Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda ulu öndərə həsr edilmiş ədəbi-bədii kompozisiya nümayiş olunub

10 may 2018 | 16:00

Böyük şəxsiyyət, Azərbaycan xalqının taleyində və tarixində misilsiz xidmətləri olan ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da yüksək səviyyədə qeyd olunub. Rayonun bütün idarə, müəssisə və təşkilatlarında, təhsil, səhiyyə, mədəniyyət ocaqlarında ümummilli liderə həsr olunmuş silsilə tədbirlər keçirilib. Dahi şəxsiyyətin Azərbaycan dövləti və xalqı naminə göstərdiyi misilsiz xidmətlərindən söz açılıb. İstər keçirilən bütün tədbirlərdə, istər xatirəsinə həsr olunmuş konfranslarda, yarış və sərgilərdə Heydər Əliyev şəxsiyyətinin böyüklüyündən, azərbaycançılıq ideologiyasından bəhs edilib.
Bu gün Qazax Dövlət Dram Teatrında ulu öndər Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş “Türkün alın yazısı” poeması əsasında hazırlanmış eyniadlı ədəbi-bədii kompozisiya nümayiş olunub.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov rayon Mədəniyyət Mərkəzinə gəlib. Mərkəzin foyesində ulu öndərə həsr olunmuş “Heydər Əliyev - 95” başlığı altında təşkil edilmiş kitab sərgisinə baxıb, ümummilli liderə həsr olunmuş kitablarla tanış olub.
Sonra ədəbi-bədii kompozisiya nümayiş olunub. Şair-publisist Aydın Murovdağlının qələmə aldığı əsərdə ümummilli liderin həyat və fəaliyyətinə, keçdiyi şərəfli mübarizə yoluna bir daha nəzər salınıb.
Quruluşçu rejissoru və musiqi tərtibatçısı Əməkdar artist Musa Eyyubovun olduğu  kompozisiyada ulu öndər Heydər Əliyevin şərəfli həyatından, onun ölkəmizin müstəqilliyi uğrunda  apardığı mübarizədən, bu yolda qarşılaşdığı maneələrdən və onu necə dəf etməsindən söz açılıb.
Aktyorlardan Saqif İsgəndərov, Zəmanə Dərviş, Aydın Orucov, İlqar Hacəliyev və Hacı Hacıyevin iştirak etdiyi kompozisiya tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov çıxış edərək ulu öndərin titanik həyat və fəaliyyətindən danışıb. Ümummilli liderə həsr olunmuş kompozisiyanı yüksək qiymətləndirərək əsərin müəllifinə və aktyorlara minnətdarlıq edib.
Kompozisiya başa çatdıqdan sonra şair-publisist Aydın Murovdağlı çıxış edərək kompozisiyanın hazırlanmasına göstərdiyi diqqət və qayğıya görə Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlığını bildirib. Dram Teatrının yaradıcı kollektivinə təşəkkür edib.
Rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov nümayiş başa çatdıqdan sonra Mərkəzi Kitabxanaya gəlib, mövcud vəziyyəti ətraflı öyrəndikdən sonra tapşırıq və tövsiyələrini verib.

Keçidlər