“Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması, erkən nikah və qohumlar arasında nikahın fəsadları” mövzusunda konfrans keçirilib
Dekabrın 14-də Qazax Rayon İcra Hakimiyyəti, Qazax Rayon Gənclər və İdman İdarəsi və “Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin birgə təşkilatçılığı ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınması, erkən nikah və qohumlar arasında nikahın fəsadları” mövzusunda konfrans keçirilib.
Mərkəzi Xəstəxananın akt zalında gənclərin iştirakı ilə keçirilən tədbirdə mövzu ətrafında geniş söhbət aparılıb.
Qazax Rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Nəbiyev konfransı giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, konfransın işinə uğurlar arzulayaraq tədbirin əhəmiyyətindən danışıb.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin direktoru Sevda Məmmədova çıxış edərək doğulanlar arasında cins nisbətinin pozulmasının əhalinin demoqrafik strukturuna mənfi təsiri, reproduktiv sağlamlığa zərərləri haqqında maarifləndirmə işinin aparılmasının vacibliyini vurğulayıb.
Qazax Rayon İcra Hakimiyyəti başçısı aparatında aparıcı məsləhətçi-Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Kəmalə Cəfərova çıxış edərək uşaqların doğulanadək cins seçiminin qarşısının alınması, erkən nikah və qohumlar arasında nikahın fəsadları, qohumluq əlaqələrindən dünyaya gələn uşaqlarda yaranmış fizioloji, psixoloji fəsadlar barədə danışıb.
“Qazax Rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsin Doğum şöbəsinin müdiri Aynur Namazlı Nazirlər Kabinetinin Sərəncamı ilə “Uşaqların doğulanadək cins seçiminin qarşısının alınmasına dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” barədə söhbət açaraq bildirib ki, adıçəkilən sənəd doğulacaq uşağın cinsinin seçilməsinin miqyasının qiymətləndirilməsi məqsədilə əhali arasında araşdırmaların aparılmasını, gender bərabərliyinin təmin olunması və reproduktiv sağlamlıq sahələrində qanunvericiliyin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanmasını nəzərdə tutur. Eyni zamanda yeni təsdiq edilən Tədbirlər Planının əsas məqsədi uşaqların doğulanadək cins seçiminin qarşısının alınması və ailələrdə doğulan uşaqlar arasında qız uşağına nisbətən oğlan uşağına verilən üstünlüyün azaldılması, bu üstünlüyün kökündə dayanan gender stereotiplərinin aradan qaldırılmasıdır.
Doğum şöbəsinin həkim mamaginekoloqu Anuş Xasməmmədova çıxışında məlum sənəddə əksini tapan "Hamiləliyin süni pozulmasına dair sosial göstərişlərin Siyahısı"nın tətbiqinə nəzarətin gücləndirilməsi, qızların təhsildən yayınması hallarının qarşısının alınması üçün maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, qadınlar arasında sahibkarlıq fəaliyyətinə dəstəyin artırılması, onlar üçün əmək bazarında ən çox tələb olunan peşə və ixtisaslar üzrə kursların artırılması kimi tədbirlər haqqında konfrans iştirakçılarına ətraflı məlumat verib.