Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi baş leytenant Xaliddin Nəsibovun doğum günündə məzarı və ailəsi ziyarət olunub

17 iyul 2023 | 18:21

2020-ci ilin 27 sentyabrında başlayıb 10 noyabrında başa çatan Vətən müharibəsi Azərbaycan xalqının yaddaşına və hərb tarixinə qızıl hərflərlə əbədi həkk olundu. Xalqımızın 30 illik yurd həsrətinə 44 gündə son qoyuldu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun əsgər və zabitləri 44 gündə şanlı tarix yazdılar. Azərbaycan xalqının tarixin ən şanlı, şərəfli və qürurverici anlarını yaşadığı 44 gün haqqında tarix kitablarında çox yazılacaq.

Bu gün hər birimiz fəxarətlə, qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.

Vətən torpaqlarının ərazi bütövlüyünü canı, qanı bahasına qoruyan, azadlığı uğrunda canından keçən igid oğullarımızdan biri də şəhid baş leytenant Nəsibov Xaliddin Vaqif oğludur. 

Bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni“Vətən uğrunda”, “Xocavəndin azad olunmasına görə”, “Cəsur döyüşçü” medalları ilə təltif olunmuş baş leytenant Xaliddin Nəsibovun cənnətdəki növbəti doğum günüdür. Yaşasaydı igid Vətən oğlunun bu gün 25 yaşı tamam olacaqdı... Qəhrəman şəhidimizin doğum gününü bu gün ailəsi ilə birlikdə yaxınları, doğmaları, şəhidimizə ehtiram göstərən hər kəs qeyd edib.

Respublika Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, müharibə əlillərinə, veteranlarına göstərdikləri dövlət qayğısını hər zaman əldə rəhbər tutan Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov əlamətdar günlərdə, şəhidlərimizin doğum və anım günlərində onların ailələrini, məzarlarını ziyarət edir, əziz xatirələrini ehtiramla anır.

Ənənəsinə sadiq qalan rayon rəhbəri bu gün Vətən müharibəsi şəhidi Xaliddin Nəsibovun da cənnətdəki doğum gününü ailəsi ilə birlikdə məzarı başında qeyd edib. İcra başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, şəhid ailələri, şəhidimizin döyüş yoldaşları, ailə üzvləri, yaxınları ilə birlikdə şəhidimizin dəfn olunduğu Qarapapaq kənd qəbiristanlığında məzarını ziyarət edərək igid Vətən oğlunun əziz xatirəsini dərin ehtiramla yad edib.

İgid Vətən oğlunun ruhuna dua oxunduqdan sonra rayon rəhbəri və qonaqlar şəhidimizin evində olub, torpaq uğrunda canından keçən şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyiblər.

Rayon rəhbəri ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbədən danışaraq həmin zəfərdə payı olan Xaliddin tək qəhrəman oğullarımızla bu gün hər kəsin fəxr etdiyini bildirib. 44 günlük savaşda əldə etdiyimiz tarixi Zəfərin müəllifi olan Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu, onlarla qürur duyduğumuzu qeyd edib. Torpaqlarımızın işğaldan azad olunması ilə şəhidlərimizin qisasının alındığını vurğulayıb. Şəhidlik zirvəsinə ucalan Xaliddin tək oğullarımızla tək bu gün deyil, illər ötsə belə gələcək nəsillərin qürur duyacağını söyləyib.

"Ölkə Prezidenti cənab İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdiyi qayğı hər bir dövlət məmuruna, hər kəsə örnək olmalıdır”, - deyən icra başçısı şəhidimizin doğum günündə bugünkü ziyarətin kökündə də məhz həmin dövlət qayğısının dayandığını qeyd edib. Nə qədər dünya var, Azərbaycan xalqı var şəhidlərimizin daim yad olunacağını, onların qəlblərdə əbədi yaşayacağını dilə gətirib.

Şəhidin atası Vaqif Nəsibov şəhid ailəsi kimi hər zaman onlara göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Şəhidimizin doğum günündə xatirəsinin yad olunmasını Xaliddin timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib. Övladı və onun kimi igid Vətən oğulları ilə hər zaman fəxr etdiklərini söyləyib.

 

Şəhid Xaliddin Nəsibov 17 iyul 1998-ci ildə Qazax rayonunun Qarapapaq kəndində anadan olmuşdur. 2004-cü ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. Elə həmin ildə sənədlərini Naxçıvandakı Heydər Əliyev adına Hərbi Liseyə verərək yüksək balla daxil olmuşdur. 2015-ci ilə qədər burada oxuyub hərb sənətinin sirlərinə dərindən yiyələnən Xaliddin sonra təhsilini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində davam etdirmişdir. 2019-cu ildə həmin ali məktəbi bitirmişdir. Həmin ilin avqust ayının 1-dən Ağcəbədi rayonunda “N” saylı hərbi hissədə leytenant hərbi rütbəsində xidmətə başlamışdır. 

Vətən müharibəsi başlayanda motoatıcı tağım komandiri vəzifəsində xidmət edən Xaliddin Nəsibov döyüş meydanında göstərdiyi igidliyə və şücaətə görə baş leytenant rütbəsi də almışdır. O, 15 oktyabr 2020-ci ildə bölük komandiri vəzifəsinə təyin olunmuşdur. İkinci Qarabağ döyüşlərində qəhrəmanlıq göstərən Xaliddin Nəsibov 6 noyabr 2020-ci il tarixdə uca zirvəyə - Şəhidlik zirvəsinə yüksələrək əbədiyyətə qovuşdu. İgid qəhrəmanımız 18 noyabr 2020-ci ildə doğulub boya-başa çatdığı Qarapapaq kəndində kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi. 

Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması, doğma yurdumuzun, Vətən torpaqlarının düşmən tapdağından azad edilməsi uğrunda ölümün gözünə dik baxan Xaliddin Nəsibovun döyüşlərdə göstərdiyi igidlik dövlətimiz, ölkə rəhbəri tərəfindən də yüksək qiymətləndirildi. Şəhid baş leytenant ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Xocavəndin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Cəsur döyüşçü” medalları, 24 iyun 2021-ci il tarixli Sərəncamına əsasən “Azərbaycan Bayrağı” ordeni ilə təltif olunmuşdur.

Qazax Rayon İcra Hakimiyyətinin təşəbbüsü və dəstəyi ilə şair-publisist Elçin İsmayıl tərəfindən Vətən müharibəsi şəhidi baş leytenant Xaliddin Nəsibovun şeirlərinə yazılmış “Yarımçıq qalmış şeir dəftəri” adlı kitab çap olunmuşdur. 18.11.2021-ci il tarixdə şəhidin 1-ci ildönümündə həmin kitabın təqdimatı olub.

Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib. Şəhərin Nəriman Nərimanov küçəsində igid Vətən oğlunun xatirəsini əbədiləşdirən bulaq-abidə kompleksi inşa edilib. 04.05.2022-ci il tarixdə həmin bulağın təntənəli şəkildə açılışı olub.

Keçidlər