Qazaxda 35 uşaq yerlik İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının yenidənqurma və əsaslı təmirdən sonra açılışı olub
Bu gün genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinin geniş vüsət aldığı Qazax rayonunda azyaşlı körpələrə göstərilən qayğı da daim diqqət mərkəzindədir. Bunu Respublika Prezidenti İlham Əliyevin regionlarda uşaq bağçalarının tikintisi ilə bağlı imzaladığı 12 fevral 2018-ci il tarixli Sərəncamın rayonda uğurla icra olunmasından da aydın şəkildə görmək olar. Belə ki, Sərəncamdan irəli gələn vəzifələrə uyğun olaraq azyaşlı körpələrin sağlam mühitdə böyüməsi və gözəl şəraiti olan bağçalarda təlim-tərbiyə olunması yüksək səviyyədə təmin edilir. Bunun üçün rayonda yeni bağça binaları tikilir və yaxud da əsaslı şəkildə təmir olunur, bağçalar müasir inventar və avadanlıqlarla təchiz edilir. Bir sözlə, körpələr üçün hər cür yüksək şərait yaradılır.
Son iki il yarım ərzində rayonda olan təmirli şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar kənd körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq bağçaları bu istiqamətdə görülən həmin məqsədyönlü işlərin bariz nümunəsidir.
Rayonun İkinci Şıxlı kəndində əsaslı şəkildə yenidən qurulan 35 uşaq yerlik 2 saylı körpələr evi-uşaq bağçası da ölkə başçısının imzaladığı Sərəncamın Qazax rayonunda olduğu kimi icra edilməsi deməkdir. Eyni zamanda, rayonda uşaqlarla bağlı sahənin daim diqqət mərkəzində olmasından xəbər verir.
Bu gün əsaslı şəkildə yenidən qurulan və müasir standartlara cavab verən İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının açılışı olub.
Açılış mərasimində Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, RİHB-nin İnzibati Ərazi Dairələri üzrə nümayəndələri, təhsil, səhiyyə, mədəniyyət işçiləri, bağça müdirləri, kənd sakinləri, valideynlər və KİV nümayəndələri iştirak ediblər.
Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov açılış mərasimində çıxış edərək yeni bağçanın istifadəyə verilməsi münasibətilə valideynləri, bağçanın kollektivini və bütün kənd sakinlərini təbrik edib, ən xoş arzularını çatdırıb. Qeyd edib ki, bu gün rayonun ən ucqar kəndlərindən biri olan, Gürcüstanla sərhəddə yerləşən İkinci Şıxlı kəndində açılışını etdiyimiz bu yeni bağça istər müəlllimlərə, istər valideynlərə, istərsə də körpə balalara verilən ən böyük hədiyyədir.
İcra başçısı bildirib ki, bu gün ölkəmizdə Respublika Prezidenti İlham Əliyev, Azərbaycan Respublikasının Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən körpələrə hər cür diqqət və qayğı göstərilir. Ulu öndər Heydər Əliyevin “Təhsil millətin gələcəyidir” kəlamı yeni bağçaların inşa olunaraq körpə balaların istifadəsinə verilməsində özünü aydın şəkildə göstərir. Çünki uğurlu təhsilin başlanğıcı məhz körpələr evi-uşaq bağçalarından başlayır. Ölkə başçısının bu sahədə həyata keçirdiyi uğurlu siyasət respublikamızın bütün bölgələrində, o cümlədən də Qazaxda uğurla icra olunur. Dövlət başçısının bu istiqamətdə verdiyi tapşırıq və tövsiyələr, imzalanan çoxsaylı Sərəncamlar olduğu kimi həyata keçirilir. Hər kəsə yaxşı məlumdur ki, fəaliyyətə başladığım ilk gündən qarşıma məqsəd qoymuşam ki, rayonda olan bütün bağçalar əsaslı şəkildə təmir olunmalı və bağçalarda hər cür şərait yaradılmalıdır. Çünki bizim fidan balalarımız hər şeyin ən yaxşısına layiqdirlər. Bu gün sevindirici haldır ki, biz bu istiqamətdə işlərə başladıq və uğurla da davam etdiririk. Tam əminliklə deyə bilərik ki, rayon üzrə 16 bağça müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Təkcə bu il 6 bağça – Quşçu Ayrım, Bala Cəfərli, Canalı, şəhər 2 saylı, 3 saylı və bu gün açılışını etdiyimiz İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçası tam müasir tələblərə cavab verən bağçalar səviyyəsindədir. Yaradılan yüksək şərait və təchizat böyük şəhərlərdə olan bağçalardan heç nəyi ilə geri qalmır.
Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasnın da əsaslı şəkildə yenidən qurulduğunu qeyd edən icra başçısı bu gün rayonda daha 8 bağçanın - İkinci Şıxlı kəndində 2, Aşağı Salahlı, Qazaxbəyli, Hüseynbəyli, Kosalar, Daş Salahlı, Dəmirçilər kəndlərinin hər birində 1 bağçanın təmir olunmasının nəzərdə tutulduğunu bildirib.
Rayon rəhbəri bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, Qazax rayonunda uşaqlara və bağçalara göstərilən diqqət və qayğı ən yüksək səviyyədədir. Bunu istər bağçalardakı ərzaq təminatından, istərsə də yaradılan şəraitdən də aydın şəkildə görmək olar.
Sonda Rəcəb Babaşov bir daha bağça kollektivinə səmərəli fəaliyyət arzulayıb və ən xoş arzularını çatdırıb.
Tədbirdə iştirak edən kənd ağsaqqalı Abbas Cümənov, Qazax rayon Maliyyə İdarəsinin rəisi Novruz Abdullayev, Yuxarı Salahlı kənd həkim məntəqəsinin baş həkimi Şəadət Əliyev, 3 saylı körpələr evi-uşaq bağçasının müdiri Asya Alhüseynova, Quşçu Ayrım kənd uşaq bağçasının müdiri Adilə Quluyeva, 107 saylı DSK-nın sədri, kənd sakini Xəyyam Salehov, İkinci Şıxlı bələdiyyəsinin sədri Fikrət Talıbov, AYB-nin üzvü, şairə Tamella Poladlı çıxış edərək ölkəmizdə, eləcə də rayonumuzda uşaqlara göstərilən qayğıdan söz açıblar. Qeyd ediblər ki, Azərbaycanda cəmiyyətin ən zərif və kövrək nümayəndələri olan uşaqlara daim xüsusi diqqət, qayğı və nəvaziş göstərilir. Onların sağlam doğulub böyümələri üçün hər cür şərait yaradılır. Ulu öndər Heydər Əliyevin uşaqlarla bağlı əsasını qoyduğu dövlət siyasəti bu gün ölkə başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Qazaxda isə uşaqlarla bağlı bu siyasətin uğurla davam etdirilməsini bu gün rayon rəhbəri Rəcəb Babaşovun simasında aydın şəkildə görürük. Çünki o, icra başçısı kimi fəaliyyətə başladığı ilk gündən körpələrə qayğı ilə yanaşır, onları öz doğma nəvələri kimi bağrına basır, qayğıları ilə maraqlanır. Bu gün valideynlər, xüsusilə də nənə və babalar sevinir ki, körpə balalara bu cür nəvaziş göstərilir. Çıxış edənlər də öz növbələrində bütün bunlara, xüsusən də ziyalılar diyarı İkinci Şıxlı kəndində bu gözəl bağçanın tikilməsinə görə başda Respublika Prezdenti İlham Əliyev olmaqla Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova, bütün əməyi keçən insanlara öz dərin minnətdarlıqlarını bildiriblər. Rayonumuzda bu cür bağça açılışlarının davamlı olmasını arzu ediblər.
Qarabağ Müharibəsi Veteranı Qurban Mikayılov, şəhid anası İndira Mədətova Qazax rayonunda Vətənin müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizə, onların ailə üzvlərinə olan qayğının hər zaman yüksək səviyyədə olduğunu bildiriblər. Fəaliyyətə başladığı ilk gündən rayon rəhbərinin şəhidlərimizin ailə üzvlərinə daim qayğı ilə yanaşmasından, şəhidlərimizin uyuduğu qəbiristanlıqların, onların xatirəsinə ucaldılmış abidələrin, parkların, bulaqların, xiyabanların abadlaşdırılmasından, əsaslı şəkildə təmir edilməsindən söz açıblar. Rayonun bütün kəndləri ilə yanaşı, şəhərin mərkəzində yerləşən Şəhidlər Xiyabanında aparılan abadlıq işlərini, 285 şəhidin adı və şəkli əks olunmuş lövhələrin vurulmasını bu istiqamətdə görülən əməli işlərin göstəricisi kimi qiymətləndiriblər. Bütün bunlarla yanaşı, rayon rəhbərinin uşaqlara olan qayğısını, diqqətini, körpə balalara olan sonsuz sevgisini yüksək dəyərləndirərək minnətdarlıqlarını ifadə ediblər.
Yeni istifadəyə verilən İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçasının müdiri Lalə Qurbanova çıxış edərək bildirib ki, əvvəl biz təmir olunan digər bağçalara baxıb həsəd aparırdıq ki, bizim nə vaxt belə bağçamız olacaq. 2 aydan artıq bağçamızda əsaslı şəkildə yenidənqurma işləri aparıldı və gələcəyimiz olan körpələr üçün hər cür şərait yaradıldı. Bəli, bu gün biz də öz bağçamıza baxıb qürur hissi keçiririk. Bağça müdiri onlar üçün yaradılan yüksək şəraitə və sonsuz qayğıya görə rayon rəhbərliyinə kollektiv və valideynlər adından dərin minnətdarlığını çatdırıb. Bundan sonra daha da məsuliyyətlə çalışacaqlarını və onlara göstərilən etimadı daim doğruldacaqlarını bildirib.
Sonra uşaq bağçası binasının rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra tədbir iştirakçıları əsaslı şəkildə təmir olunan bağça ilə tanış olublar. Əsaslı təmirdən sonra bağçada yaradılan şərait tədbir iştirakçıları tərəfindən yüksək qiymətləndirilib.
Məlumat üçün qeyd edək ki, istifadəyə verilən 35 uşaq yerlik yeni bağçada 1 böyük və 1 kiçik olmaqla 2 qrup fəaliyyət göstərəcəkdir. Bağçada yüksək səviyyədə müdir otağı, anbar, mətbəx və sanitar qovşağı da inşa olunub. Bağçanın əsas üstün cəhətlərindən biri də odur ki, müasir istilik sistemi ilə təchiz olunub. Geniş həyətə malik olan və müasir standartlara cavab verən bağçada həmişəyaşıl ağaclar və dekorativ gül kolları əkilib. Uşaqların asudə vaxtlarını səmərəli keçirmələri üçün bağçanın həyətində oturacaqlar qoyulub. Körpələrin rahat şəkildə tərbiyə almaları üçün hər cür şərait yaradılıb. Yeni bağça müasir avadanlıqlarla təchiz olunub.