Vətən müharibəsi şəhidi gizir Sərxan Abdullayevin ailəsi üçün yeni inşa edilmiş yaşayış evi bu gün ailə üzvlərinin istifadəsinə verilib
Fəaliyyətə başladığı ilk gündən tikinti sektorunda fərqlənməyi qarşıya məqsəd qoyan "Arkoz Qazax Sement Zavodu” MMC (əvvəlki adı "Qazax Sement Zavodu” MMC) Azərbaycanın iri sement istehsalçılarından biri olaraq illərdir ki, böyük layihələrə imza atmaqda davam edir. Zavod fəaliyyəti dövründə öz xeyirxah əməlləri ilə hər zaman seçilir, rayonda görülən işlərə öz töhfəsini verir. Bunu zavodun yerləşdiyi Daş Salahlı kəndində həyata keçirdiyi sosial layihələr, çoxsaylı işlər söyləməyə əsas verir. Zavod tərəfindən 2017-ci ildə Daş Salahlı kənd 2 saylı Uşaq bağçasının və 3 saylı Körpələr Evi-Uşaq bağçasının əsaslı şəkildə yenidən qurularaq körpə balaların istifadəsinə verilməsi dediklərimizin bariz nümunəsidir. Bundan başqa, pandemiya dövründə ölkə Prezidenti İlham Əliyevin "Biz birlikdə güclüyük!” çağırışını əldə rəhbər tutaraq, şəhid ailələrinə, müharibə əlillərinə, aztəminatlı ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatların çatdırılması söylədiklərimizin əyani sübutudur.
Ölkə Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri dövlət qayğısı Qazax rayonunda da hər zaman örnək götürülür. Rəhbər təyin olunduğu ilk gündən şəhidlərimizin xatirəsini əziz tutan, onların ailə üzvlərinə, hərbçilərimizə, yaralı əsgər və zabitlərimizə daim qayğı ilə yanaşan rayon rəhbərliyi bu gün də öz ənənəsinə sadiq qalaraq şəhid ailələrini, yaralılarımızı, qazilərimizi ziyarət edir, qayğıları ilə maraqlanır.
Təqdirəlayiq haldır ki, rayonda fəaliyyət göstərən "Arkoz Qazax Sement Zavodu” MMC də dövlətimizin şəhid ailələrinə göstərdiyi qayğını hər zaman öz fəaliyyətində örnək götürür. Xeyirxah əməllərini davam etdirərək öz ənənəsinə sadiq qalan zavod rəhbərliyi şəhid ailələrinə, qazilərimizə daim qayğı göstərir, onların sosial problemlərinin, qayğılarının həlli istiqamətində nümunəvi addımlar atır. Bu qayğının nəticəsidir ki, bu gün zavodda xeyli sayda şəhid ailələrinin üzvləri çalışır.
Zavod tərəfindən Daş Salahlı kəndində yerləşən Şəhidlər Xiyabanına gedən yola yeni asfalt örtüyünün vurulması, ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, eləcə də “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif olunmuş, Qazax rayonunun Qazaxbəyli kənd sakini, 3-cü dərəcəli Vətən müharibəsi əlili (MAHHXHQ) Rəhimov Fəqan Fazil oğlunun yaşadığı evin əsaslı şəkildə yenidən qurulması, 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalmış Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında Xüsusi Vasitələrin Tətbiqi Dəstəsində gizir kimi xidmət etmiş, ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni və “Vətən uğrunda” medalı ilə təltif olunmuş gizir Əhmədov Elvin Qələndər oğlunun evinin əsaslı şəkildə təmir olunması dediklərimizin əyani sübutudur.
Öz ənənəsinə sadiq qalaraq xeyirxah əməllərə vəsilə olan "Arkoz Qazax Sement Zavodu” MMC bu gün də nümunəvi işlərini davam etdirir. Belə ki, zavod rəhbərliyi bu dəfə 44 günlük Vətən müharibəsində qəhrəmancasına şəhid olan, ölümündən sonra “Vətən uğrunda”, “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri Abdullayev Sərxan Elxan oğlunun ailəsinin səsinə səs verdi. 2 övladı xəstə olan şəhidimizin atasının zavod və rayon rəhbərliyinə etdiyi müraciəti cavabsız qoymadı.
4 ay öncə iyunun 24-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul işçiləri, "Arkoz Qazax Sement Zavodu” MMC-nin Hüquq məsələləri üzrə direktor müavini Hikmət Əliyev və İnzibati işlər və nəzarət üzrə direktor müavini Nahid Salehov və digər əməkdaşların Ağstafa rayonunun Dağ Kəsəmən kəndində şəhidimizin ailəsinə tikiləcək ev üçün ayrılmış ərazidə olması barədə məlumat vermişdik.
Budur, artıq 4 ay keçib və şəhidimizin ailəsi üçün özünün də arzuladığı kimi ev inşa edilib. Yüksək səviyyədə inşa edilən, yataq, qonaq, mətbəx mebelləri ilə təmin olunan bu ev noyabrın 2-də cənnətdə növbəti doğum gününü qeyd edən qəhrəman şəhidimizin ailəsinə edilən ən gözəl hədiyyədir.
Noyabrın 4-də Vətən müharibəsi şəhidi gizir Abdullayev Sərxan Elxan oğlunun ailəsi üçün yeni inşa edilmiş yaşayış evi ailə üzvlərinin istifadəsinə verilib.
Açılış mərasimində Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov, millət vəkili Ülviyyə Ağayeva, "Arkoz Qazax Sement Zavodu" MMC-nin rəhbərliyindən Mücahit Uçar, Zavodun Hüquq məsələləri üzrə direktor müavini Hikmət Əliyev, İnzibati işlər və nəzarət üzrə direktor müavini Nahid Salehov və digər əməkdaşlar, rayonun hüquq mühafizə orqanlarının, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhid ailələrinin üzvləri, şəhidimizin vaxtilə təhsil aldığı Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin müəllim və şagirdləri, ziyalılar, KİV nümayəndələri iştirak ediblər.
Əvvəlcə yeni inşa edilmiş evin rəsmi açılışını bildirən qırmızı lent kəsilib, sonra qonaqlar igid Vətən oğlunun ailəsi üçün yaradılan şəraitlə tanış olublar.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov giriş sözü ilə çıxış edərək tədbir iştirakçılarını və qonaqları salamlayıb, səmimi ürək sözlərini çatdırıb. Şəhid ailəsinin xoş günündə onların yanında olduqları üçün tədbirdə iştirak edənlərə razılığını ifadə edib. Rayon rəhbəri qəhrəman şəhidimizin həyat yoldaşına yeni evlərində övladları və doğmaları ilə birlikdə huzurla xoş günlər yaşamağı arzu edib, səmimi təbriklərini səsləndirib. İcra başçısı Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında onun dəmir yumruğu ətrafında birləşərək 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan Sərxan Abdullayev və onun kimi igid oğullarımızla hər bir Azərbaycan vətəndaşının qürur duyduğunu bildirib. Rayon rəhbəri istər Birinci Qarabağ, istər 44 günlük Vətən müharibəsi, istərsə də digər vaxtlarda Şəhidlik zirvəsinə ucalmış bütün şəhidlərimizin əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. İcra başçısı ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda hər zaman nümunə götürüldüyünü vurğulayıb. Azərbayсan Respublikasının daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov tərəfindən şəhid ailələrinə, eləcə də daxili qoşunların üzvü olan şəhidlərimizin ailələrinə hər zaman xüsusi diqqət və qayğı göstərildiyini diqqətə çatdırıb və buna görə razılığını ifadə edib. İcra başçısı fəaliyyətə başladığı ilk gündən Zavodun rayonda bir çox layihələrə imza atdıqlarını, xüsusilə də şəhid ailələrinə, müharibə əlillərinə, aztəminatlı ailələrə qayğı göstərdiklərini, dəstək olduqlarını söyləyib. Nümunəvi təşəbbüsünə görə şəhid ailələri, eləcə də ziyalılar və rayon ictimaiyyəti adından "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyinə və kollektivinə bir daha təşəkkürünü çatdıran rayon rəhbəri bu cür layihələrin icra olunmasını ölkə başçısının yürütdüyü uğurlu dövlət siyasətinin davamı kimi qiymətləndirib. “Bu, təkcə Sərxan Abdullayev üçün tikilən ev deyil, bu, bütün şəhidlərimizə tikilən evdir. Bu, dövlətimizin, ölkə rəhbərliyinin şəhid ailələrinin yanında olduğunu göstərən nümunəvi addımdır. "Arkoz Qazax Sement Zavodu” MMC şəhid ailələri ilə bağlı sosial layihələri uğurla icra edir. Zavod rəhbərliyi dövlətin onlara göstərdiyi qayğını, dəstəyi əldə rəhbər tutaraq bu cür sosial layihələri icra edərək öz töhfəsini verir, şəhid ailələrinin, qazilərin yanında olduqlarını əməli işləri ilə göstərirlər”, - deyən rayon rəhbəri bir daha zavodun rəhbərliyi başda olmaqla, şəhidimizin ailəsi üçün yeni evin inşasında əməyi keçən hər kəsə minnətdarlığını bildirib.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitəsindəki nümayəndə heyətinin rəhbəri Səməd Seyidov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi arzularını səsləndirib. Millət vəkili ölkəmizdə dövlət başçısı və Birinci vitse-prezident tərəfindən şəhid ailələrinə, qazilərə göstərilən qayğının bariz nümunəsinin Qazax rayonunda şəhid ailələrinə, qazilərə göstərilən qayğıda, səmimi münasibətdə aydın şəkildə görüldüyünü diqqətə çatdırıb. Qazaxda həmin qayğının rayon rəhbərliyi, eləcə də rayonda fəaliyyət göstərən təşkilatlar tərəfindən hər zaman nümunə götürüldüyünü qeyd edərək bugünkü tədbiri, yeni evin inşa edilməsini əyani sübut olaraq göstərib. “Vətəndaş məmnunluğunu təmin etmək hər bir dövlət məmurunun vəzifə borcudur ki, biz bunu Qazaxda əyani şəkildə görürük. Bu gün rayonda vətəndaş məmnunluğunun təmin olunmasının barzi nümunəsini bugünkü tədbir, inşa edilmiş ev bir daha təsdiqləyir. İnşa edilmiş bu ev təkcə ev deyil, şəhidlərimizə ucaldılmış abidədir. Bu ev hər kəsin qürurla ziyarət edəcəyi bir ocaqdır. Bu evdə vətənpərvər övladlar böyüyəcək ”, - deyən millət vəkili buna görə əziyyəti keçən hər kəsə razılığını ifadə edib.
Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək tədbir iştirakçılarını salamlayıb, şəhidimizin ailəsini təbrik edərək səmimi ürək sözlərini səsləndirib. “Bugünkü əlamətdar hadisə mərhum şəhidimizin, Sərxan qardaşımızın ruhuna hörmət, dövlətimizin, xalqımızın, rayon rəhbərliyinin hər zaman şəhid ailələrinin yanında olması, qürur və fəxarətlə göstərdiyi igidliyə, qəhrəmanlığa minnətdarlığın ifadəsidir. Şəhidlərimiz hər zaman qəlblərdə əbədi yaşayacaqlar. Şəhidlərimiz təkcə doğulduqları ailələrə mənsub deyillər, onlar artıq bütün Azərbaycanın övladlarıdır. Hər biri ilə qürur duyuruq”, - deyə Ü.Ağayeva fikirlərini ifadə edib.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi hissəsinin komandir müavini, polkovnik-leytenant Ramin Mənsimov çıxış edərək tədbir iştirakçılarını salamlayıb, səmimi təbriklərini çatdırıb. Natiq qeyd edib ki, 2020-ci ilin 27 sentyabrında başlayan Vətən müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan Ordusu 30 il işğal altında olan torpaqları azad etdi. Bu, bizim üçün bir fəxrdir, tarixi yaddaşdır. Natiq çıxışında 44 günlük Vətən müharibəsində Daxili Qoşunların Xüsusi Təyinatlı Qüvvələrinin döyüşlərə qatıldığını, 66 nəfərin qəhrəmancasına Şəhidlik zirvəsinə ucaldığını qeyd edib. İgid Vətən oğullarından 4 nəfərin Vətən Müharibəsi Qəhrəmanı adına layiq görüldüyünü söyləyib. Həmin qəhrəman şəhidlərimizdən olan Sərxan Abdullayevin Kəlbəcər istiqamətində gedən döyüşlərə qatıldığını, igidliklə vuruşduğunu və şəhadətə yüksəldiyini vurğulayıb. Sərxan Abdullayevin ailəsinin timsalında bütün şəhid ailələrinə göstərilən qayğıya görə ölkə və rayon rəhbərliyinə minnətdarlığını bildirib. Şəhid ailələrinin tək olmadığını, dövlətin onların yanında olduğunu səsləndirib.
Qəhrəman şəhidin tarix müəllimi Arzu Abbasova çıxış edərək Sərxan Abdullayevin məktəb illərindən söz açaraq onun nümunəvi şagird, bir gənc olduğunu söyləyib. İlk andan necə nümunəvi idisə, bu gün də öz şəhadəti ilə gələcək nəsillərə, gənclərə örnək olduğunu bildirib.
"Arkoz Qazax Sement Zavodu” MMC-nin Hüquq məsələləri üzrə direktor müavini Hikmət Əliyev çıxış edərək zavod rəhbərliyi və kollektivi olaraq hər zaman ölkə Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, iştirakçılarına, onların ailələrinə göstərdikləri qayğını əldə rəhbər tutaraq bu sahədə, şəhid ailələri ilə bağlı sosial layihələrin icrasında töhfə verməyə çalışdıqlarını qeyd edib. "Arkoz Qazax Sement Zavodu” MMC olaraq dövlətin və ölkə başçısının yanında olduqlarını diqqətə çatdırıb.
Şəhid atası Elxan Abdullayev də öz növbəsində razılığını bildirib. “Arkoz Qazax Sement Zavodunun şəhid ailələrinə olan qayğısını eşitmişdim. Bu gün isə şəhid övladımın ailəsinin timsalında bir daha şahidi oldum. Şəhid övladımın bizlərə əmanət etdiyi övladlarının səhhətində yaranmış problemlə bağlı onların həyət evində yaşamaları üçün yeni evin inşa edilməsi barədə zavod rəhbərliyinə müraciət etdim. Etdiyim müraciət cavabsız qalmadı və budur, nəticəsi də göz qabağındadır. 4 ay ötüb və övladımın ailəsi üçün arzulanan ev hazırdır. Şəhid övladımın ruhu şaddır, çünki onun balaları üçün özünün arzuladığı kimi belə gözəl ev inşa edildi. Dövlətimin, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın, rayon rəhbərliyinin qayğısını hər zaman hiss etmişik. Bu gün "Arkoz Qazax Sement Zavodu” MMC-nin bu nümunəvi addımı isə övladımın doğum günü ərəfəsində onun ailəsinə dövlətin növbəti qayğısı oldu. Bütün bunlara görə ölkə başçısına, Birinci vitse-prezidentə, rayon rəhbərliyinə və "Arkoz Qazax Sement Zavodu” MMC-nin rəhbərliyi başda olmaqla, bütün əməkdaşlarına, evin inşasında əziyyəti keçən hər kəsə şəhid ailəsi olaraq minnətdarlığımı bildirirəm”, - deyə şəhid atası ürək sözlərini səsləndirib.
Azərbaycan Yazıçılar Birliyinin Qazax bölməsinin sədri, Əməkdar incəsənət xadimi, şair Barat Vüsal şəhidlərimizin xatirəsinə qələmə aldığı “Şuşanı alan oğullar” şeirini səsləndirərək şəhidimizin ailəsinə səmimi ürək sözlərini çatdırıb, yeni evdə xoş, firəvan həyat yaşamağı arzulayıb.
Azərbaycan Yazıçılar Birliyinin, Dünya Gənc Türk Yazarlar Birliyinin üzvü, gənc şair Rüfət Axundlu “Sənə Zəfər yaraşır, Zəfər Azərbaycanım” şeirini səsləndirərək şəhidimizin ailəsinə təbriklərini ifadə edib.
Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və təbiət fənlər təmayüllü məktəb-liseyin 7c sinif şagirdi Minur Məmmədov Elvin Elxanoğlunun “Zəfərin mübarək Azərbaycan”, 5a sinif şagirdi Pəri Mansırlı AYB-nin üzvü, şair Cavanşir Rüstəmin “Gözünüz aydın” şeirini səsləndirərək təbriklərə qoşulublar.
Gənc Aşıq Samir Cəlaloğlu sazda ifa etdiyi hava ilə şəhidimizin yeni evində ruhunu şad edib.
Gizir Abdullayev Sərxan Elxan oğlu 2 noyabr 1988-ci ildə Qazax şəhərində anadan olmuşdur. 1995-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2006-cı ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2006-cı ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmışdır. 2008-ci ildə hərbi xidməti başa vurduqdan sonra Daxili Qoşunlarda gizir rütbəsində xidmətə başlamışdır.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Xüsusi Təyinatlı Dəstəsinin giziri, xüsusi təyinatlı dəstənin 2-ci xüsusi həmlə qrupunda 2-ci yarımqrup komandiri kimi xidmət edən igid Vətən oğlu 28.09.2020-ci il tarixdə Göygöl rayonunun Toğanalı kəndi ərazisində gedən hərbi əməliyyatlar zamanı qəhrəmancasına şəhid olmuşdur. Sərxan Abdullayev 28.09.2020-ci ildə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Evli olan şəhid gizirimizin Orxan və Turan adlı iki oğul övladı yadigar qalıb.
Şəhid gizirin göstərdiyi igidlik hər zaman dövlət tərəfindən yüksək qiymətləndirilmişdir. Vaxtilə "Qüsürsuz xidmətə görə" 3-cü dərəcəli medalla təltif olunmuş Sərxan Abdullayev ölümündən sonra da medallarla təltif edilmişdir. Şəhid gizirimizin göstərdiyi igidlik cənab Prezident İlham Əliyev tərəfindən də yüksək qiymətləndirilmişdir. O, ölümündən sonra ölkə Prezidentinin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Kəlbəcərin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur. Şəhərin Əliağa Şıxlinski küçəsində igid Vətən oğlunun adını əbədiləşdirən bulaq inşa olunub. Şəhərin Heydər Əliyev prospektində baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun vaxtilə təhsil aldıqları Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin həyətində şəhid məzunların xatirəsinə tikilən bulaqda igid Vətən oğlunun da adı var.