Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Adil Əfəndiyevin ailəsi ziyarət edilib
2020-ci ilin 27 sentyabr tarixi Azərbaycan xalqının yaddaşına və hərb tariximizə bizi Qələbəyə, şanlı Zəfərə aparan yolun başlanğıc günü kimi yazıldı. Qarabağ adlı haqq savaşımıza məhz o gündən başladıq və 44 gün davam edən savaşda şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Qələbə qazandı. 30 ilə yaxın işğal altında qalan torpaqlarımız müzəffər ordumuzun, əsgər və zabitlərimizin şücaəti, qəhrəmanlığı sayəsində azad edildi. 8 noyabr tarixi yaddaşlara Zəfər Günü kimi yazıldı. Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri nəticəsində Xankəndi və Xocalı şəhərinin separatçılardan təmizlənməsi ilə şanlı ordumuzun 44 günlük müharibədə əldə etdiyi tarixi qələbəyə daha bir qələbə əlavə olundu. Qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində bu gün Azərbaycan dövləti suverenliyini tam bərpa edib, doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.
Bu gün hər birimiz fəxarətlə, qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq. Torpaqlarımızın qorunması, vətənimizin müdafiəsi uğrunda canından, qanından keçərək Şəhidlik zirvəsinə ucalanların xatirəsini yaşatmaq, onları gəncliyə nümunə göstərmək isə hər kəsin vətəndaşlıq borcudur.
Ölkə Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında Anım Gününün təsis edilməsi haqqında” imzaladığı 2 dekabr 2020-ci il tarixli Sərəncamla xalqımızın 30 illik yurd həsrətinə son qoyan Vətən müharibəsinin başlandığı 27 sentyabr tarixi artıq 4 ildir ki, ölkəmizdə Anım Günü kimi qeyd olunur.
Qazaxda bütün şəhidlərimizin, Vətən yolunda canlarından keçərək adlarını hərb tariximizə qızıl hərflərlə əbədi həkk edən igid oğullarımızın xatirəsi əziz tutulur. Vətən uğrunda canından keçən oğullarımız, onların ailələri daim yad olunur. Fəaliyyətə başladığı ilk gündən Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, Qarabağ müharibəsi əlillərinə, onların ailələrinə göstərdikləri diqqət və qayğını əldə rəhbər tutan rayon rəhbərliyi hər il olduğu kimi, bu il də şəhidlərimizi yad edib. Həmişə olduğu kimi, bu il də 27 Sentyabr - Anım Günü tədbirlərinə Vətən müharibəsi şəhidlərinin məzarlarının və ailələrinin ziyarət olunması ilə start verilib.
İllərdir həsrəti ilə yaşadığımız doğma torpaqlarımız uğrunda başladığımız haqq savaşında, müqəddəs yolda Şəhidlik zirvəsinə ucalan, döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, "Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunmuş şəhid tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun xatirəsi hər zaman əziz tutulur, ailəsi daim ziyarət olunur.
Sentyabrın 25-də Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova, RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov, icra aparatının digər məsul işçiləri, Qazax Rayon İcra Hakimiyyəti yanında Yerli Məşvərət Şurasının üzvləri olan gənclər Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Adil Əfəndiyevin ailəsini ziyarət ediblər.
Qafqaz Müsəlmanları İdarəsinin Qazax bölgə qazısı, Qazax “Cümə” məscidinin imamı İlham Süleymanov torpaqlarımız uğrunda canlarından keçərək Şəhidlik zirvəsinə ucalan Vətən oğullarının ruhlarına Quran oxuyub, qəhrəmanlarımızın əziz xatirəsi yad edilib. Şəhidimizin otağında şəxsi əşyalarından, şəkillərindən ibarət guşə ilə tanış olan gənclərə Adil Əfəndiyevin keçdiyi döyüş yolundan, döyüş meydanında göstərdiyi qəhrəmanlığından geniş bəhs edilib. Bildirilib ki, Adil Əfəndiyev öz peşəsinin vurğunu idi. Baba və nənəsinin arzularını öz peşəsində yaşadırdı. Babasının hərbçi olmaq, nənəsinin isə həkim olmaq arzusunu çin etmşdi. Tibb xidməti leytenantı olaraq həm Vətənin keşiyində dayanır, həm də bir həkim kimi içdiyi Hippokrat andına həmişə sadiq idi. 2020-ci ilin 27 sentyabr günü başlayan Vətən müharibəsində də heç tərəddüd etmədən döyüşlərə qatıldı. Hərbçi kimi illərdir düşmən tapdağında qalan torpaqları azad edəcək, həkim kimi yaralı döyüş yoldaşlarına, əsgərlərimizə, hərbçilərimizə kömək edəcəkdi. Bu arzu ilə döyüşlərə qatıldı və qəhrəmanlıq dolu bir döyüş yolu keçdi. Bu yol 2020-ci ilin 22 oktyabrına kimi davam etdi. Şəhidlik zirvəsinə ucalana kimi yüzlərlə döyüş yoldaşını ölümün pəncəsindən xilas etdi, yardım göstərdi. Dostluqda sadiq olan Adil elə Şəhidlik zirvəsinə də öz komandirini xilas edərkən ucaldı. Adil verdiyi sözü tutdu, torpaqlarımızı azad edərək həm hərbçi, həm də həkim kimi adını tarixə yazdı. Bu gün Adil ən yüksək zirvəyə - Şəhidlik zirvəsinə ucalmaqla adını xalqımızın və doğma qazaxlıların qəlbinə əbədi həkk edib. Adil tək igid Vətən oğullarının daim qəlblərdə yaşayacaqları söylənilib. Azərbaycan xalqının qüruru, fəxri olan bütün şəhidlərimizin, o cümlədən Adil Əfəndiyevin xatirəsinin daim əziz tutulacağı qeyd edilib.
Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova şəhidin ailəsinə rayon rəhbərliyinin səmimi ürək sözlərini çatdırıb. Ölkə Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən şəhid ailələrinə yüksək səviyyədə qayğı göstərildiyini qeyd edən müavin G.Həsənova Qazaxda həmin qayğının hər zaman nümunə götürüldüyünü, rayon rəhbərinin fəaliyyətə başladığı ilk gündən bu amili əldə rəhbər tutaraq şəhidlərimizin ailə üzvlərinə daim diqqət ayırdığını söyləyib. Bugünkü ziyarətin də məhz həmin qayğının davamı olduğunu bildirib.
Qazax RİH başçısı aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri, 3-cü dərəcəli Vətən müharibəsi əlili, 3-cü dərəcəli “Rəşadət” ordeni və “Füzulinin azad olunmasına görə” medalı ilə təltif edilmiş, ehtiyatda olan kapitan Samir Çobanov 2020-ci ilin 27 sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayıb, cəmi 44 gün sonra Azərbaycanın hərb tarixinə qızıl hərflərlə yazılan Vətən müharibəsində igid oğullarımızın, şəhidlərimizin döyüş meydanında göstərdikləri qəhrəmanlığın illər keçsə belə heç zaman unudulmayacağını, bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. S.Çobanov Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsində, Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə bu gün hər kəsin fəxr etdiyini, qürur duyduğunu bildirib. Gənclərin diqqətinə çatdırıb ki, bu gün Ermənistanla 168 km sərhədi olan Qazax rayonundan Qarabağ müharibəsində ümumilikdə 348 nəfər Şəhidlik zirvəsinə yüksəlib. Onlardan 282 nəfəri Birinci Qarabağ müharibəsində, 3 nəfəri Aprel döyüşlərində, 3 nəfəri Birinci Qarabağ müharibəsindən sonrakı dövrlərdə xidməti vəzifələrini yerinə yetirərkən, 1 nəfəri Tovuz döyüşlərində, 49 nəfəri Vətən müharibəsində, 1 nəfəri Vətən müharibəsindən sonrakı dövrdə xidməti vəzifəsini yerinə yetirərkən, 1 nəfər mülki şəxs minaya düşərək, 3 nəfəri 2022-ci ilin sentyabr ayının 13-də erməni təxribatı nəticəsində, 5 nəfəri isə 2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Şəhidlik zirvəsinə ucalıb. S.Çobanov Azərbaycan dövləti və xalqımız var olduğu müddətcə bütün şəhidlərimizin qəlblərdə əbədi yaşayacağını qeyd edib. Şəhidlərimizin adlarını yaşatmağın, bugünkü və gələcək nəsillərə örnək və nümunə göstərməyin hər birimizin üzərinə düşən ən ümdə iş olduğunu vurğulayıb. “Bugünkü ziyarətin əsas məqsədi Adilin timsalında qəhrəman Vətən oğullarını siz gənclərə daha yaxından tanıtmaq və örnək göstərməkdir”, - deyən S.Çobanov gənclərə nümunəvi addımlarına görə razılığını ifadə edib.
Vətən müharibəsi şəhidi tibb xidməti leytenantı Adil Əfəndiyevin atası Qədir Əfəndiyev şəhid ailəsi kimi hər zaman onlara göstərilən qayğıdan razılıq edib və buna görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Şəhid atası övladının doğum və anım günlərində, əlamətdar günlərdə, bayramlarda yad olunmasını razılıq hissi ilə qarşılayıb. Şəhid atası qeyd edib ki, “Adil Vətəninə, torpağına, peşəsinə, ən nəhayət dostluğa olan sədaqətini nümayiş etdirdi. Komandirini döyüş meydanında tək qoymayaraq onunla birlikdə Şəhidlik zirvəsinə ucaldı. Bu gün mənə hər kəs Adilin atası deyə müraciət edir. Bu, çox qürurvericidir. Qanı ilə adını tarixə yazdırmış Adil kimi bir oğulun atası olmaq şərəfli və məsuliyyətlidir. Şəhid atası kimi siz gənclərə tövsiyəm odur ki, Adil kimi qəhrəmanlarımızı gələcək nəsillərə tanıdasınız. Bugünkü ziyarətlə bir daha onu göstərdiniz ki, siz gənclərimiz var olduqca Adil kimi qəhrəman oğullarımız daim yad olunacaqlar”.
Şəhid Adil Əfəndiyev 12 avqust 1995-ci ildə Qazax şəhərində anadan olmuşdur. 2001-ci ildə Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin 1-ci sinifinə daxil olmuş, 2012-ci ildə həmin məktəb-liseyin 11-ci sinifini bitirmişdir. 2012-ci ildə Azərbaycan Tibb Universitetinə daxil olmuşdur. 2018-ci ildə Azərbaycan Tibb Universitetinin Hərbi Tibb fakültəsinin “Hərbi həkim işi” ixtisasını bitirmişdir. Təyinatla Naxçıvan Muxtar Respublikasının Culfa rayonunda həkim kimi hərbi xidmətə başlamışdır. “N” saylı hərbi hissənin qərargah və təchizat bölüyünün tibb məntəqəsinin rəisi, tibb xidməti leytenantı Adil Əfəndiyev 22.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. Qəhrəman şəhidimiz 25.10.2020-ci ildə Qazax şəhər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Subay idi.
25 yaşında Şəhidlik zirvəsinə yüksələn tibb xidməti leytenantı Adil Əfəndiyevin döyüş meydanında göstərdiyi igidlik ölkə Prezidenti tərəfindən də yüksək qiymətləndirildi. O, ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 29 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Şuşanın azad olunmasına görə”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” medalları, 25 iyun 2022-ci il tarixli Sərəncamına əsasən 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif olunmuşdur.
Qazax Rayon İcra Hakimiyyəti başçısının “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 31 mart 2023-cü il tarixli 9-23/106 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordenli şəhidimizin adı verilib.
Qəhrəman şəhidimizin adını əbədiəşdirmək üçün Qazax Rayon Mərkəzi Xəstəxanasının qarşısında bulaq-abidə kompleksi inşa olunub. Qazax şəhərində yaşadığı evin önündə barelyefi vurulub. Bakı şəhərində isə yaşadığı binanın önündə barelyefi vurularaq abidə ucaldılıb.
Vaxtilə təhsil aldığı Qazax şəhər Mehdi Hüseyn adına Humanitar və Təbiət Fənlər Təmayüllü Məktəb-Liseyin həyətində şəhid məzunların - tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, baş leytenant Nəsibov Xaliddin Vaqif oğlunun, gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun xatirəsinə bulaq inşa edilib.