Qazaxda yeni asfalt örtüyü döşənən Nəriman Nərimanov yaşayış massivində görülmüş işlər - FOTOLAR
Son illər Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə qəbul edilən regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurlu icrası sayəsində paytaxt Bakıda, eləcə də respublikamızın bölgələrində genişmiqyaslı quruculuq işləri həyata keçirilməkdədir. Bunu son bir neçə ildə Qazaxda aparılan abadlıq işləri söyləməyə əsas verir. Ölkə rəhbərinin tapşırığına əsasən Qazax şəhərinin içməli su və tullantı su sistemlərinin yenidən qurulması layihəsinin icrasından sonra prospekt və küçələrin asfaltlanması, səkilərə yeni tamet, bardür düzülməsi, qaz, elektrik, rabitə xətlərinin səliqəyə salınması, küçələrin işıqlandırılması, çoxmənzilli yaşayış binalarının həyətində abadlıq işləri aparılaraq Abad məhəllə kimi sakinlərin istifadəsinə verilməsi söylədiklərimizin bariz nümunəsidir.
Rayonda aparılan abadlıq işləri bu il də uğurla davam etdirilir. Bu gün Qazax böyük bir tikinti meydançasını xatırladır. Rayonda nəqliyyat vasitələrinin hərəkətinin yaxşılaşdırılması, vətəndaşların rahatlığını təmin etmək məqsədilə təqdirəlayiq işlər görülür. Şəhərin Nəsrəddin Tusi, şəhid Yunis Kazımov (Bakı küçəsindən M.Ə.Rəsulzadə küçəsinin kəsişməsinə kimi), Ağköynək kəndində Çərkəz İsmayılov və Cabir Hüseynov (Mehdi Hüseyn küçəsinin kəsişməsindən magistral yola kimi) küçələrinə yeni asfalt örtüyünün döşənməsi, şəhərin Nəriman Nərimanov yaşayış massivində aparılan abadlıq işləri, Qazax şəhəri Azadlıq küçəsində yerləşən 206A saylı binanın fasadında təmir işlərinin aparılması, Əliağa Şıxlinski küçəsində asfalt döşənməsindən əvvəl yol kənarında yerləşən obyekt və hasarlarda abadlıq işlərinin aparılması, Aslan Kəmərli küçəsində yeni səkilərin salınması, şəhərin Heydər Əliyev prospektində müasir işıqlandırma sisteminin quraşdırılması, səkilərin kənarına məhəcərlərin vurulması söylədiklərimizin əyani sübutudur.
Təqdirəlayiq haldır ki, şəhərin küçələri ilə yanaşı, çoxmənzilli yaşayış binalarının həyətində də səliqə-sahman yaradılır, nəqliyyat vasitələrinin və vətəndaşların rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür. Ötən yazılarımızda Qazax Mənzil İstismar Sahəsinin balansında olan şəhərin Heydər Əliyev prospekti 127 və 158, Vidadi küçəsi 14 ünvanında yerləşən ikimərtəbəli yaşayış binalarının həyətlərinə, eləcə də Nəriman Nərimanov yaşayış massivində məhəllədaxili yollara yeni asfalt örtüyünün vurulması barədə məlumat vermişdik. Artıq Nəriman Nərimanov yaşayış massivində məhəllədaxili yollara yeni asfalt örtüyünün vurulmasına start verilib.
Mayın 23-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov yeni asfalt örtüyü döşənən Nəriman Nərimanov yaşayış massivində olub, məhəllədaxili yollarda görülmüş işlərlə tanış olub. Rayon rəhbəri işlərin keyfiyyətlə aparılmasını qeyd edərək aidiyyəti üzrə müvafiq tapşırıqlarını verib.
Sakinlər yaşadıqları məhəlləyə yeni asfalt örtüyünün vurulmasını dövlətin, ölkə başçısının onlara olan növbəti qayğısı və töhfəsi kimi qiymətləndirirlər. Bütün bu işlərə görə ölkə Prezidenti İlham Əliyevə sonsuz minnətdarlıq ifadə olunur.