YAP Qazax Rayon Təşkilatında “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib
Respublika Prezidenti İlham Əliyevin 29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023-cü il Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan edilib.
Yanvarın 12-də “Heydər Əliyev İli” çərçivəsində Yeni Azərbaycan Partiyası (YAP) Qazax Rayon Təşkilatında “20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin rolu” mövzusunda dəyirmi masa keçirilib.
Tədbir iştirakçıları əvvəlcə Ümummilli Lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının memarı Heydər Əliyevin təşkilatın inzibati binasında yerləşən büstü önünə gül dəstələri qoyaraq Ulu Öndərin əziz xatirəsinə olan dərin hörmət və ehtiramlarını bildiriblər.
Tədbirdə Ulu Öndər Heydər Əliyevin, 20 Yanvar faciəsi qurbanlarının və torpaqlarımızın azadlığı uğrunda canından keçən şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
YAP Qazax Rayon Təşkilatının sədri Anar Nəbiyev çıxış edərək 1990-cı ilin yanvarında Sovet imperiyasının qoşun birləşmələrinin Azərbaycan xalqına, dinc əhaliyə qarşı törətdiyi cinayətlərdən, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Ulu Öndərin müstəsna xidmətlərindən ətraflı danışıb. A.Nəbiyev qeyd edib ki, 33 il keçsə də törədilən bu vəhşilik öz tarixi mahiyyətini itirmir, necə deyərlər, xalqımızın tarixinin qanlı və şanlı səhifəsi olan 20 Yanvar faciəsi həm də müstəqil Azərbaycan respublikasının qurulmasında bir dönüş nöqtəsi oldu. Məhz, bunun nəticəsidir ki, 2020-ci ilin 27 sentyabrında başlayan 44 günlük Vətən müharibəsi 8 noyabr tarixində Azərbaycanın möhtəşəm Qələbəsi ilə sona çatdı. Bu tarixi Zəfər ilə bütün soyqırım, faciə, qətliam qurbanlarının, həm də Qarabağ müharibəsi şəhidlərinin qisası alındı. A.Nəbiyev məhz Ümummilli Lider Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra, 1994-cü ildə 20 Yanvar hadisələrinə siyasi-hüquqi qiymət verildiyini xüsusilə vurğulayıb.
Tədbirdə iştirak edən Qazax Rayon İcra Hakimiyyəti başçısının müavini, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Gulaya Həsənova çıxış edərək 1990-cı ilin Qanlı Yanvar hadisələri zamanı Vətənin müdafiəsinə qalxmış, haqsızlıq və ədalətsizliyə qarşı öz haqq səsini ucaltmış dinc əhalinin Sovet qoşunları tərəfindən amansızcasına qətlə yetirildiyi faciənin yalnız Azərbaycan xalqına qarşı deyil, ümumbəşəri dəyərlərə, humanizmə qarşı törədilən bir cinayət əməli olduğunu bildirib. 20 Yanvar faciəsinin Azərbaycan xalqının tarixində sadəcə kədərli bir hüzn günü kimi deyil, həm də millətimizin qəhrəmanlığını, mübarizliyini, yenilməzliyini əks etdirən bir oyanış günü olduğunu diqqətə çatdırıb. G.Həsənova xalqımıza qarşı törədilən bütün faciələrə, qətliamlara olduğu kimi, 20 Yanvar faciəsinə də ilk dəfə Ulu Öndər Heydər Əliyev tərəfindən siyasi-hüquqi qiymətin verildiyini söyləyib.
Tədbir iştirakçılarından Bakı Dövlət Universitetinin Qazax filialının Tədris və elmi işlər üzrə direktor müavini, Riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məmməd Yusifov, Qazax rayon Şahin Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəb ərazi partiya təşkilatının sədri Rəna Bayramova, partiya veteranları Bəsti Ələkbərova, Fərhad Qocamanov çıxış edərək 20 Yanvar həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında Ümummilli Lider Heydər Əliyevin əvəzsiz rolundan ətraflı söz açıblar.