Qazaxda Nəsrəddin Tusi küçəsinə çınqıl döşənib
Prezident İlham Əliyevin rəhbərliyi altında respublikamızın regionlarında genişmiqyaslı abadlıq və quruculuq işlərinin aparılması, uğurlu layihələrin həyata keçirilməsi onu deməyə əsas verir ki, ölkəmiz gündən-günə inkişaf edir. Son illər Respublika Prezidenti İlham Əliyevin rəhbərliyi altında "Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqram”larının qəbul edilməsi, çoxsaylı Dövlət Proqramına əsasən bölgələrimizdə aparılan abadlıq işləri də məhz bu məqsədə xidmət edir.
Son illər Qazax rayonunda həyata keçirilən abadlıq işləri, xüsusilə də ölkə rəhbərinin tapşırığına əsasən "Azərsu” ASC tərəfindən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması Qazaxın timsalında dediklərimizin bariz nümunəsidir. Belə ki, şəhərin Heydər Əliyev prospektində, Molla Pənah Vaqif, Səməd Vurğun, Azadlıq, Zeynalabdin Tağıyev, Murtuz Carçıyev, Əminə Dilbazi, Molla Vəli Vidadi, Hüseyn Arif, Məmməd Əmin Rəsulzadə, Əhməd Seyidov, Mehdi Hüseyn, Bakı, Firuddin Şamoyev, Əliağa Şıxlinski küçələrinə çəkilişdən sonra yeni asfalt örtüyü vurulub. Bundan əlavə, şəhərin Nəriman Nərimanov yaşayış massivində yerləşən 1,2,3,49 saylı, Heydər Əliyev prospektində yerləşən 61A,63,65,81,83,175,179 saylı, Azadlıq küçəsində yerləşən 31A,32,92,107,208,208A saylı, Şəhidlər Xiyabanı küçəsində yerləşən 12,14,25,27 saylı, Əliağa Şıxlinski küçəsində yerləşən 4,5 saylı, Ə.Qədirov küçəsində yerləşən 2,3,4 saylı, H.Arif küçəsində yerləşən 2,3,4,5 saylı çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq "Abad məhəllə” kimi sakinlərin istifadəsinə verilib.
Rayonda yeni yolların çəkilməsi ilə yanaşı, küçədaxili yollarda da həm nəqliyyat vasitələrinin, həm də vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. Hər il bu məqsədlə şəhərin ehtiyac olan küçələrinə çınqıl daşınıb tökülür və hamarlanır.
İyunun 6-da şəhərin daha bir küçəsinə - Nəsrəddin Tusi küçəsinə çınqıl tökülərək hamarlanıb.