Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxın Hüseynbəyli kəndində sakinlərlə keçirilən səyyar görüşdə qaldırılan məsələ artıq müsbət həllini tapıb

03 dekabr 2022 | 16:00

Cənab Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban Əliyevanın xalqın, vətəndaşların arasında olmaları, onların müraciətlərini, istəklərini dinləmələri bütün dövlət məmurları üçün örnəkdir. Bu, eyni zamanda ölkəmizdə dövlət siyasətinin əsasında vətəndaş amilinin dayanması, vətəndaş məmnunluğunun əsas götürülməsi deməkdir.

Vətəndaş amili, ölkə başçısının rəhbər vəzifəli şəxsləri qəbul edən zaman dövlət məmurlarına daim vətəndaşlarla təmasda olmaları, bütün kəndləri gəzmələri, kənd camaatı ilə görüşmələri, vətəndaşların ərizə və müraciətlərinə, onları narahat edən problemlərə həssaslıqla yanaşılması barədə aidiyyəti üzrə verdiyi tapşırıq və tövsiyələr Qazaxda da hər zaman örnək götürülür. Rayonda həyata keçirilən bütün işlərdə vətəndaş məmnunluğunun təmin edilməsinə üstünlük verilir. Rayon rəhbərinin vətəndaşlara göstərdiyi qayğı, sakinlərin qaldırdıqları hər bir məsələyə daim həssaslıqla yanaşması bu dediklərimizin bariz nümunəsidir.

Noyabrın 24-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovun rayonun Hüseynbəyli kəndində vətəndaşlarla keçirilən səyyar görüşü zamanı kənd sakini Abbasova Mahirə Mehralı qızının kənddə yeni salınmış məhəllədə yaşayan sakinlərin keyfiyyətli elektrik enerjisi ilə təmin olunması məqsədilə yeni transformatorun qoyulması ilə bağlı müraciəti barədə məlumat vermişdik. Bu gün M.Abbasovanın müraciətinin müsbət həllini tapması dövlətin vətəndaşlara olan növbəti qayğısıdır.

Sözügedən məsələ ilə bağlı qeyd edək ki, Qazax Elektrik Şəbəkəsi tərəfindən 100 KVA-lıq transformator 400 KVA-lıq transformatorla əvəzlənib.

Dekabrın 3-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri ilə birlikdə Hüseynbəyli kəndində olub, sakinlərlə görüşüb. Sakinlərlə səmimi söhbət edən icra başçısı səyyar görüşlərin keçirilməsinin arxasında vətəndaş məmnunluğunun dayandığını, bundan sonra da görüşlər zamanı qaldırılan hər bir məsələyə həssaslıqla yanaşılacağını qeyd edib.

Vətəndaş M.Abbasova, eləcə də həmin məhəllədə yaşayan sakinlər onlara göstərilən qayğıya və müraciətlərinə operativ şəkildə baxılmasına görə ölkə Prezidenti İlham Əliyevə, rayon rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Keçidlər