Vətəndaşlarla keçirilən növbəti səyyar görüş Birinci Şıxlı kəndində olub
Prezident İlham Əliyevin icra hakimiyyəti başçılarını, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərini qəbul edən zaman dövlət məmurları haqqında səsləndirdiyi fikirlər, onlara daim xalqın içində olmaları, icra başçılarına bütün kəndləri gəzmələri, sakinlərlə görüşmələri, vətəndaşların qayğılarını öz dillərindən eşitmələri, onların problemlərini yerində öyrənmələri, düzgün təhlil aparmaları, vətəndaş məmnunluğunun əsas götürülməsi barədə verdiyi tapşırıq və tövsiyələr onu göstərir ki, ölkəmizdə dövlət siyasətinin əsasını vətəndaş amili təşkil edir.
Ölkə Prezidentinin insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların qayğılarına xüsusi həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları Qazaxda da olduğu kimi icra olunur. Əhalini narahat edən problemlərin yerlərdə birbaşa həlli və sosial əhəmiyyətli sifarişlərin müəyyən edilməsi məqsədilə Qazax Rayon İcra Hakimiyyəti başçısının şəhər və kəndlərdə keçirilən səyyar qəbulları da bu məqsədi daşıyır.
Oktyabr ayı üzrə vətəndaşlarla nəzərdə tutulan növbəti səyyar görüş ayın 19-da Birinci Şıxlı kəndində olub. Qazax rayon Musa Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbdə rayonun hüquq-mühafizə orqanlarının, aidiyyəti idarə, müəssisə və təşkilat, xidmət sahələri rəhbərlərinin, əməkdaşlarının, kənd sakinlərinin iştirak etdiyi səyyar görüşdə ölkə başçısı tərəfindən əhalinin maddi rifah halının, sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən işlərdən, atılan addımlardan, ölkəmizdə və rayonda aparılan quruculuq işlərindən söz açılıb.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinlərini salamlayıb, hər zaman olduğu kimi, bugünkü səyyar görüşün əsas məqsədinin vətəndaşları narahat edən qayğıları, qaldırılan məsələləri, səslənən fikirləri dinləmək, həlli istiqamətində əməli işlər görmək, ehtiyac yarandığı halda aidiyyəti təşkilatlar, mərkəzi icra hakimiyyəti orqanları qarşısında məsələ qaldırmaq olduğunu bildirib.
İcra başçısı qeyd edib ki, 15 oktyabr 2023-cü il tarixdə Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Ölkə başçısının qeyd etdiyi kimi, bu gün Xankəndidəyik, Xankəndinin mərkəzindəyik, Azərbaycan Gerbi, Azərbaycan Bayrağı altında. Bu, böyük xoşbəxtlikdir və tarixi hadisədir. Bu Qələbə bizim tariximizdə əbədi olacaq. Bizdən sonra gələn nəsillər bu Qələbə ilə əbədi və haqlı olaraq fəxr edəcəklər. Rayon rəhbəri qeyd edib ki, dövlət başçısının Füzulidə səsləndirdiyi kimi, əziz şəhidlərimizin xatirəsinə dərin ehtiramımızı ifadə edirik. Bu günə görə biz onlara borcluyuq. Bu, həqiqətdir. Dövlətin nə qədər gücü olsa, nə qədər silahı olsa, nə qədər düzgün hərbi əməliyyatlar planlaşdırılsa da, Qələbəni əldə edən əsgərdir, zabitdir. Hərbçilərimizin qəhrəmanlığı bizim yaddaşımızdan heç vaxt silinməməlidir. Biz heç vaxt işğalı, əzab-əziyyəti unutmamalıyıq. Gənc nəsil də bunu bilməlidir. Bu gün məktəbdə oxuyan uşaqlar da bunu bilməlidir. Gənc nəsil vətənpərvərlik ruhunda tərbiyə almalıdır. Şəhidlərin qəhrəmanlığı unudulmazdır. 2020-ci ilin yaddaşlara 44 günlük Vətən müharibəsində qazandığımız tarixi Qələbə ilə əbədi həkk olunduğunu qeyd edən icra başçısı bu Zəfəri bizlərə bəxş edən Ali Baş Komandana, hərbçilərimizə, şəhidlərimizə, qazilərimizə borclu və minnətdar olduğumuzu dilə gətirib. İcra başçısı bütün kəndlərimizdən olduğu kimi, Birinci Şıxlı kəndindən də torpaqlarımızın azadlığı uğrunda canından keçən igid oğullarımızın olduğunu qeyd edib. Qəhrəman kəndin Birinci Qarabağ müharibəsində 2 nəfər, 44 günlük Vətən müharibəsində 7 nəfər şəhid verdiyini bildirib. 2 nəfər Birinci Qarabağ müharibəsi, 2 nəfər Vətən müharibəsi əlilinin olduğunu qeyd edib. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsində Birinci Şıxlı kəndindən 71 nəfərin iştirak etdiyini, onlardan 42 nəfərin hərbi səfərbərliklə cəlb olunduğunu söyləyib. İcra başçısı istər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsi şəhidlərinin xalqımızın, qazaxlıların, eləcə də doğma həmkəndlilərinin qəlbində əbədi yaşayacağını, əziz xatirələrinin daim ehtiramla anılacağını qeyd edib. Rayon rəhbəri Respublika Prezidenti İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən şəhid ailələrinə və qazilərimizə göstərilən qayğının Qazaxda bundan sonra da hər zaman nümunə götürüləcəyini bildirib.
İcra başçısı son illər ölkə Prezidentinin rəhbərliyi altında "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurla icrası edilməsi sayəsində respublikamızın bölgələrində olduğu kimi, Qazaxda aparılan quruculuq işlərinin də geniş miqyas aldığını bildirib. Bu gün Dövlət Proqramında icrası nəzərdə tutulan məsələlərin böyük əksəriyyətinin müsbət həll olunduğunu qeyd edib.
Rayon rəhbəri dövlət başçısının diqqət və qayğısı sayəsində respublika və yerli əhəmiyyətli yeni asfalt yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamların Qazaxda uğurla icra olunduğunu, son illər rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Daş Salahlı-Ürkməzli-Dəmirçilər, Fərəhli kəndlərinə yeni asfalt yolların çəkilməsini bu sahədə görülən işlərin əyani sübutu kimi qeyd edib. Rayon rəhbəri Birinci Şıxlı kəndində kəndarası yolların asfaltlanmasının nəzərdə tutulduğunu qeyd edib.
Rayon rəhbəri ölkə Prezidentinin və Birinci vitse-prezidentin respublikamızda təhsil sahəsinə göstərdikləri qayğının Qazaxda yüksək səviyyədə hiss olunduğunu söyləyib. İcra başçısı rayonda dövlət tərəfindən təhsil sahəsinə olan qayğının əyani göstəricisi olaraq "Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın həyata keçirilməsi üzrə hazırlanmış tədbirlər planına Qazax rayonu üzrə 11 məktəb binasının əsaslı təmirinin və ya tikintisinin salınmasını göstərib. Heydər Əliyev Fondu tərəfindən reallaşan "Yeniləşən Azərbaycana yeni məktəb” proqramı çərçivəsində Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan 1176 şagird yerlik Kosalar kənd tam orta məktəbin əsaslı şəkildə yenidən qurulmasını, Qazax rayon Şahnabad Nəsibova adına Sarıvəlli kənd tam orta məktəb üçün 220 şagird yerlik yeni binanın tikilməsini, Elm və Təhsil Nazirliyi tərəfindən Aydın Məmmədov adına Qaymaqlı kənd tam orta məktəb üçün 180 şagird yerlik yeni binanın inşa olunmasını, Mehdi Hüseyn adına humanitar və təbiət fənləri üzrə məktəb-lisey binasının sökülərək yenidən tikilməsini dövlətin Qazaxda təhsil sahəsinə olan qayğısı kimi qiymətləndirib. Rayon rəhbəri təhsil sahəsinə göstərilən dövlət qayğısının daha bir bariz nümunəsi kimi ADA Universitetinin "Bir müəllimin manifesti” təşəbbüsü çərçivəsində tariximizin incisi olan Qazax Müəllimlər Seminariyasının binasını bərpa etməsini, bu gün Müəllimlər Seminariyası/ADA Universiteti Qazax Mərkəzi kimi fəaliyyət göstərməsini qeyd edib.
İcra başçısı bildirib ki, son illər Qazaxda daim diqqət ayrılan sahələrdən biri uşaqlara göstərilən qayğıdır. Həmin qayğının bariz nümunəsi bu gün rayonda mövcud olan 25 məktəbəqədər təhsil müəssisəsindən (6-sı şəhər, 19-u kənd üzrə) 21-nin müasir tələblərə cavab verən səviyyədə olmasıdır. İcra başçısı qeyd edib ki, bu gün rayonda 14 kənddə bağça yoxdur ki, həmin kəndlərdən biri də məhz Birinci Şıxlı kəndidir. İcra başçısı bu məsələnin də daim gündəmdə olduğunu diqqətə çatdırıb.
Son illər rayonda kənd təsərrüfatının inkişaf etdirilməsindən, əkin sahələrinin genişləndirilməsi istiqamətində görülmüş işlərdən söz açan icra başçısı Birinci Şıxlı kəndində əkin sahəsinin artdığını qeyd edib. Rayon rəhbəri 2016-cı ildən bu yana Birinci Şıxlı kəndində əkin sahəsinin 534,2 hektardan 1380,6 hektara çatdırıldığını söyləyib. Rayonun bütün kəndlərində olduğu kimi, Birinci Şıxlı kəndində də subartezian quyusunun qazıldığını, hazırda 5 ədəd subartezian quyusunun sakinlərin istifadəsində olduğunu bildirən rayon rəhbəri bu sahədə görülən işlərin bundan sonra da uğurla davam etdiriləcəyini söyləyib. Bütün kəndlərdə, o cümlədən də Birinci Şıxlı kəndində içməli su probleminin aradan qaldırılacağını bildirib. Rayon rəhbəri hazırda ölkə Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax rayonunun sərhədyanı bölgədə yerləşən 3 kəndinin - Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərinin içməli su təchizatının yaxşılaşdırıldığını vurğulayıb. Birinci Şıxlı, eləcə də digər kəndlərdə zamanla içməli su təchizatının yaxşılaşdırılacağını söyləyib.
Rayon rəhbəri kənddə əhalinin məşğulluğunun təmin olunması sahəsində görülmüş işləri də diqqətə çatdırıb. Kənddə 17 nəfərin “Özünüməşğulluq” proqramına cəlb edildiyini, onlardan 5 nəfərin şəhid ailəsi, 7 nəfərin Vətən müharibəsi əlili, 5 nəfərin isə aztəminatlı ailə olduğunu qeyd edib.
Rayonda, eləcə də kəndlərdə elektrik enerjisi və mavi yanacaqla bağlı mövcud vəziyyəti qeyd edən rayon rəhbəri bu istiqamətdə görülən işlərdən söz açıb. Bu gün rayonun sərhəd kəndlərində SİP kabelləşmə işinin başa çatdığını, digər kəndlərdə olduğu kimi, Birinci Şıxlı kəndində də SİP kabelləşmənin başa çatdırılacağını, elektrik dayaqlarının dəyişdiriləcəyini, eləcə də rabitə xəttinin yenilənəcəyini, optik internet xəttinin çəkildiyini bildirib. Kənddə Kür çayının ətrafında sahilbərkitmə işlərinin aparılmasının vacibliyini diqqətə çatdıran icra başçısı bu sahədə lazımi addımların atıldığını, aidiyyəti təşkilatlar qarşısında məsələ qaldırıldığını qeyd edib.
"Bu gün görüşməkdə əsas məqsədimiz siz vətəndaşları dinləmək, kənddəki mövcud vəziyyəti sizin dilinizdən eşitməkdir”, - deyən icra başçısı sakinləri narahat edən məsələləri dinləyib, qayğıları ilə maraqlanıb.
Kənd sakinləri onlarla mütəmadi olaraq görüşə gəldiyinə, daim diqqət və qayğı göstərdiyinə görə rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Son illər rayonda, eləcə də Birinci Şıxlı kəndində daim yeniliklərin əyani şahidi olduqlarını qeyd ediblər. Bu gün dövlət başçısı və rayon rəhbərliyi tərəfindən görülən işləri, vətəndaşlara olan qayğını, səmimi münasibəti minnətdarlıq hissi ilə qarşıladıqlarını söyləyiblər. Ölkəmizdə vətəndaşlara göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə kənd sakinləri adından təşəkkür ediblər.
Görüşdə sakinlər minnətdarlıqla yanaşı, onları narahat edən bir sıra məsələlərdən də söz açıblar. Sakinlərin kənddə sipləşmə işlərinin sürətləndirilməsinə köməklik göstərilməsi və s. bağlı müraciətlərini dinləyən rayon rəhbəri qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını, diqqətlə baxılacağını bildirib.