Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda əmək yarmarkası keçirilib

02 avqust 2018 | 16:00

2006-cı ildən fəaliyyət göstərən və şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkəti olan “PAŞA Sığorta” bu gün Qazaxda əmək yarmarkası təşkil edib. Sığorta sahəsində karyera qurmaq istəyən gənclər üçün iş imkanı yaradıb.
Gənclər Mərkəzində təşkil olunan yarmarkada Qazax Rayon İcra Hakimiyyətinə və rayon Məşğulluq Mərkəzinə işlə bağlı müraciət edən gənclər iştirak edib.
Qazax RİHB aparatında Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Azad Hümbətov tədbiri giriş sözü ilə açaraq qonaqları salamlayıb və təşkil olunan yarmarkanın əhəmiyyətindən söz açıb. Sığorta bazarında öz dəst-xətti ilə seçilən şirkətin təşkil etdiyi yarmarkanı yüksək qiymətləndirib və gənclərə yaradılan fürsətdən səmərəli istifadə etməyi tövsiyə edib.
“PAŞA Sığorta” şirkətində Nümayəndəliklərin idarə olunması şöbəsinin rəhbəri Əli Zahidov çıxış edərək yarmarkaya çıxarılmış vakansiya, iş saatı, əmək haqqı, işin prinsipi və s. barədə ətraflı məlumat verib. Natiq qeyd edib ki, bu gün sığorta şirkətləri arasında öz çəkisi və yeri olan “PAŞA Sığorta” şirkəti gənc kadrların önə çəkilməsi sahəsində hər zaman mühüm işlər görür. Gömrük xidmətində sığorta üzrə asistent vəzifəsi olaraq yeni vakansiyaların təqdim olunması da bu məqsədə xidmət edir.
“PAŞA Sığorta” Satış Departamentində fərdi satış sığortaları üzrə rəhbər Kərim Hüseynov çıxış edərək mövcud vakansiya üzrə lazım olan tələblər və sənədlər haqqında məlumat verib, “PAŞA Sığorta” şirkətinin üstünlükləri və təklif etdiyi imkanlardan danışıb.
Sonra iş üçün müraciət etmiş şəxsləri maraqlandıran suallar cavablandırılıb və iştirakçılarla müsahibə aparılıb.

 

 

Keçidlər