Tarixi
Qazax Azərbaycanın qərbində şəhər və inzibati rayondur, Azərbaycanın “qərb qapısı”dır. Şimal–şərqdən Gürcüstanla, şərqdən və şimaldan Ağstafa rayonu ilə, cənub və cənub–qərbdən Ermənistanla sərhəddir. Azərbaycanın qədim yaşayış məntəqələrindən biridir. Vaxtilə vilayət, sultanlıq, sonra isə qəza mərkəzi olmuşdur. Hazırda rayon mərkəzidir.
Qazax sultanlığı Qarabağ bəylərbəyliyinə daxil idi. Sultanlığın hakimləri sultan titulu daşıyır və irsi hakimiyyətə malik idilər. Hətta I Şah Abbasın fərmanı ilə 1605-ci ildə Şəmsəddin sultana xan rütbəsi verilmişdir. XVIII əsrin əvvəllərində Osmanlılar Qazağı aldıqdan sonra Qazaxda inzibati ərazi bölgüsü aparılmışdır. Qazax sancaqlıq elan edilərək 4 nahiyəyə bölünmüşdür. Bunlar Ağtala, İncə,Türk və Cuvar nahiyələri idi. Qazax sancaqlığında 205 kənd, 10 qışlaq və 5 köçəri tayfa qeydə alınmışdır. 1752-ci ildə Qazax sultanlığı Şəki xanlığına birləşdirilmişdir. 1819-cu ildə Qazax sultanlığı ləğv edilərək Qazax distansiyası yaradılmışdır. 1867-ci ilin dekabr ayında Yelizavetpol quberniyasının tərkibində Qazax qəzası yaradılmış, ərazisi 5908,24 kv.km, əhalisi 1911-ci ilin məlumatına görə 130 min nəfər olmuşdur. 1929-cu ildə Qazax qəzası ləğv edilmişdir. 1930-cu ilin avqust ayında Qazax rayonu yaradılmışdır.
Mərhum akademiklər Z.M.Bünyadovun və V.F.Minorskinin rəylərinə əsasən Qazağın əsası VIII əsrdə ərəb sərkərdəsi Mərzban İbn Məhəmməd tərəfindən qoyulmuşdur. Bu yaşayış məntəqəsinin 1270 il əvvəl də şəhər kimi mövcudluğu barədə IX-X əsr qaynaqlarında məlumatlar vardır.