Vətən müharibəsində şəhid olan qazaxlı çavuş Xaliddin Veyisli ildönümündə yad olunub
Bu gün bütün dünya Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusunun döyüş meydanında qazandığı tarixi Qələbədən, böyük Zəfərdən danışır. 2020-ci ilin 27 sentyabrında başlayan və 44 gün davam edən Vətən müharibəsində torpaqlarımızı 30 il işğal altında saxlayan düşmən döyüş meydanında Azərbaycan Ordusunun gücünü, qüdrətini gördü. Hərbçilərimiz, əsgərlərimiz göstərdikləri şücaətlə, qəhrəmanlıqla bütün dünyaya sübut etdilər ki, Azərbaycanın güclü ordusu var. Ən əsası da həmin ordu öz torpağımızda vuruşaraq, öz torpağımızı qorudu və işğalçıları öz torpaqlarımızdan qovdu. Ali Baş Komandanın “İrəli!” əmrini layiqincə yerinə yetirərək Vətən torpaqlarının ərazi bütövlüyünü bərpa edən hərbçilərimizə, əsgərlərimizə, canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə diqqət ayırmaq, qayğı göstərmək hər birimizin borcudur.
Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə yüksələn qəhrəmanlarımızdan biri də çavuş Veyisli Xaliddin Zərgər oğludur.
Oktyabrın 27-də 44 günlük Vətən müharibəsində qəhrəmanlığı ilə dastan yazan şəhidimizin ildönümüdür. Döyüş meydanında göstərdiyi igidliyə görə ölümündən sonra ölkə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən "Vətən uğrunda”, "Döyüşdə fərqlənməyə görə”, "Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş igid Vətən oğlunun şəhadətindən 2 il ötür.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov, icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov, köməkçisi Akif Əmirov, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, şəhid ailələri, müharibə əlilləri qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir dilənilib. Bu gün vətəndaş olaraq hər birimizin doğma Qarabağımızı düşmən tapdağından azad edən, bu yolda canından keçən əsgər və zabitlərimizə borclu olduğumuz bildirilib. Qeyd edilib ki, qanları ilə dastan yazan şəhidlərimizin ruhları qarşısında baş əyməli, Vətən naminə döyüşən və yaralanan qazilərimizlə, canlarından keçən şəhidlərimizlə hər zaman qürur duymalı, onları tanımalı və tanıtmalıyıq. Erməni işğalından azad olunan torpaqlarda üçrəngli bayrağımızın dalğalanması üçün canından keçən bütün şəhidlərimizin, o cümlədən Xaliddin Veyislinin əziz xatirəsi daim ehtiramla anılacaq. Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qüdrətli Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı şanlı Qələbəyə Ali Baş Komandana, şanlı Azərbaycan Ordusuna, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuz, onlarla qürur duyduğumuz qeyd edilib. Ölkəmizdə Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğu vurğulanıb. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyü, şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağı qeyd olunub.
Şəhid atası Zərgər Veyisov şəhid ailəsi kimi hər zaman ailəsinə göstərilən diqqət və qayğıya görə razılığını ifadə edib, ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, rayon rəhbərliyinə minnətdarlığını bildirib. Şəhidimizin xatirəsinin yad olunmasını övladının timsalında bütün şəhidlərimizə olan hörmət və ehtiramın bariz nümunəsi kimi qiymətləndirib.
Şəhid Xaliddin Veyisli 14 sentyabr 1981-ci ildə Qazax rayonunda anadan olmuşdur. 1987-ci ildə Qazax şəhər Səlim Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 1998-ci ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 1999-cu ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsi tərəfindən həqiqi hərbi xidmətə çağırılmış, 2001-ci ildə hərbi xidməti başa vurmuşdur. 2008-ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmətdə olmuşdur.
Xaliddin Veyisli qulluq vaxtı daim nizam-intizam qaydalarına riayət etmiş, döyüş hazırlığına və qüsursuz xidmətə görə müdafiə naziri və hərbi hissə komandirləri tərəfindən medallara və fəxri fərmanlara layiq görülmüşdür. O, Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0107 №-li 24 iyun 2013-cü il tarixli Əmri əsasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi (1918-2013)", Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 0190 №-li 26 iyun 2018-ci il tarixli Əmri əsasında "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 100 illiyi (1918-2018)" yubiley, habelə Azərbaycan Respublikası Prezidentinin adından Azərbaycan Respublikası Müdafiə Nazirinin 26 iyun 2018-ci il tarixli Əmri əsasında "Qüsursuz xidmətə görə" 3-cü dərəcəli medallarla təltif olunmuşdur. Həmin müddətdə bir neçə dəfə fəxri fərman da almışdır.
"N” saylı hərbi hissəsinin manqa komandiri, (MAHHXHQ), çavuş Xaliddin Veyisli 26.10.2020-ci ildə qəhrəmancasına şəhid olmuşdur. 27.10.2020-ci ildə Qazax şəhərindəki Şəhidlər qəbiristanlığında izdihamla dəfn edilmişdir. Ailəliydi. Jalə adlı qız, Fəqan adlı oğul övladı yadigar qalıb. Qızı Jalə Veyisli Qazax şəhər Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-liseyin VII, oğlu Fəqan Veyisli isə V sinif şagirdidir.
Bütün şəhidlərimiz kimi Xaliddin Veyislinin də göstərdiyi şücaət dövlətimiz, ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilib. Medallarla təltif olunan şəhidlərimizin arasında şəhid çavuşumuzun da adı var. Xaliddin Veyisli ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Döyüşdə fərqlənməyə görə” , 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən "Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdir. Şəhərin mərkəzində Heydər Əliyev prospektində adını əbədiləşdirən bulaq inşa olub.