Şriftin ölçüsü :

Saytın rəngi :

Bağçalarda Novruz şənliyi keçirilib

16 mart 2018 | 16:00

Respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da Novruz bayramı təntənə ilə qeyd olunur. Rayonun bütün idarə və müəssisələrində, təhsil ocaqlarında Novruz bayramına həsr olunmuş silsilə tədbirlər keçirilir.
Novruz bayramı ilə əlaqədar rayonumuzdakı körpələr evi-uşaq bağçalarında da müxtəlif səpkili, bir-birindən maraqlı tədbirlər keçirilib.
Bayram şənliklərində iştirak edən Qazax rayon İcra Hakimiyyəti Başçısının müavini Gulaya Həsənova tədbir iştirakçılarını bahar bayramı münasibətilə təbrik edərək valideynlərə, tərbiyəçilərə, körpələrə ən xoş arzularını çatdırıb. Novruzun ən qədim bayramlardan biri olduğunu diqqətə çatdıraraq bu bayramın müstəqillik qazanıldıqdan sonra daha böyük təmtəraqla qeyd olunduğunu bildirib.
Bağçalar milli adət-ənənələrə əsasən bəzədilib, qədimi xalılar salınıb, səmənilər, şamlar düzülüb. Xonçalar bəzədilib, rəngli yumurtalar, şor qoğallar, şəkərburalar hazırlanıb. Bayram libaslarında olan uşaqlar böyük sevinclə çıxış edib, hazırladıqları mahnıları oxuyub, şeirlər deyib, qədim rəqsləri ifa ediblər.
Balacalar çıxışlarına Azərbaycanın Dövlət Himnini oxumaları ilə başlayıblar. Sonra Novruz mahnısı səsləndirilib. Uşaqlar Vətənə, torpağa, Bahara həsr edilmiş şeirləri və mahnıları söyləyiblər. Bayram şənliyində qızlar milli geyimdə bir-birindən gözəl rəqslər də nümayiş etdiriblər. Balaca Bahar qızının rəqsi və şeiri isə bayram tədbirlərinə daha da gözəllik gətirib. Bayrama Novruzun simvolları olan Kosa və Keçəl də təşrif buyurub. Onların gəlişi isə uşaqların sevincini daha da artırıb.

RİHB Aparatının baş məsləhətçisi Teybə Hüseynova və böyük məsləhətçisi Gülnar Quluyeva bağçalarda keçirilən bayram şənliklərində iştirak və çıxış edərək körpə fidanları əziz bayram münasibətilə təbrik edib, ən səmimi arzularını çatdırıblar.

 

Keçidlər