Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Oruc Qasımovun bu gün ildönümüdür
44 günlük Vətən müharibəsində cənab Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun qazandığı tarixi Qələbə dövlətimizin qüdrətinin bütün dünyaya nümayişi oldu. Azərbaycanın 44 günlük müharibədə qazandığı tarixi uğur bütün dünyaya sübut etdi ki, Azərbaycan güclü dövlətdir və güclü ordusu var. Müzəffər Ordumuzun 2020-ci ilin 27 sentyabrında başlayan Zəfər yürüşü 10 noyabrda böyük tarixi Qələbə ilə nəticələndi.
Qazanılan Qələbədə, Zəfərdə payı olan, Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də Aşağı Əskipara kənd sakini əsgər Qasımov Oruc Afiq oğludur.
Oktyabrın 16-da 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin şəhadətindən 2 il ötür.
Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, icra aparatının məsul işçiləri, rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, əməkdaşları, şəhid ailələri, müharibə əlilləri qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsini dərin ehtiramla yad ediblər.
Birinci müavin M.Alıyev şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Rayon rəhbəri Rəcəb Babaşovun səmimi ürək sözlərini çatdırıb, Vətən müharibəsində qəhrəmanlıq göstərən şəhidlərimizi yad etməyin hər bir azərbaycanlının mənəvi borcu olduğunu söyləyib. Vətən üçün canını fəda edən Oruc Qasımov kimi igid Vətən oğullarının döyüşdə göstərdiyi qəhrəmanlığın hər kəs üçün örnək olduğunu, Oruc kimi oğullarımızın hər an bizim qəlbimizdə yaşayacağını qeyd edib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Oruc kimi qəhrəman şəhidimizə, qazilərimizə minnətdar olduğumuzu dilə gətirib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu bildirib. Qazaxda ilk gündən rayon rəhbərliyi tərəfindən bu amilin əsas götürüldüyünü qeyd edən birinci müavin şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.
Şəhid ailələrinə göstərilən qayğıya görə razılığını bildirən şəhidimizin atası Afiq Qasımov buna görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlığını bildirib. Ailəsini daim diqqətdə saxladığına, ziyarət etdiyinə görə rayon rəhbərliyinə razılıq edib.
Şəhid Oruc Qasımov 26 oktyabr 1996-cı ildə Qazax rayonunda anadan olmuşdur. 2003-cü ildə İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2014-cü ilin oktyabr ayından 2016-cı ilin aprel ayınadək Cəlilabad rayonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. 2017–ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. “N” saylı hərbi hissənin heyət nəfəri MAHHXHQ əsgər Oruc Qasımov 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Oruc Qasımov 16.10.2020-ci il tarixdə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
Vətən torpaqlarının düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən bütün şəhidlərimiz kimi şəhid Oruc Qasımovun da igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Şəhid Oruc Qasımov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.