Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda kənd həkim məntəqəsinin açılışı olub

08 oktyabr 2018 | 16:00

Qazax rayonunun Yuxarı Salahlı kəndində Yaponiya Səfirliyinin dəstəyi ilə tikilmiş həkim məntəqəsinin açılışı olub. Açılış mərasimində Qazax Rayon İcra Hakmiyyətinin başçısı Rəcəb Babaşov, Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Teruyuki Katori, səfirliyin birinci katibi Takaaki Usui, səfirliyin İctimai Əlaqələr şöbəsində konsultant Aysel Məmmədli, RİHB aparatının məsul işçiləri, kənd sakinləri, və KİV nümayəndələri iştirak edib. 
Qərb-Resurs Vətəndaş Cəmiyyətinin İnkişafına Dəstək İctimai Birliyinin sədri, layihə rəhbəri Ramil Göyüşov tədbiri açıq elan edərək qonaqları salamlayıb, həyata keçirilən layihə və yeni tikilmiş məntəqə haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. Qeyd edib ki, tikilən həkim məntəqəsinin ümumi sahəsi 216 kv.m-dir. İlk yardım, baş həkim, ailə həkimi, ginekoloq, stomatoloq, peyvənd, palata, anbar daxil olmaqla 8 otaqdan ibarət olan məntəqədə həkim və tibb işçilərinin əhaliyə yüksək səviyyədə xidmət göstərmələri üçün hər cür şərait yaradılıb. Müasir standartlara cavab verən sanitar qovşağı yaradılıb, istilik sistemi ilə təchiz edilib. Rayon rəhbərliyinin göstərdiyi diqqət və qayğıdan söz açan layihə rəhbəri İcra Hakimiyyəti tərəfindən görülən işlər haqqında da məlumat verib. Bildirib ki, rayon rəhbərliyinin dəstəyi ilə məntəqənin qarşısında 30 kv.m ərazini əhatə edən çardaq quraşdırılıb, oturacaqlar qoyulub, giriş qapısının və pəncərələrin kənarlarına aqlaydan haşiyələr vurulub, eyni zamanda, tibb məntəqəsinin qarşısında yolun çəkilməsi işləri aparılıb.
Tədbir açıq elan olunduqdan sonra hər iki ölkənin Dövlət Himnləri səsləndirilib.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək qonaqları salamlayıb, Yuxarı Salahlı kəndində yeni həkim məntəqəsinin açılışı münasibətilə bütün kənd sakinlərini təbrik edib. Rayon rəhbəri Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son illər respublikamızda, eləcə də Qazax rayonunda sosial-iqtisadi və tikinti-abadlıq sahəsində görülmüş işlərin geniş vüsət aldığını bildirib. Yaponiyanın Azərbaycan Respublikasındakı Fövqəladə və Səlahiyyətli səfiri Teruyuki Katori çıxış edərək tədbirə toplaşanları salamlayıb və açılış münasibətilə təbrik edib. Qazax rayonuna ilk dəfə səfər etdiyini bildirən səfir Yaponiya Hökumətinin Azərbaycan Respublikasının davamlı inkişafına yönəlmiş əməkdaşlığa böyük əhəmiyyət verdiyini qeyd edib. Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Sevda Məmmədova çıxış edərək qonaqları salamlayıb, Yaponiya ilə Azərbaycan arasındakı səmimi münasibətdən, dostluq əlaqələrindən söz açıb.
Bakı Dövlət Universiteti Qazax filialının direktoru, coğrafiya elmləri doktoru, professor Vüsət Əfəndiyev çıxış edərək bildirib ki, Yuxarı Salahlı kəndində yeni həkim məntəqəsinin istifadəyə verilməsi bütün rayon ictimaiyyəti üçün olduqca əlamətdar hadisədir. Yaponiya ilə ölkəmiz arasındakı əlaqələrin dərin köklərə malik olduğunu qeyd edən natiq Respublika Prezidenti İlham Əliyevin iki ölkə arasında olan bu səmimi münasibətə böyük önəm verdiyini qeyd edib. Bakı Dövlət Universitetində şərqşünaslıq fakültəsində tədris olunan dillər arasında yapon dilinin hər zaman üstünlük təşkil etdiyini diqqətə çatdırıb. Respublikanın qərb qapısı sayılan Qazaxda yeni həkim məntəqəsinin tikintisinə görə qazaxlı ziyalılar adından minnətdarlığını ifadə edib, həmin məntəqənin Yaponiya ilə Azərbaycan arasında olan dostluğun və əməkdaşlığın hədiyyəsi kimi dəyərləndirib.
Daha sonra otaqlarla tanışlıq olub və görülən işlər yüksək qiymətləndirilib.
Tədbirdə rayonda qonaq olan səfirə qədim ozan alətimiz olan saz və digər hədiyyələr təqdim olunub.
Məntəqə ilə tanışlıq başa çatdıqdan sonra səfir Teruyuki Katori Qazax rayonuna səfəri və açılışla bağlı təəssüratları barədə KİV nümayəndələrinə müsahibə verib.
Sonda çay süfrəsi ətrafında iki ölkə arasında olan iqtisadi, sosial və mədəni sahələrdə olan əməkdaşlıqdan, qarşıda duran vəzifələrdən, layihələrdən söhbət açılıb. Xatirə şəkilləri çəkilib.


       Vəli Vəliyev

“Respublika”

 07.10.2018

Keçidlər