Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda Aşıq Şəmşirin və Aşıq Ələsgərin xatirəsinə ucaldılmış büstlərin açılışı

03 noyabr 2018 | 16:00

Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təşkil olunmuş Aşıq Şəmşirin 125 illik yubileyi ilə əlaqədar Qazax şəhərinin mərkəzində Aşıq Şəmşirin və Aşıq Ələsgərin xatirəsinə ucaldılmış büstlərin açılış mərasimi keçirildi. Tədbirdə “Qazax Xeyriyyə” İctimai Birliyinin, Azərbaycan Aşıqlar Birliyinin, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin üzvləri, RİHB aparatının məsul işçiləri, hüquq-mühafizə orqanlarının rəhbərləri, rayon ictimaiyyətinin və KİV-in nümayəndələri iştirak edirdilər.
  Tədbirdə  Milli Məclisin deputatı Ülviyyə Ağayeva,  Akademik Teymur Bünyadov, "Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov, Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı, “Aşıq Şəmşir” Mədəniyyət Ocağı İctimai Birliyinin sədr müavini Həbib Misirov, Ağstafa Regional Mədəniyyət və Turizm İdarəsinin rəisi Ramiz Quliyev və başqaları iştirak edirdilər.
  Dədə Ələsgər və Dədə Şəmşirin büstlərinin rəmzi açılışını bildirən qırmızı lent kəsildikdən sonra ağ örpək götürüldü. Regional Mədəniyyət İdarəsinin Qazax rayonu üzrə nümayəndəsi Valeh Vəliyev tədbiri açıq elan edərək Dədə Şəmşir yaradıcılığından söz açdı.
  Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov çıxış edərək bütün qonaqları, aşıq sənətini sevərləri salamlayaraq tədbirin əhəmiyyətindən danışdı. Bildirdi ki, bu gün bütün Azərbaycan xalqı, eləcə də bütün qazaxlılar tarixi bir günü yaşayır. Azərbaycan mədəniyyətinə, elminə, sözünə, sazına xidmət göstərmiş Dədə Şəmşir və onun ustadı olmuş Dədə Ələsgər daim xalqın ürəyində yaşayır. Nə qədər bu millət var, ustad aşıqların saz havaları, hər şeydən qiymətli olan şeirləri də o qədər yaşayacaq.
  Rayon rəhbəri bildirdi ki, dövlət başçısı İlham Əliyevin 2 aprel 2018-ci il tarixli sərəncamı ilə Aşıq Şəmşirin 125 illik yubileyinin respublikamızın hər yerində böyük təntənə ilə qeyd olunması bütün aşıqlara, saz sənətini yaşadanlara verilən qiymətdir. İcra başçısı qeyd etdi ki, respublikamızın bütün bölgələrində olduğu kimi, Qazaxda da Aşıq Şəmşirin 125 illik yubileyi qeyd edilir. İcra başçısı qeyd etdi ki, Aşıq Şəmşir Azərbaycanın çoxəsrlik şifahi sənət ənənələrini layiqincə davam etdirərək meydana gətirdiyi rəngarəng poetik-bədii nümunələrlə milli folklor xəzinəsini daha da zənginləşdirmiş görkəmli söz ustalarındandır.  Rayon rəhbəri Xalq rəssamı, “Şöhrət” ordenli Natiq Əliyevin bu büstlərin ərsəyə gəlməsində böyük əməyi olduğunu bildirərək ona bütün qazaxlılar, saz sevərlər adından təşəkkürünü çatdırdı.
  Akademik Teymur Bünyadov çıxış edərək tədbir iştirakçılarını salamlayaraq qeyd etdi ki, bu gün böyük bir bayrama toplaşmışıq. Bu gün qazaxlıların yaddaşında uzun müddət silinməz izlər qoyacaqdır. Azərbaycan Aşıqlar Birliyinin sədri, professor Məhərrəm Qasımlı çıxış edərək qeyd etdi ki, bu gün biz möhtəşəm bir mədəni hadisənin iştirakçısına çevrilirik. Bu gün biz iki büstün deyil, iki qoşa qanadın, Azərbaycan sazının iki ustad aşığının sənətinə ucaldılmış iki qoşa abidənin açılışına toplaşmışıq.
  “Qazax Xeyriyyə” İctimai Birliyinin sədri, professor İlham Pirməmmədov ölkə başçısının Aşıq Şəmşirin 125 illik yubileyi ilə bağlı imzaladığı Sərəncamdan söz açaraq dövlətimiz və dövlət başçımız tərəfindən aşıq sənətinə verilən yüksək qiymətdən, dəyərdən danışdı.
  Milli Məclisin deputatı Ülviyyə Ağayeva çıxış edərək əlamətdar gün münasibətilə bütün qazaxlıları təbrik etdi. Ölkə başçısının imzaladığı Sərəncamdan söz açan deputat həmin Sərəncamın aşığın mədəni irsinin öyrənilməsində, gənc nəsillərə çatdırılmasında böyük önəm daşıdığını bildirdi.  
  Sonra söz Dədə Ədalət, Ələsgər, Şəmşir kimi böyük ustadlardan bəhrələnən aşıqlara verildi. Aşıq Avdı Musayev, Şaiq İncəli, Ədalət Dəlidağlı, Aşıq Hacı saz havaları üstündə Dədə Şəmşirə həsr olunmuş şeirləri səsləndirdilər.    
  Tədbirin bədii hissəsi Qazax rayon mədəniyyət evinin böyük zalında qeyd etdirildi.

 

Vəli VƏLİYEV
“Respublika”
02.11.2018

Keçidlər