Vətən müharibəsi şəhidi leytenant Nicat Nəsibov ildönümündə ehtiramla anılıb
2020-ci il Qələbə və Zəfər ili kimi xalqımızın yaddaşına əbədi həkk olunub. İllər ötsə belə 2020-ci il Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun xalqımızın 30 illik Qarabağ həsrətinə son qoyduğu, düşmən üzərində qələbə qazandığı, torpaqlarımızın erməni işğalından azad edildiyi, üçrəngli bayrağımızın əvvəlki kimi Qarabağ torpaqlarında dalğalandığı bir il kimi hər zaman qürurla xatırlanacaq. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.
Vətən müharibəsində qazanılan Qələbədə, xalqımıza yaşadılan zəfər dolu günlərdə payı olan igid oğullarımızdan biri də Şəhidlik zirvəsinə yüksəlmiş leytenant Nəsibov Nicat Qəşəm oğludur.
Noyabrın 1-i 44 günlük Vətən müharibəsində qəhrəmanlığı ilə dastan yazan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “İgidliyə görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 4 il ötür. Bu gün Nicat Nəsibov kimi qəhrəman oğullarımızla nəinki doğulduğu el-oba, eləcə də bütöv Azərbaycan fəxr edir, hər bir azərbaycanlı qürur duyur. Şəhidlərimizi yad etmək, xatirəsini əziz tutmaq hər birimizin mənəvi borcudur.
Noyabrın 1-də Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov, icra aparatının digər məsul işçiləri Cəfərli kəndində olub, qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. Torpaqlarımızın azadlığı uğrunda şirin canlarından keçən, Vətən müharibəsində şanlı tarix yazan şəhidlərimizi yad etməyin hər kəsin mənəvi borcu olduğu bildirilib. Vətən üçün canını fəda edən Nicat kimi oğulların döyüş meydanında göstərdiyi qəhrəmanlıqlarının hər kəs üçün örnək olduğu, şəhidlərimizin hər an bizim qəlbimizdə yaşayacağı qeyd edilib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, qəhrəman şəhidlərimizə, qazilərimizə minnətdar olduğumuz dilə gətirilib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna nümunə olduğu vurğulanıb. Qazaxda ilk gündən rayon rəhbərliyi tərəfindən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı söylənilib.
22 yaşlı şəhid Nicat Nəsibov 1 yanvar 1998-ci ildə Qazax rayonunun Cəfərli kəndində anadan olmuşdur. 2004-cü ildə Mirvarid Dilbazi adına Cəfərli kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəbin 8-ci sinifini bitirmişdir. 2012-ci ildə Cəmşid Naxçıvanski adına Hərbi Liseyə daxil olmuş, 2015-ci ildə həmin liseyi bitirmişdir. 2015-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olmuş, 2019-cu ildə həmin hərbi məktəbi bitirib leytenant rütbəsi ilə “N” saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmətə başlamışdır. 2020-ci ildə digər “N” saylı hərbi hissəyə təyinat almışdır.
"N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində hərbi qayda-qanunlara uyğun şəkildə xidmət aparır, üzərinə düşən işin öhdəsindən layiqincə gəlirdi. Xidmətini yüksək səviyyədə həyata keçirdiyi üçün 26 avqust 2018-ci ildə "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley medalı ilə təltif olunmuşdu.
Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə igidlik göstərən Nicat Nəsibov torpaqlarımızın azadlığını canından üstün tutmuşdur. “N” saylı hərbi hissənin 4-cü taborunun 12-ci bölüyü 1-ci tağımının komandiri leytenant Nicat Nəsibov 18.10.2020-ci il tarixdə Füzuli rayonu istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşmuş, aldığı qəlpə yarasından şəhid olmuşdur. Şəhid leytenantımız 01.11.2020-ci il tarixdə doğulduğu Cəfərli kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan şəhid leytenant Nicat Nəsibov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 25 dekabr 2020-ci il tarixli Sərəncamlarına əsasən "Füzulinin azad olunmasına görə”, "Xocavəndin azad olunmasına görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “İgidliyə görə”, “Cəbrayılın azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Doğulduğu kənddə vaxtilə təhsil aldığı məktəbin qarşısında adını əbədləşdirən bulaq inşa olunub.