İcra başçısı rayonda aparılan abadlıq işləri ilə tanış olub
Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında qəbul edilən "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının uğurlu icrası sayəsində respublikamızda genişmiqyaslı quruculuq işləri həyata keçirilir. Bütün bölglərimizlə yanaşı, son dövrlər Qazax rayonu da böyük tikinti meydançasını xatırladır. Bunu ildən-ilə, gündən-günə rayonda geniş miqyas alan abadlıq işlərindən də görmək olur. Ölkə rəhbərinin tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması bu dediklərimizin əyani sübutudur. Şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5, Ələddin Qədirov küçəsində yerləşən 2,3,4 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
Rayonda aparılan quruculuq işləri bu gün də davam etdirilir. Respublikamızda əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində görülən işlər Qazaxda uğurla icra olunur. Çoxmənzilli yaşayış binalarının dam örtüyü yenilənir, blok və fasadı əsaslı şəkildə təmir edilir. Görülmüş bu işlər sayəsində bu gün rayonda Qazax Mənzil İstismar Sahəsinin balansında olan 164 çoxmənzilli yaşayış binasından 130-dan çoxu günün tələblərinə cavab verən səviyyəyə çatdırılıb.
Hazırda şəhərin Hüseyn Arif küçəsində yerləşən "Hərbi şəhərcik” adlanan yaşayış massivində hərbçi ailələrinin yaşadığı 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində su-kanalizasiya sisteminin çəkilişi başa çatdığı üçün abadlıq işləri aparılır. Belə ki, bina sakinlərinin rahat şəkildə gediş-gəlişini təmin etmək üçün binaların həyətinə asfalt örtüyü vurulur.
MİS-in balansında olan Zeynalabdin Tağıyev 22 ünvanında yerləşən birmərtəbəli binanın dam örtüyü də yenilənib, 20 saylı binada davam edir. Səməd Vurğun küçəsində isə sakinlərin rahat gediş-gəlişini təmin etmək üçün səkilərə tamet döşənir. Abadlıq işi aparılan daha bir ünvan isə Xalq yazıçısı İsmayıl Şıxlının adını daşıyan parkdır.
Mayın 31-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov abadlıq işləri aparılan ərazilərdə olub, işlərin mövcud vəziyyəti ilə maraqlanıb, aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Ölkə başçısının rəhbərliyi altında respublikamızda, eləcə də Qazaxda genişmiqyaslı quruculuq işlərinin aparılması rayon sakinləri tərəfindən də razılıqla qarşılanır. Bütün bunlara görə ölkə Prezidenti İlham Əliyevə minnətdarlıq edirlər.