Şriftin ölçüsü :

Saytın rəngi :

Rayon haqqında


Qazax rayonu respublikanın qərb hissəsində, Kiçik Qafqaz dağ silsiləsinin yamaclarından başlayaraq Kür çayının sağ sahili boyunca uzanan Gəncə-Qazax düzənliyinin şərq hissəsində yerləşir. Qazax rayonu Şimal-qərbdən Gürcüstan Respublikası ilə 9 km, cənub qərbdən Ermənistanla 168 km sərhəddir. Ərazisi 692 kv.km, əhalisi 97562 (01.01.2019-cu ilin əvvəlinə) nəfərdir. Əhalinin 75752 nəfəri kəndlərdə, 21810 nəfəri isə şəhərdə yaşayır. Ərazinin 77 kv.kilometri (11%-i), yəni 7 kəndi işğal altındadır, 5 kəndi isə erməni silahlı birləşmələrinin daim atəşinə məruz qalır.
Ulu Öndər Heydər Əliyev 3 dəfə, Möhtərəm Prezidentimiz İlham Əliyev cənabları isə 8 dəfə Qazax rayonuna səfər etmişdir. Ulu Öndər Heydər Əliyev Qazağa səfəri zamanı demişdir: “Siz əziz qazaxlılar, burada həm öz torpağınızı qoruyursunuz, həm Azərbaycanı qoruyursunuz. Siz bütün Azərbaycan xalqının dayağısınız”.
Əhalinin ümumi sayının 49,2%-i kişilər, 50,8 %-i qadınlardır. Əhalinin 99,6 %-ni azərbaycanlılar, 0,4%-ni isə digər millətlərin nümayəndələri təşkil edir. Rayonda 387  müharibə əlili, 2429 Qarabağ Müharibəsi Veteranı, 207 şəhid ailəsi, 8016 məcburi köçkün vardır.
Rayonda bir şəhər və 34 kənd yaşayış məntəqəsi olmaqla 23 inzibati ərazi dairəsi üzrə nümayəndəlik və 17 bələdiyyə fəaliyyət göstərir.
Qazax rayonu kənd təsərrüfatı rayonudur. İqtisadiyyatında heyvandarlıq, taxılçılıq, üzümçülük və meyvəçilik mühüm yer tutur. Ərazisinin 67,9 %-i və ya 47000 hektarı kənd təsərrüfatına yararlı torpaqlardır ki, bunlardan 51,15 %-ni və ya 24042 hektarını əkin sahələri təşkil edir.
Qazax rayonunun ümumi istifadəsində olan 69229 hektar torpaq sahəsinin 15402 hektar dövlət mülkiyyətində saxlanılmış, 29353 hektarı bələdiyyə mülkiyyətində, qalan 24474 hektarı isə xüsusi mülkiyyətə verilmişdir.
2003-2018-ci illərdə rayonda 350 müəssisə yaradılmış 14016 daimi olmaqla 16823 yeni iş yeri açılmışdır.
Rayonda 23 sənaye müəssisələri fəaliyyət göstərir. Onlardan 10  mədənçıxarma, 9 emal və 4 digər sahələrdir. Sənaye fəaliyyəti ilə 1223 nəfər məşğul olur. İstehsal olunan məhsulun satış yerinə görə bölgüsü  rayonda 45,1%, respublikada 17,4%,  respublikadan kənarda isə 37,5 % təşkil edir.
Rayonda 1 Bakı Dövlət Universitetinin Qazax filialı, 1 Qazax Dövlət Sosial İqtisadi Kolleci və 1 Peşə Liseyi, 44 ümumtəhsil məktəbi (33 tam orta, 1 məktəb lisey, 5 ibtidai, 5 ümumi orta),  25 məktəbəqədər və 2 məktəbdənkənar müəssisə fəaliyyət göstərir.
“Müalicə Diaqnostika Mərkəzi”, “Labmed” özəl tibb mərkəzi, Qazax Rayon Doğum evi,  Təcili və Təxirəsalınmaz Tibbi  Yardım Stansiyası, (113) Təxirəsalınmaz Tibbi  Yardım Stansiyası, 1 Gigiyena və Epidemiologiya Mərkəzi, 6 xəstəxana, 15 həkim və 13 tibb məntəqəsi əhaliyə səhiyyə xidməti göstərir.
Rayonda  “Heydər Əliyev Mərkəzi”,  “Şahmat Məktəbi”,  Qazax Dövlət Rəsm Qalereyası, Səməd Vurğun Poeziya Evi, Azərbaycan Yazıçılar Birliyinin Qazax zona filialı, Qazax Dövlət Dram Teatrı, 1 kinoteatr, "Avey" Dövlət Tarix Mədəniyyət Qoruğu, 3 muzey, 1 ev muzeyi,  2 uşaq musiqi məktəbi,  21 mədəniyyət evi, 43 kitabxana və  24 klub vardır.
Qazaxda ümumilikdə 113, o cümlədən dünya əhəmiyyətli 3, ölkə əhəmiyyətli 52, yerli əhəmiyyətli 58 tarixi memarlıq abidəsi vardır.
Rayonda  “Gənclər Mərkəzi”,  Qazax  Olimpiya İdman Kompleksi, Şəhər stadionu, 2 üzgüçülük hovuzu, 5 aerobika trenajor zalı və 2 atıcılıq tiri vardır.
Rayon ərazisində 6 ədəd özəl bank filialı, 1 ədəd özəl bank şöbələri,1 ədəd kredit ittifaqı və 4 ədəd bank olmayan kredit təşkilatı fəaliyyət göstərir.
Qazax rayonu ərazisindən 44 km uzunluğunda Bakı-Ələt-Qazax-Gürcüstan Respublikası ilə dövlət sərhəddi beynəlxalq avtomobil yolu keçir. Rayondaxili yolların uzunluğu 151 km-dir.
Rayonda 4 siyasi partiya, 4 məscid, 1 ziyarətgah, 4 islam yönüllü dini icma, 17 QHT fəaliyyət göstərir. 1 seçki dairəsi, 37 məntəqə və 45902 seçici vardır. Bundan başqa, rayon ərazisində olan 12 seçki məntəqəsi və 14116 nəfər seçici 106 saylı Tovuz-Qazax-Ağstafa seçki dairəsinə daxildir.
Qazax rayonunda kütləvi informasiya vasitələrindən “Göyəzən” ictimai-siyasi qəzeti və goyezen.az saytı fəaliyyət göstərir. Qəzetin və saytın təsisçisi Qazax rayonu İcra  Hakimiyyəti və qəzetin redaksiya heyətidir. Qəzet 1932-ci ildən, sayt isə 2016-cı ildən  fəaliyyətə başlamışdır. Qəzet əvvəllər “Kommuna yolu”, “Qalibiyyət Bayrağı” adı ilə nəşr olunmuş, 1988-ci ildə “Göyəzən” adlandırılmışdır.

Keçidlər