Şriftin ölçüsü :

Saytın rəngi :

Vaqif Poeziya Günlərinə şairin doğulduğu Qazax rayonundan start verilib

13 iyul 2023 | 18:39

Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinin təşkilatçılığı ilə növbəti Vaqif Poeziya Günləri başlayıb.

Poeziya Günlərinə iyulun 13-də Molla Pənah Vaqifin doğma şəhəri - Qazaxın Yuxarı Salahlı kəndindən start verilib.

İyulun 14-15-də isə Vaqif Poeziya Günləri mədəniyyət paytaxtımız Şuşada davam edəcək.

Qazax Rayon İcra Hakimiyyətinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul əməkdaşları, Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Murad Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair dramaturq İlqar Fəhmi, Azərbaycan Yazıçılar Birliyinin Poeziya Seksiyasının rəhbəri, şair İbrahim İlyaslı, tənqidçi, ədəbiyyatşünas, professor Rüstəm Kamal, Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair-publisist Əkbər Qoşalı, Ağstafa Regional Mədəniyyət İdarəsinin rəisi Nurəddin Mehdiyev, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil və mədəniyyət işçiləri, Azərbaycan Yazıçılar Birliyinin üzvləri, şəhid ailələri, rayon ağsaqqalları, ziyalılar, gənclər və KİV nümayəndələri iştirak ediblər.

İştirakçılar əvvəlcə Qazax rayonunun Yuxarı Salahlı kəndində olub M.P.Vaqifin heykəlinin önünə tər gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Yuxarı Salahlı kənd bələdiyyəsinin sədri, kənd ağsaqqalı Şahismayıl Məmmədov çıxış edərək qonaqları salamlayıb, Vaqif Poeziya Günlərini yenidən bərpa edən təşkilatçılara - Heydər Əliyev Fondu, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Azərbaycan Yazıçılar Birliyinə qazaxlı ziyalılar adından minnətdarlığını bildirib. Ənənəvi poeziya bayramının yenidən şairin doğulduğu doğma Qazaxdan start götürməsini razılıqla qarşılayıb. Ş.Məmmədov qeyd edib ki, M.P.Vaqifin 300 illiyi münasibətilə bu gün qarşısında dayandığımız məkan abadlaşdırıldı və heykəli ucaldıldı. Bu gün Vaqif Poeziya Günlərinin illər sonra bu müqəddəs məkandan başlaması həm qürurvericidir, həm də şairin yaradıcılığına verilən qiymətin bariz nümunəsidir. Natiq illər ötsə belə M.P.Vaqifin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd edib. Vaqif Poeziya Günlərinin də məhz bu amala, şairi yaşatmağa xidmət etdiyini söyləyib.

Sonra Xalq şairi Səməd Vurğunun Poeziya Evi ziyarət olunaraq şairin heykəli önünə gül dəstələri düzülüb, əziz xatirəsi ehtiramla anılıb.

Daha sonra Qazax şəhərinin mərkəzində yerləşən Fəxri Qazaxlılar parkında M.P.Vaqifin və M.V.Vidadinin heykəli önündə tədbir başlayıb.

Tədbirin aparıcısı, Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal giriş sözü ilə çıxış edərək tədbirə toplaşanları salamlayıb, səmimi ürək sözlərini çatdırıb. B.Vüsal qeyd edib ki, Şuşa Vaqif üçün çox böyük əhəmiyyətə malik olub. O, Qazaxda dünyaya göz açsa da, Şuşada məşhurlaşıb və burada dəfn edilib. Vaqifin Şuşada yaşadığı dövrdə də hər birimiz üçün əziz olan bu şəhər Azərbaycanın mədəniyyət mərkəzi sayılırdı. Şair Vaqif Poeziya Günlərinin bu il 100 illiyini böyük təntənə ilə qeyd etdiyimiz Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə keçirildiyini, bu bayrama görə dahi şəxsiyyətə minnətdar olduğumuzu bildirib. Şair builki poeziya bayramının daha əlamətdar olduğunu, “Heydər Əliyev İli” çərçivəsində keçirildiyini, xalqımızın ikiqat bayram sevincini yaşadığını söyləyib. B.Vüsal qeyd edib ki, bu il 100 illiyi qeyd edilən Ümummilli Lider Heydər Əliyevin iştirakı ilə 1982-ci il yanvarın 14-də Şuşada M.P.Vaqifin məqbərəsinin və Poeziya Evinin təntənəli açılışı olub. Məhz bu səfər çərçivəsində Ümummilli Lider Heydər Əliyev Vaqif Poeziya Günlərinin keçirilməsi ilə bağlı göstəriş verib. Müasir Azərbaycan ədəbiyyatı tarixində öz bənzərsizliyi ilə seçilən Vaqif Poeziya Günləri həmin tarixdən etibarən 1991-ci ilədək hər il şairin Vətəni Qazaxdan başlayıb, Şuşanın əsrarəngiz Cıdır düzündə yekunlaşardı. Respublika Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Ordumuzun zəfəri nəticəsində Şuşa şəhəri erməni işğalından azad edildikdən sonra 41 illik tarixi olan Vaqif Poeziya Günləri yenidən öz yurdunda - mədəniyyət paytaxtımızda keçirilməkdədir. Heydər Əliyev Fondu tərəfindən M.P.Vaqifin Şuşa şəhərində olan məqbərəsi yenidən yüksək səviyyədə bərpa olundu və 2021-ci ildən başlayaraq Vaqif Poeziya Günlərinin keçirilməsinə başlanıldı. Nə xoş bizlərə ki, artıq 3 ildir ki, Vaqif Poeziya Günləri çərçivəsində Şuşanın müxtəlif tarixi və mədəni məkanlarında, o cümlədən Heydər Əliyev Fondu tərəfindən bərpa olunan M.P.Vaqifin muzey-məqbərə kompleksi, həmçinin Natəvanın evi qarşısında, Azərbaycan Milli Xalça Muzeyinin Şuşa filialı, “Xarıbülbül” və “Qarabağ” otellərində tədbirlər keçirilir. B.Vüsal tədbirin təşkilində əməyi keçən təşkilatçılara və insanlara qazaxlı ziyalılar adından minnətdarlığını bildirib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək tədbir iştirakçılarını, qonaqları salamlayıb, şairlər yurdu, saz-söz sənətinin beşiyi sayılan Qazaxda görməkdən məmnunluq hissi duyduğunu bildirib. İcra başçısı Vaqif Poeziya Günlərinin başlanması, xüsusilə də yenidən Qazaxdan start götürməsi münasibətilə rayon ictimaiyyətini, ziyalıları təbrik edib. “Vaqif Poeziya Günlərinin uzun fasilədən sonra yenidən Qazaxdan start götürməsi hər bir qazaxlı üçün fəxrdir. Qazaxın haqqı çatır ki, bu cür tədbirlər keçirilsin”, - deyən icra başçısı buna görə ölkə Prezidenti İlham Əliyevə, təşkilatçılara - Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevaya, Mədəniyyət naziri Adil Kərimliyə, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar müəllimə razılığını ifadə edib. Rayon rəhbəri Ulu Öndər Heydər Əliyev tərəfindən ədəbiyyata göstərilən qayğıdan söz açıb, həmin qayğının bu gün ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini qeyd edib. “Xarıbülbül” festivalının, Vaqif Poeziya Günlərinin keçirilməsini həmin qayğının bariz nümunəsi kimi qiymətləndirib.

Azərbaycan Respublikası Mədəniyyət nazirinin müavini Murad Hüseynov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, Vaqif Poeziya Günlərinin başlanması münasibətilə səmimi ürək sözlərini ifadə edib. M.Hüseynov Vaqif Poeziya Günlərinin keçirilməsinin əhəmiyyətindən danışıb. Bildirib ki, Şuşa işğaldan azad olunandan sonra dövlət başçımızın ilk sərəncamlarından biri Şuşada həm “Xarıbülbül” festivalının, həm Vaqif Poeziya Günlərinin keçirilməsi oldu. 2021-ci ildən başlayaraq hər iki layihə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyi tərəfindən həyata keçirilir. O, qeyd edib ki, Vaqif Qazaxda dünyaya göz açsa da, Şuşada məşhurlaşıb və orada dəfn olunub. Qazaxda start götürən Vaqif Poeziya Günləri iyulun 14-15-də mədəniyyət paytaxtımız Şuşada davam edəcək. M.Hüseynov qeyd edib ki, sevindirici haldır ki, 2023-cü il üçün Şuşa şəhəri türk dünyasının mədəniyyət paytaxtı elan olunub və builki poeziya bayramına türkdilli dövlətlərin şairləri də qatılacaqlar.

Azərbaycan Yazıçılar Birliyinin katibi, şair, dramaturq İlqar Fəhmi çıxışında deyib ki, Şuşa azad olunandan sonra artıq 3-cü ildir Vaqif Poeziya Günləri keçirilir: “Hələ sovet dövründə Vaqif Poeziya Günləri Vaqifin Vətənində - Qazaxda start götürürdü, Şuşada davam edirdi. Bu il qərar belə oldu ki, poeziya günləri ənənəyə uyğun olaraq Qazaxda başlasın. Bu gün artıq layihəyə start verilib”. “Vaqif şəxsiyyəti nə qədər böyük idisə, onun yaradıcılığını bir poeziya bayramına sığdırmaq olmaz. İllər keçdikdə şairin yaradıcılığı daha dərindən öyrəniləcəkdir. Vaqif Poeziya Günlərinin keçirilməsində məqsəd təkcə şeirlər səsləndirmək deyil, eyni zamanda şairin yaradıcılığına qayıtmaq, öyrənmək, onu gələcək nəsillərə tanıtmaq və ötürməkdir”. İ.Fəhmi sonda tədbirin yüksək səviyyədə təşkil olunmasına görə rayon rəhbərliyinə minnətdarlığını bildirib.

Azərbaycan Yazıçılar Birliyinin Poeziya Seksiyasının rəhbəri, şair İbrahim İlyaslı çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi ürək sözlərini bölüşüb. Şair İ.İlyaslı bu il Türksoyun təşkilatçılığı ilə M.P.Vaqif medalına layiq görülməsinə görə şərəf və qürur hissi duyduğunu bildirib. Hər zaman Vaqif irsinin layiqli davamçısı olmaq üçün var qüvvəsi ilə çalışdığını söyləyib. İ.İlyaslı Vaqifin Azərbaycan ədəbiyyatındakı misilsiz xidmətlərindən, onun yaradıcılığının ədəbiyyatımıza bəxş etdiyi zənginliklərdən danışıb.

Professor, tənqidçi, ədəbiyyatşünas Rüstəm Kamal çıxışında qeyd edib ki, Vaqif yazılı ədəbiyyatımızın milli etnik kodlarla köklənməsində və poeziyamızda xalqımızın öz obrazının yaradılmasında müstəsna rolu olmuş şairdir. Vaqif başdan-ayağa işıq poeziyasıdır. Onun şeirlərində ən çox mənalanan, ən çox hallanan, ən çox diqqət çəkən nur, işıq, şölə sözləridir. “Dövlətimizin başçısı İlham Əliyev və Heydər Əliyev Fondu bizim mədəniyyətimizi, ədəbiyyatımızı klassiklərimizi himayə edir. Onların yenidən milli yaddaşımıza qayıtmasında böyük rol oynayır. Bir ziyalı kimi ölkə rəhbərliyinə təşəkkür edirəm”, - deyə o, əlavə edib. “Əslində Şuşanı iki Pənah salıb, biri Pənah xandı, ədəbiyyatın banisidi də M.P.Vaqifdi. Şuşa iki Pənaha borcludur. Şuşanın ədəbiyyat tarixi M.P.Vaqiflə başlayır. Şuşanın ədəbiyyat tarixi 300 ildir. M.P.Vaqif Qarabağda ilk böyük şairdir ki, dövlət başçısı İbrahim Xəlil xan qəbrinin üstündə məqbərəsini tikdirib. Həmin məqbərə illər sonra dağılsa da onu Ulu Öndər Heydər Əliyev bərpa etdirdi. Və ən nəhayət mənfur düşmənin məhv etdiyi həmin məqbərəni Prezident İlham Əliyev bərpa etdirərək yenidən vaqifsevərlərə hədiyyə etdi, bu, şairə olan ehtiramın ali göstəricisi oldu”. 

Dünya Gənc Türk Yazarlar Birliyinin sədri, şair-publisist Əkbər Qoşalı bildirib ki, sabah Vaqifin Vətənindən – Qazaxdan Şuşaya yola düşəcək, orada poeziya günlərində iştirak edəcəklər. Bu tədbirin həm də Türk dünyasının mədəniyyət paytaxtında Türk dünyasından gəlmiş şair və yazıçıların iştirakı ilə keçirilməsi mühüm hadisədir. “Heydər Əliyev İli”ndə türk dünyasının mədəniyyət paytaxtı Şuşada Vaqif Poeziya Günlərinin keçirilməsi xalqımız və ölkəmiz üçün əlamətdar hadisədir. Sevindirici hal odur ki, Ulu Öndərin adını yaşadan fond tərəfindən tarixi qələbəmizdən sonra artıq 3 ildir ki, Vaqif Poeziya Günləri keçirilir.

Estoniyada yaşayıb-yaradan, ölkəmizi təmsil edən Xəqani Qayıblı çıxış edərək doğma Vətənində, Vaqif Poeziya Günlərində iştirak etməkdən məmnunluq hissi duyduğunu ifadə edib.

Daha sonra söz şairlərə və aşıqlara verilib, M.P.Vaqifin qəzəlləri səslənib. Ağstafa Regional Mədəniyyət İdarəsinin “Turan” folklor qrupunun ifasında M.P.Vaqifin “Durnalar” şeirinə bəstələnmiş mahnı tədbir iştirakçıları tərəfindən alqışlarla qarşılanıb.

AYB üzvlərindən gənc şair Rüfət Axundlu “Ulu Öndər” şeirini, şair Saqif Qaratorpaq “Saz” şeirini, şairə Tamella Poladlı “Məni” şeirini, AYB Qazax zona filialının ədəbi məsləhətçisi, şair Mustafa Rasimoğlu “Dan üzünə” şeirini təqdim ediblər.

Aşıqlardan Camoy Qurbanov “Hüseyni” havası üstündə Vaqifin “Eylə” şeirini, Yaşar Gülümcanov “Ovşarı” havası üstündə Vaqifin “Nədir” şeirini, gənc aşıq Samir Allahverdiyev “Ruhani” havası üstündə Vaqifin “Görünür”, Eldar Nəsibli Sibirelin “Bura Qazaxdı, oğlum” şeirlərini, Hüsən Dərgahquluyev “Mixəyi” havası üstündə Vaqifin “Yoxdur” şeirini səsləndiriblər.

Tovuz Mədəniyyət Evinin Aşıqlar qurupunun ifasında səslənən “Osmanlı Divanisi” tədbirə xoş ovqat qatıb.

Keçidlər