Vətən müharibəsi şəhidi Emil Kərimov ildönümündə ehtiramla anılıb
Şəhidlik zirvəsinə ucalmaq Vətən və xalq yolunda canını fəda etməkdən çəkinməyən cəsarətli, igid, məğrur, qorxmaz oğullara nəsib olur. Bu yüksəkliyə ucalan qəhrəmanlar isə ölmürlər, əksinə, ölümləri ilə əbədilik qazanırlar. 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində igid, cəsur, qəhrəman Azərbaycan oğulları döyüş meydanında göstərdikləri şücaətlə bunu bir daha sübut etdilər. 44 günlük savaşda Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin “İrəli” əmrini layiqincə yerinə yetirən igid oğullar torpaq, el-oba, yurd uğrunda qəhrəmancasına vuruşdular. Qanları ilə tarix yazaraq Şəhidlik zirvəsinə ucaldılar. Uca zirvəyə yüksəlməklə Vətəni canımız bahasına olsa belə göz bəbəyi kimi qorumağı bizlərə əmanət qoyub getdilər.
Şəhid əsgər Kərimov Emil İlqar oğlu da torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün tam olması üçün Vətən müharibəsinə qatıldı və döyüş meydanında canından keçərək Şəhidlik zirvəsinə ucaldı. Və bu gün Emil kimi oğullarımızın sayəsində işğaldan azad olunmuş torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır...
Oktyabrın 26-sı 44 günlük Vətən müharibəsində qəhrəmanlığı ilə dastan yazan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra Ali Baş Komandanın müvafiq sərəncamları ilə "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 3 il ötür. Bu gün Emil Kərimov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur.
Oktyabrın 26-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, şəhid ailələri qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Emil və onun kimi minlərlə şəhidimizə, sağlamlığını itirən qazilərimizə borclu olduğumuz bildirilib. İllər ötüb, qərinələr dolaşsa da, şəhidlərin heç vaxt unudulmadığı, Emil Kərimov kimi xalqın qəhrəmanlıq salnaməsinə adını yazdıran mərd oğullarımızla təkcə Qazax elinin deyil, bütün xalqımızın qürur duyduğu qeyd edilib. Şəhidlərimizi yad etməyin, xatirəsini əziz tutmağın hər birimizin mənəvi borcu olduğu söylənilib. Ölkəmizdə Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğu vurğulanıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı qeyd olunub.
Şəhid Emil Kərimov 7 sentyabr 1993-cü ildə Qazax rayonunun İkinci Şıxlı kəndində anadan olmuşdur. 2000-ci ildə Qazax rayon Valeh Musayev adına İkinci Şıxlı kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2011-ci ilin oktyabr ayında Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2013-cü ilin aprel ayında tərxis olunmuşdur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. “N” saylı hərbi hissənin manqa komandiri hərbi vəzifəli əsgər Kərimov Emil İlqar oğlu 25 oktyabr 2020-ci il tarixdə Füzuli-Cəbrayıl bölgəsində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 27.10.2020-ci il tarixdə doğulub boya-başa çatdığı İkinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi, iki azyaşlı - Nazənin adlı qız, Amin adlı oğlan övladı yadigar qalıb.
Vətən torpaqlarının bütövlüyü naminə canından keçən igid əsgərimizin döyüşlərdə göstərdiyi şücaət dövlətimiz, Ali Baş Komandan İlham Əliyev tərəfindən yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Doğulduğu kənddə xatirəsini əbədiləşdirən bulaq inşa olunmuşdur.