Şriftin ölçüsü :

Saytın rəngi :

Vətən müharibəsində göstərdiyi igidliyə görə ölümündən sonra bir orden, yeddi medalla təltif olunan əsgər Sakit Allahverdiyev ildönümündə ehtiramla yad edilib

13 noyabr 2022 | 14:41

Şanlı Azərbaycan Ordusunun Vətən müharibəsində qazandığı böyük Qələbə, tarixi Azərbaycan ərazisi olan Qarabağın və ətraf rayonlarımızın işğaldan azad olunması ilə 2020-ci il Zəfər salnaməsinin yazıldığı il kimi xalqımızın yaddaşına əbədi həkk olundu. Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı ordumuzun sayəsində Zəfər sevincini yaşayan Azərbaycan xalqı qalib ölkənin vətəndaşı olaraq 2020-ci ili Qələbə ili kimi yaddaşlarına qızıl hərflərlə yazdılar. Azərbaycan Ordusunun əsgər və zabitlərinin, hərbçilərimizin, igid Vətən övladlarının 44 günlük İkinci Qarabağ müharibəsində göstərdikləri qəhrəmanlıqlar, hər gün döyüş meydanından aldığımız Qələbə xəbərləri sayəsində bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü, qüdrətini bir daha gördü.

Əsgər Allahverdiyev Sakit Şahin oğlu da Vətən müharibəsində uca bir məqama – Şəhidlik zirvəsinə yüksələn oğullarımızdandır.

Noyabrın 13-də 44 günlük savaşda qəhrəmanlığı ilə dastan yazan şəhidimizin ildönümüdür. Bu gün döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, "Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun şəhadətindən 2 il ötür. 

Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul şəxsləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, şəhid ailələri, müharibə əlilləri qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsini dərin ehtiramla yad ediblər. 

Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. Bu gün qəhrəmanlıq simvolumuza çevrilən Sakit kimi qəhrəman oğullarımızla, şəhidlərimizlə nəinki doğulduğu el-obanın, eləcə də bütöv Azərbaycanın, xalqımızın fəxr etdiyi, hər bir azərbaycanlının qürur duyduğu bildirilib. Vətən müharibəsində iştirak edərək Qarabağ uğrunda şəhid olmuş bütün şəhidlərimiz kimi, Sakit Allahverdiyevin də Azərbaycan xalqının, qazaxlıların qəlbində daim yaşayacağı qeyd olunub. Azərbaycanın bütövlüyü, toxunulmazlığı və azadlığı uğrunda canından keçən şəhidlərimizin ömür yolunun gələcək nəsillərə, gənclərə örnək olduğu, onları tanımağın, xatirələrini əbədi tutmağın hər bir azərbaycanlının vətəndaşlıq borcu olduğu vurğulanıb. Söylənilib ki, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməli, Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Erməni işğalından azad olunan torpaqlarda üçrəngli bayrağımızın dalğalanması üçün canından keçən bütün şəhidlərimizin, o cümlədən Sakit Allahverdiyevin əziz xatirəsi daim ehtiramla anılacaq. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuz, onlarla qürur duyduğumuz qeyd edilib. Ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğu vurğulanıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı qeyd olunub.

 

Şəhid Sakit Allahverdiyev 24 dekabr 2001-ci ildə Ağstafa rayonunun Tatlı kəndində anadan olmuşdur. 2007-ci ildə Qazax rayon Elşən Cəfərov adına Çaylı kənd 2 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2018-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2020-ci ilin yanvar ayının 26-da Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən Azərbaycan Silahlı Qüvvələrinə həqiqi hərbi xidmətə çağırılmışdır. Torpaqlarımızın azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuş “N” saylı hərbi hissənin Qərargah bölüyünün 3-cü mühafizə tağımının 3-cü mühafizə manqasının atıcısı əsgər Sakit Allahverdiyev 13.11.2020-ci ildə Çaylı kəndindəki Şəhidlər xiyabanında izdihamla dəfn edilmişdir. Subay idi.

Müzəffər Azərbaycan Ordusunun şücaətli igidlərindən olan Sakit Allahverdiyev ölümündən sonra Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 30 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Hərbi xidmətlərə görə”, 24 iyun 2021-ci il tarixli Sərəncamlarına əsasən “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”, “Cəbrayılın azad olunmasına görə”, “Kəlbəcərin azad olunmasına görə”, 5 noyabr 2021-ci il tarixli Sərəncamlarına əsasən “Azərbaycan Bayrağı” ordeni, “Şuşanın azad olunmasına görə” medalı ilə təltif edilmişdir.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun “Şəhid adlarının əbədiləşdirilməsi məqsədilə Qazax şəhərində mövcud olan adsız küçələrə şəhid olmuş şəxslərin adlarının verilməsi haqqında” 30 noyabr 2021-ci il tarixli 9-21/402 nömrəli Sərəncamına əsasən şəhər ərazisində adsız olan küçələrdən birinə “Azərbaycan Bayrağı” ordenli şəhidimizin adı verilib.

 

Keçidlər