövləti quruldu və sürətli inkişaf yoluna qədəm qoydu.

Qazax Dövlət Sosial-İqtisadi Kollecin Fənn Birləşmə Komissiyasının sədri Mətanət Kazımova, Fiziki tərbiyə rəhbəri Elvin Namazov mövzu ətrafında çıxış edərək 28 May - Müstəqillik Gününün tariximizin ən mühüm hadisələrindən biri olduğunu vurğulayıb, Azərbaycan Xalq Cümhuriyyəti dövründə ictimai - siyasi, iqtisadi və mədəni həyatın müxtəlif sahələrində görülən işlərdən, müstəqil dövlət quruculuğu istiqamətindəki mühüm addımlardan, ana dilimizin dövlət dili kimi təsis olunması və dövlət rəmzlərimizlə bağlı imzalanan mühüm tarixi qərarlardan, Ümummilli Lider Heydər Əliyevin dövlət müstəqilliyimizin daha da möhkəmləndirilməsində müstəsna xidmətlərindən söz açıblar.

Qazax Rayon Gənclər və İdman İdarəsinin könüllüsü, Qazax Dövlət Sosial-İqtisadi Kollecinin tələbləri Səma Aslanova, fəal tələbə Aişə Qasımova Ulu Öndər Heydər Əliyevə və 28 May – Müstəqillik Gününə həsr olunmuş şeirlər söyləyiblər.

Tədbirin sonunda 2023-cü il “Heydər Əliyev İli” çərçivəsində sosial şəbəkədə yüksək fəallıq göstərən gənc partiya üzvlərinə Fəxri Fərmanlar və YAP sıralarına yeni qəbul olunmuş gənc partiya üzvlərinə üzvlük vəsiqələri təqdim edilib. 

Keçidlər