Vətən müharibəsində Şəhidlik zirvəsinə ucalan Oruc Qasımovun ildönümündə əziz xatirəsi anılıb
Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Qələbə dövlətimizin qüdrətini bütün dünyaya nümayiş etdirdi. Azərbaycanın 44 günlük müharibədə qazandığı şanlı zəfər bütün dünyaya sübut etdi ki, Azərbaycan güclü dövlətdir və güclü ordusu var. Müzəffər Ordumuzun 2020-ci ilin 27 sentyabrında başlayan Zəfər yürüşü 10 noyabrda böyük tarixi Qələbə ilə nəticələndi. 44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəman ordumuz Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şəhidlərimizin qisasını aldı, onların qanı yerdə qalmadı. 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə tarix yazan qəhrəman oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. Bu gün doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Artıq xalqımız ölkə başçısının müvafiq sərəncamlarına əsasən hər il sentyabrın 20-sini Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi də qeyd edəcəklər.
Qazanılan Qələbədə, Zəfərdə payı olan, Vətən uğrunda canından keçərək Şəhidlik zirvəsinə ucalan oğullarımızdan biri də Aşağı Əskipara kənd sakini əsgər Qasımov Oruc Afiq oğludur.
Oktyabrın 16-sı 44 günlük Vətən müharibəsində qanı ilə tarix yazan, ölümündən sonra “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə”, “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuş qəhrəman şəhidimizin ildönümüdür. İgid Vətən oğlunun şəhadətindən 4 il ötür.
Oktyabrın 16-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qazax Rayon Şöbəsinin rəisi vəzifəsini müvəqqəti icra edən polkovnik-leytenant Xalid Abasovla birlikdə igid Vətən oğlunun evində olub, qəhrəman şəhidimizin ildönümündə əziz xatirəsini dərin ehtiramla yad edib. Şəhidimizin ruhuna dua oxunub, xatirəsi böyük ehtiramla anılıb.
İcra Başçısı Rəcəb Babaşov şəhidimizə Allahdan rəhmət, ailəsinə səbir diləyib. Rayon rəhbəri Vətən uğrunda canlarını fəda edən şəhidlərimizi yad etməyin hər bir azərbaycanlının mənəvi borcu olduğunu söyləyib. Vətən üçün canını fəda edən Oruc Qasımov kimi igid Vətən oğullarının döyüşdə göstərdiyi qəhrəmanlığın hər kəs üçün örnək olduğunu, Oruc kimi oğullarımızın hər an bizim qəlbimizdə yaşayacağını qeyd edib. 44 günlük Vətən müharibəsində əldə etdiyimiz şanlı Qələbəyə görə Müzəffər Ali Baş Komandana, Azərbaycan Ordusuna, Oruc kimi qəhrəman şəhidimizə, qazilərimizə minnətdar olduğumuzu dilə gətirib. Bu gün Ali Baş Komandan İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə, qazilərimizə göstərdikləri qayğının hər bir dövlət məmuruna örnək olduğunu bildirib. Qazaxda ilk gündən bu amilin əsas götürüldüyünü qeyd edən icra başçısı şəhid ailələrinə, qazilərimizə göstərilən qayğının bundan sonra da yüksək səviyyədə olacağını söyləyib.
Şəhid Oruc Qasımov 26 oktyabr 1996-cı ildə Qazax rayonunda anadan olmuşdur. 2003-cü ildə İslam Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbin 1-ci sinifinə daxil olmuş, 2014-cü ildə həmin məktəbin 11-ci sinifini bitirmişdir. 2014-cü ilin oktyabr ayından 2016-cı ilin aprel ayınadək Cəlilabad rayonunda Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olmuşdur. 2017–ci ildən Azərbaycan Silahlı Qüvvələrinin "N” saylı hərbi hissəsində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu (MAHHXHQ) kimi xidmət etmişdir. “N” saylı hərbi hissənin heyət nəfəri MAHHXHQ əsgər Oruc Qasımov 13.10.2020-ci il tarixdə Füzuli-Cəbrayıl-Xocavənd rayonları istiqamətində gedən döyüşlər zamanı düşmənin hücumunun qarşısını alarkən qəhrəmancasına şəhid olmuşdur. Oruc Qasımov 16.10.2020-ci il tarixdə Qazax rayonunun Ağköynək kənd qəbiristanlığında izdihamla dəfn olunmuşdur. Subay idi.
Vətən torpaqlarının düşmən işğalından azad olunmasında qəhrəmanlıq göstərən bütün şəhidlərimiz kimi şəhid Oruc Qasımovun da igidliyi dövlətimiz tərəfindən yüksək qiymətləndirildi. Şəhid Oruc Qasımov ölümündən sonra cənab Prezident İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Döyüşdə fərqlənməyə görə”, 25 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.
Qazax şəhərinin Hüseyn Arif küçəsində “Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində şəhid kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun, çavuş Veyisli Xaliddin Zərgər oğlunun, əsgər Məmmədov Tural Elxan oğlunun, (MAHHXHQ) əsgər Qasımov Oruc Afiq oğlunun adını əbədiləşdirən bulaq inşa olunub.