İcra başçısı Kəmərli, Qaymaqlı və Aslanbəyli kəndlərində sakinlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə görülən işlərlə yerində tanış olub
Dövlət hər zaman öz vətəndaşının yanındadır. Ölkəmizdə bütün sahələrdə vətəndaş amilinin, vətəndaş məmnunluğunun əsas götürülməsindən bunu aydın şəkildə görmək olur. Prezident İlham Əliyev, Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən vətəndaşlara göstərilən qayğı onu söyləməyə əsas verir ki, vətəndaş amili dövlət siyasətinin prioritet istiqamətini təşkil edir.
Dövlətin, ölkə başçısının qayğısı Qazax rayonunda da hər zaman hiss olunur. Bu gün rayonun elə bir kəndi, qəsəbəsi, küçəsi olmaz ki, orada yaşayan sakinlər dövlətin qayğısı ilə əhatə olunmasın. Qazaxda rayonun bütün yaşayış məntəqələri ilə yanaşı, sərhəd kəndlərində yaşayan vətəndaşlar da daim dövlətin qayğısını hiss edirlər. Kənd sakinlərinin qaldırdıqları məsələlər, səsləndirdikləri fikirlər zamanla öz müsbət həllini tapır. Bu, bu gün də davam etdirilir.
Respublika Prezidenti İlham Əliyevin təsdiqlədiyi regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq Qazax rayonunun sərhədyanı bölgədə yerləşən 3 kəndinin içməli su təchizatı yaxşılaşdırılır. Dövlət investisiyası hesabına həyata keçirilən layihə Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərini əhatə edir. Bu kəndlərdə indiyədək su təchizatı sistemləri mövcud olmayıb. Kənd sakinləri suya olan tələbatlarını uzaq məsafədən daşımaqla ödəyiblər.
Təsdiqlənmiş layihəyə uyğun olaraq Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərinə içməli su 4 yeni subartezian quyusundan veriləcək. Layihə çərçivəsində nasos stansiyaları və su anbarlarının inşası da nəzərdə tutulub. Hazırda quyulararası, magistral və şəbəkə su xətlərinin, həmçinin anbarların tikintisi davam etdirilir. Layihə çərçivəsində 14 km magistral, 76 km km şəbəkə su xətlərinin inşası layihələndirilib. Qaymaqlı, Aslanbəyli və Kəmərli kəndlərində əhalinin ümumi istifadəsi üçün 496 ədəd bulaq quraşdırılacaq.
Layihə üzrə tikinti-quraşdırma işlərinin 2023-cü ilin yay aylarında başa çatdırılması nəzərdə tutulur. Yeni yaradılan infrastruktur Qazax rayonunun 3 kəndində 10 minədək sakinin içməli su təchizatını yaxşılaşdıracaq.
Hazırda “Azərsu” ASC tərəfindən sözügedən kəndlərdə əhalinin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə bulaq komplekslərinin və su anbarlarının inşası, həmçinin, su xətlərinin çəkilişi davam edir.
Aprelin 16-da Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri ilə birlikdə Kəmərli, Qaymaqlı və Aslanbəyli kəndlərində sakinlərin içməli su təchizatının yaxşılaşdırılması məqsədilə görülən işlərlə yerində tanış olub. Bulaq kompleksləri və su anbarlarının tikintisi, eləcə də su xətlərinin çəkilişi ilə bağlı görülmüş işlərin icra vəziyyəti ilə maraqlanıb.
Kənd sakinləri vətəndaşlara göstərilən diqqətə, qayğıya görə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, eləcə də rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər. Uzun illərdir mövcud olan içməli su probleminin aradan qaldırılmasına görə ölkə başçısına, əməyi, əziyyəti keçən insanlara razılıqlarını ifadə ediblər.