Vətən müharibəsi şəhidi Babək Həsənov ildönümündə ehtiramla anılıb
Rəşadətli Azərbaycan Ordusu 2020-ci ilin 27 sentyabrında başlayan İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə müasir hərb tarixi üçün nümunə olan əsl qəhrəmanlıq dastanı yazdı. Qarabağ adlı haqq savaşında tarixi ədaləti bərpa etmək üçün bütün qüvvəsi ilə səfərbər oldu və sonunda Böyük Qələbə qazandı. Azərbaycanın igid övladları işğalçı Ermənistan ordusunu 44 gün ərzində darmadağın edərək düşməni torpaqlarımızdan qovdular. Cəsur Vətən oğulları doğma torpaqlarımız uğrunda son damla qanına qədər vuruşaraq əsl qəhrəmanlıq nümunəsi göstərdilər.
Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində qəhrəmancasına döyüşərək şəhid olan igidlərimizdən biri də Həsənov Babək Saleh oğludur. Babək Həsənov da torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün tam olması üçün Vətən müharibəsi başlayanda döyüşlərə könüllü qatılmışdı.
Noyabrın 4-də 44 günlük savaşda qəhrəmanlığı ilə dastan yazan şəhidimizin ildönümüdür. Bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən“Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun şəhadətindən 2 il ötür.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, şəhid ailələri, müharibə əlilləri qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. Bu gün Babək Həsənov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-obanın, eləcə də bütöv Azərbaycanın, xalqımızın fəxr etdiyi, hər bir azərbaycanlının qürur duyduğu bildirilib. Şəhidlərimizi yad etməyin, xatirəsini əziz tutmağın hər birimizin mənəvi borcu olduğu qeyd olunub. Vurğulanıb ki. qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməli, Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Erməni işğalından azad olunan torpaqlarda üçrəngli bayrağımızın dalğalanması üçün canından keçən bütün şəhidlərimizin, o cümlədən Babək Həsənovun əziz xatirəsi daim ehtiramla anılacaq. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuz, onlarla qürur duyduğumuz qeyd edilib. Ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğu vurğulanıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı qeyd olunub.
Şəhid Babək Həsənov 14 sentyabr 1990-cı ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 1996-cı ildə Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2007-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2008-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2009-cu ildə hərbi xidmətdən tərxis olunmuşdur. 2013-2018-ci illər ərzində Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il oktyabr ayının 26-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. Babək Həsənov Füzulinin, Cəbrayılın, Qubadlının, Laçının alınması uğrunda gedən döyüşlərdə iştirak etmiş, şücaət göstərmişdir. 04.11.2020-ci il tarixdə Laçın rayonu istiqamətində torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. 05.11.2020-ci il tarixdə doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Əfsanə adlı 1 azyaşlı qız övladı yadigar qalıb.
Vətən uğrunda canından keçən şəhidimizin döyüş meydanında göstərdiyi igidlik Ali Baş Komandan İlham Əliyev tərəfindən də yüksək qiymətləndirildi. Şəhid Babək Həsənov ölümündən sonra cənab Prezidentin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 24 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Cəbrayılın azad olunmasına görə”, 29 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən “Laçının azad olunmasına görə”, “Qubadlının azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuşdur.