Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsi şəhidi Merik Mustafayevin ildönümündə xatirəsi yad edilib

26 oktyabr 2022 | 20:05

2020-ci ildə sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Azərbaycan xalqı özünün keşməkeşli tarixinin daha bir şanlı səhifəsini yazdı. Azərbaycan 44 günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı qələbə qazanaraq özünün ərazi bütövlüyünü bərpa etdi və tarixi ədalət bərpa olundu. Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri Ali Baş Komandanın “İrəli!” əmrini layiqincə yerinə yetirərək xalqımıza böyük tarixi Qələbəni bəxş etdilər. Azərbaycan dövlətinin və şanlı ordumuzun gücünü, qüdrətini bütün dünyaya bir daha nümayiş etdirdilər.

Vətən müharibəsində qazandığımız Qələbədə payı olan igid oğullarımızdan biri də 25 yaşında şəhadətə ucalan əsgər Mustafayev Merik Musa oğludur. Merik də torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün tam olması üçün könüllü olaraq Vətən müharibəsinə qatıldı və döyüş meydanında canından keçərək Şəhidlik zirvəsinə ucaldı. Oktyabrın 26-da 44 günlük Vətən müharibəsində qəhrəmanlığı ilə dastan yazan şəhidimizin ildönümüdür. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra Ali Baş Komandanın müvafiq sərəncamları ilə "Vətən uğrunda”, "Füzulinin azad olunmasına görə”, “Döyüşdə fərqlənməyə görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun şəhadətindən 2 il ötür.  

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, şəhid ailələri, müharibə əlilləri qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Merik və onun kimi minlərlə şəhidimizə, sağlamlığını itirən qazilərimizə borclu olduğumuz bildirilib. Vətən uğrunda canından keçən şəhidlərimizi yad etməyin hər birimizin vətəndaşlıq borcu, ən ümdə vəzifəsi olduğu söylənilib. Ölkəmizdə Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğu vurğulanıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı qeyd olunub.

   

Şəhid Merik Mustafayev 5 noyabr 1995-ci ildə Qazax rayonunun Birinci Şıxlı kəndində anadan olmuşdur. 2002-ci ildə Birinci Şıxlı kənd ümumi orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2011-ci ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. 2014-cü ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmış, 2015-ci ildə isə tərxis olunmuşdur. Ölkə Prezidentinin "Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında” müvafiq tarixli Sərəncamına əsasən 2020-ci il sentyabr ayının 21-də Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən qismən hərbi səfərbərliyə cəlb olunmuşdur. “N” saylı hərbi hissənin atıcısı hərbi vəzifəli əsgər Merik Mustafayev 26.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl bölgəsində Qarabağ uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 27.10.2020-ci il tarixdə doğulduğu Birinci Şıxlı kənd qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Övladı yoxdur.

Bütün şəhidlərimiz kimi Merik Mustafayevin də göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Medallarla təltif olunan şəhidlərimizin arasında şəhid əsgərimizin də adı var. Merik Mustafayev ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən"Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən"Döyüşdə fərqlənməyə görə” , 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları  ilə təltif edilmişdir.

Keçidlər