Şriftin ölçüsü :

Saytın rəngi :

Zaur Əliyev Qazax şəhərində vətəndaşları qəbul edib

18 avqust 2023 | 17:00

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev avqustun 18-də Qazax Rayon Mərkəzi  Xəstəxanasında Qazax, Tovuz və Ağstafa rayon sakinlərini qəbul edib.

Görüşdən əvvəl Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev Ümummilli Lider Heydər Əliyevin Qazax şəhərindəki abidəsini ziyarət edib. Abidə önünə gül dəstələri qoyulub, Ulu Öndərin adını daşıyan mərkəz ziyarət edilərək əziz xatirəsi ehtiramla yad olunub.

Qazax, Tovuz və Ağstafa rayon mərkəzi xəstəxanalarının direktorlarının, Gəncə və Şəmkir filiallarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda 33 nəfər vətəndaşın müraciətinə baxılıb. Vətəndaşların müraciətləri əsasən əlillik məsələləri, iş və əmək münasibətləri, müayinə-müalicə, icbari tibbi sığorta çərçivəsində ixtisaslaşdırılmış tibb müəssisələrinə göndəriş vərəqələrinin verilməsi, dərman təminatı, kənd tibb məntəqələrinin təmiri ilə bağlı olub. Müraciətlər diqqətlə dinlənilib və bir sıra məsələlər yerində həll olunub. Digər müraciətlərin araşdırılması və qanunvericiliyə uyğun baxılması məqsədilə müvafiq tapşırıqlar verilib.

Qeyd edək ki, qəbul Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən “Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2023-cü ilin avqust ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu cədvəli”nə uyğun olaraq keçirilib. Vətəndaşların səyyar şəkildə qəbul edilməsi bölgələrdə müraciətlərin daha operativ baxılmasına, onların həlli istiqamətində optimal qərarların verilməsinə və vətəndaş məmnunluğunun artırılmasına xidmət edir.

Keçidlər