Şriftin ölçüsü :

Saytın rəngi :

2018-ci il Qazax rayonu üçün uğurlu olub

09 yanvar 2019 | 16:00

Bu fikir bu gün Qazax Rayon İcra Hakimiyyəti başçısının Alpout kənd İnzibati Ərazi Dairəsi (İƏD) üzrə nümayəndəliyinin 2018-ci ildə görülmüş işlərə və qarşıda duran vəzifələrə dair keçirilən hesabat yığıncağında səslənib.
Hesabat yığıncağında Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev, aparatın Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Adil Vəliyev, şöbənin baş məsləhətçisi Qərib Bayramov və kənd sakinləri iştirak ediblər.
Yığıncağı aparmaq üçün sədr və katib seçildikdən sonra gündəlikdə duran məsələlər barədə məlumat verilib.
Hesabat yığıncağını giriş sözü ilə açan Qazax Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Məmməd Alıyev kənd sakinlərini salamlayıb, yeni ilin qədəm qoyması ilə əlaqədar rayon rəhbərliyinin səmimi arzularını çatdırıb. Bildirib ki, yola saldığımız 2018-ci il ölkəmizin tarixinə daha bir uğurlu il kimi daxil oldu. Möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan həyatın bütün sahələrində yeni nailiyyətlərə imza ataraq qarşıya qoyulan hədəflərə doğru inamla irəlilədi. Hər il olduğu kimi, 2018-ci ildə də dünya azərbaycanlıları daha sıx birlik və həmrəylik nümayiş etdirdilər. Ümummilli lider Heydər Əliyev siyasi kursunun layiqli davamçısı İlham Əliyevin rəhbərliyi və təşəbbüsü ilə iqtisadiyyatın şaxələndirilməsi, rəqabətliliyin yüksəldilməsi, sahibkarlığa dövlət dəstəyinin artırılması, biznes və investisiya mühitinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən islahatlar öz müsbət nəticələrini verdi.
M.Alıyev qeyd edib ki, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov tərəfindən rayonda bütün sahələrdə olduğu kimi, şəhərin və kəndlərin təmizliyinə də xüsusi diqqət ayrılır. Rayon rəhbərliyinin tapşırıq və göstərişinə əsasən şəhərin təmiz saxlanılması istiqamətində də məqsədyönlü işlər görülür. Mütəmadi olaraq yaşayış məntəqələrində, idarə, müəssisə və təşkilatlarda əhali arasında ərazilərin və yol kənarlarının təmiz saxlanılması istiqamətində maarifləndirmə tədbirləri aparılır. Hazırda rayonun bütün yaşayış məntəqələrində və ictimai yerlərdə məişət tullantılarının vaxtında götürülməsi və daşınması ilə əlaqədar işlər davam etdirilir. Görülmüş işlərin nəticəsidir ki, Qazax "Təmiz şəhər” elan olunub.
Bildirib ki, bu gün Qazaxda elə bir sahə yoxdur ki, orada inkişaf, tərəqqi olmasın. "Azərxalça” ASC tərəfindən xalça müəssisəsi tikilib ki, bu da yeni iş yerlərinin açılması baxımından böyük əhəmiyyət kəsb edir. "Mətanət A” şirkəti tərəfindən inşa edilmiş Əhəng zavodunun istifadəyə tam hazır olduğunu, hazırda İkinci Şıxlı kəndində "İnvestel GROUP” MMC tərəfindən tikilən Aqroparkda, "Gedik Carçı Qaynaq” LTD şirkəti tərəfindən inşa edilən "Gedik-Carçı” Elektrod Zavodunda, 145 çarpaylıq rayon Mərkəzi Xəstəxanasında da son tamamlanma işlərinin aparıldığını diqqətə çatdırıb.
M.Alıyev qeyd edib ki, bu gün durmadan inkişaf edən Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən məqsədyönlü tədbirlərdən biri də yol infrastrukturunun inkişafı istiqamətində atılan addımlardır. Dövlət başçısının respublika və yerli əhəmiyyətli yolların yenidən qurulması, ən ucqar dağ kəndlərinə belə yeni yolların çəkilməsi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlar bunun əyani sübutudur. Son iki il səkkiz ayda Qazaxda da yol infrastrukturunun inkişaf etdirilməsi istiqamətində məqsədyönlü işlər görülür və ildən-ilə daha geniş vüsət alır. Dövlət başçısının avtomobil yollarının tikintisi ilə bağlı imzaladığı çoxsaylı Sərəncamlara əsasən rayonumuzda yeni asfalt yolların çəkilişi bir daha onu sübut edir ki, bu istiqamətdə görülən işlər bundan sonra da uğurla davam etdiriləcəkdir. Bu gün bu inkişafı rayonun Kosalar, rayonun Qazaxbəyli-Orta Salahlı-Aşağı Salahlı, Yuxarı Salahlı-Kəmərli, Kosalar, Quşçu Ayrım, Canalı, Çaylı, Bala Çaylı, Hüseynbəyli, Cəfərli, Dəmirçilər kəndlərinə yeni asfalt yolların çəkilməsindən aydın şəkildə görmək olar. Sevindirici hal isə odur ki, rayonda yeni yolların çəkilməsi ilə yanaşı, şəhər və kənddaxili yollarda da həm nəqliyyat vasitələrinin, həm də sakinlərin rahatlığını təmin etmək məqsədilə bir sıra işlər görülür.
Ölkə başçısının təhsil sahəsinə göstərdiyi diqqət və qayğıdan danışan M.Alıyev Qazax müəllimlər seminariyasının 100 illik yubileyinin qeyd edilməsi haqqında Respublika Prezidentinin 3 noyabr 2018-ci il tarixli Sərəncamını Qazax ziyalılarına verilən ən böyük qiymət kimi dəyərləndirib. Bu gün ali məktəblərə qəbulun nəticələrinə görə respublika məktəbləri arasında rayonumuzun üçüncü yerdə olmasını qeyd edən müavin bu uğurun təməlində dövlətimizin təhsilə olan qayğısının dayandığını bildirib. Vurğulayıb ki, Respublika Prezidenti İlham Əliyevin məqsədyönlü fəaliyyətinin nəticəsidir ki, şəhərdə yerləşən S.Vurğun adına 2 nömrəli tam orta məktəb əsaslı şəkildə təmir olunur və yaxın vaxtlarda istifadəyə veriləcəkdir. Bundan əlavə, 2019-cu ildə əsaslı şəkildə təmir edilməsi nəzərdə tutulan 3 məktəb - Kosalar, Qaymaqlı, Kəmərli kənd tam orta məktəbləri də müasir standartlara cavab verən səviyyəyə çatdırılacaqdır.
M.Alıyev son iki il yarımda rayon rəhbərliyi tərəfindən Qazaxda azyaşlı körpələrə göstərilən diqqət və qayğıdan, onların sağlam, hərtərəfli və düzgün böyüməsi, təlim-tərbiyə olunması üçün yaradılan şəraitdən də danışıb. Bildirib ki, bu gün tam əminliklə deyə bilərik ki, rayon üzrə olan 25 bağçadan 18-i müasir standartlara cavab verən səviyyəyə çatdırılıb. Şəhər bağçalarından - 1,2,3,4,5 saylı, kənd bağçalarından - Qazaxbəyli kəndi ərazisində məcburi köçkünlər üçün salınmış yeni qəsəbədə yerləşən Aşağı Əskipara, Daş Salahlı kənd 2 və 3 saylı, Kosalar kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər, İkinci Şıxlı kənd 2 saylı körpələr evi-uşaq bağçaları, Cəfərli, Canalı, Quşçu Ayrım, Bala Cəfərli kənd uşaq bağçaları bu dediklərimizin əyani sübutudur. Şəhərdə yerləşən 6 saylı körpələr evi-uşaq bağçasının da əsaslı şəkildə yenidən qurulması bu işlərin bundan sonra da uğurla davam etdirilməsi deməkdir.
Alpout kənd İƏD üzrə nümayəndəsi Murğuz Alıyev hesabat məruzəsi ilə çıxış edərək 2018-ci ildə nümayəndəlik tərəfindən görülən işlərdən və qarşıda duran vəzifələrdən danışıb. Qeyd edib ki, Alpout kənd İƏD-si üzrə nümayəndəlik iki kəndi - Alpout və Abbasbəyli kəndlərini əhatə edir. İki kəndin birlikdə 329 təsərrüfatı, 1117 nəfər əhalisi vardır. Nümayəndəliyin ərazisində 1 bələdiyyə, 1 tam orta məktəb, 1 ibtidai məktəb, 2 diyarşünaslıq klubu, 2 kitabxana, 1 həkim məntəqəsi, 1 feldşer-mama məntəqəsi, 1 elektron ATS, 1 poçt şöbəsi fəaliyyət göstərir.
2018-ci ildə görüləcək işlər haqqında iş planı tərtib edilmişdir. Hesabat ilində həmin iş planı əsasında iclaslar keçirilmiş və görüləcək işlər haqqında məsələlər müzakirə edilərək müvafiq qərarlar qəbul edilmişdir. Kənd İƏD-si üzrə nümayəndəliyin, işçi qrupunun təşəbbüsü və kənd fəallarının iştirakı ilə kəndarası yolların, kəndi rayona birləşdirən mərkəzi yolun ətrafında və kənd qəbiristanlıqlarında daim təmizlik işləri aparılır.
2018-ci ildə Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov kənd sakinləri ilə keçirdiyi səyyar görüşlərdə vətəndaşları narahat edən problemlərlə yerində tanış olaraq aidiyyəti üzrə tapşırıqlarını vermişdir. Rayon rəhbərliyinin köməkliyi ilə 2018-ci ildə nümayəndəliyin ərazisində bir çox işlər görülmüşdür. Belə ki, asfalt yolun kənarında olan artezian quyusundan kənd sakinlərinin içməli suya olan tələbatının yaxşılaşdırılması məqsədilə Alpout kəndinin mərkəzinə 700 metr uzunluğunda su xətti çəkilərək 25 tonluq çən quraşdırılmış, həmin ərazidə 1 ədəd  bulaq tikilmişdir. Quraşdırılmış su çənindən diametri 15 mm-lik olan 80 ədəd boru hazırlanaraq evlərinə su xətti çəkmək üçün kənd sakinlərinin istifadəsinə verilmişdir. Bundan əlavə, 2017-ci ildə qazılmış artezian quyusundan kəndin qalan hissəsinə su xətti çəkilməsi nəzərdə tutulub. Məsələ ilə əlaqədar su çəni və dəmir dayaq verilmişdir. Hazırda kənd sakinlərinin istifadəsinə verilməsi üçün hazırlıq işləri davam etdirilir. 
Suvarma arxları əl əməyi ilə kol–kosdan tam təmizlənmişdir. “Alpout arxı”nın cəmi 4,75 km hissəsi yəni, Abbasbəyli ərazisində 1,25 km, Alpout ərazisində 3,5 km hissəsi kənd sakinləri və SSİ-nin işçiləri tərəfindən təmizlənmişdir. Alpout və Abbasbəyli nasos stansiyalarında da təmir işləri aparılmışdır. Bundan başqa SİB və SSİ tərəfindən Alpout arxında 4 ədəd su dəhnəsi təmir edilib əhalinin istifadəsinə verilmişdir.
Alpout və Abbasbəyli kəndlərinin hər birində olan köhnə qaz tənzimləyicilər dəyişdirilərək yenisi ilə əvəz olunmuşdur.
Qızıl Aypara Cəmiyyəti tərəfindən Abbasbəyli kəndində yeni tibb məntəqəsi, Təhsil Nazirliyinin xətti ilə ibtidai məktəb üçün 20 şagird yerlik yeni modul tipli bina tikilib istifadəyə verilmişdir.
Bundan əlavə, barama istehsalının artırılması məqsədilə Alpout kəndinin ərazisində 1000 ədəd yerli tut ağacı olmaqla yeni tut tingləri də əkilmişdir.
Kənd İnvestisiya layihəsi tərəfindən Alpout və Abbasbəyli kəndlərinin 10350 metr kəndarası yollarına qum-çınqıl tökülərək təmir edilmişdir.
Alpout və Abbasbəyli kəndlərinin hər birində uzunluğu 250 metr olan 100 ədəd - 10 mm-lik rabitə xətləri və 12 ədəd telefon dirəkləri yenisi ilə əvəz olunmuş, təmirə ehtiyacı olan dayaqlar təmir edilmişdir.
Alpout və Abbasbəyli kəndində qəzalı vəziyyətdə olan 2 ədəd ağac elektrik dirəyi dəmir dayaqlarla əvəz edilmiş, kəndlərin transformatorlarında təmir işləri aparılmışdır.
Nümayəndəliyin ərazisində yaşayan şəhid ailələrinə, aztəminatlı ailələrə və hərbçilərə bayram günlərində bayram sovqatları verilmişdir.
Alpout kənd icra nümayəndəliyi ərazisində diyarşünaslıq klubu və kitabxana fəaliyyət göstərir. Həmin müəssisələr tərəfindən 2018-ci təqvim ilində nəzərdə tutulan tarixi günlər qeyd olunmuş, eləcə də bir çox bayram tədbirləri keçirilmişdir.
Alpout kənd tam orta məktəbində 108 şagird təhsil alır, 24 nəfər müəllim təlim–tərbiyə işləri ilə məşğuldur. Keçən il məktəbi bitirən 7 nəfər məzundan 4 nəfəri ali məktəbə iş vermiş, ondan 3 nəfəri ali məktəbə qəbul olmuşdur. Məktəbimiz IX sinif buraxılış imtahanlarının nəticələrinə görə rayon üzrə birinci yeri tutmuşdur. Məktəbin müəllimi Mahmudova Aygün Bəhlul qızı 2018-ci ildə təhsil yenilikləri ilə bağlı Təhsil Nazirliyinin xətti ilə respublikada keçirilən Qrant layihəsinin qalibi olmuşdur.
Abbasbəyli kənd ibtidai məktəbində isə 14 nəfər şagird təhsil alır, 5 nəfər müəllim təlim–tərbiyə işləri ilə məşğuldur. Alpout məktəbi qazanxana sistemi ilə, Abbasbəyli kənd ibtidai məktəbi isə müasir istilik sistemi ilə təchiz olunur.
Əhalinin sağlamlığına, onların səhiyyə xidmətinə məsuliyyəti Abbasbəyli kənd tibb məntəqəsi, Alpout həkim məntəqələrinin kollektivi daşıyır. Hər iki kollektivdə xəstələrin qeydiyyatı, uşaqlarda müxtəlif peyvəndlərin aparılması, ilkin tibbi yardım günün tələblərinə cavab verir.
Alpout və Abbasbəyli kəndlərində 2018-ci ildə elektrik enerjisi və təbii qaz yanacağının verilməsi fasiləsiz olmuşdur. Ərazidə 320 nömrəli elektron ATS və mobil telefon stansiyaları “Azercell” və “Bakcell” fəaliyyət göstərir. Ərazidə 118 nömrədə kənd sakinləri internet xidmətindən istifadə edirlər.
Nümayəndəliyin baytar sahəsində çalışan işçilər əhalinin mal–qarası və quşlarına zoobaytar xidmətinin təşkilinə məsuldur. Epizotik tədbirlərin vaxtında keyfiyyətlə aparılmasını təmin edir.
2018-ci ildə İƏD-si üzrə nümayəndəliyə 23 məktub daxil olmuş, vətəndaşlara 350 ədəd müxtəlif məzmunlu (yaşayış yeri, ailə tərkibi və s.) arayışlar verilmiş, 16 rəsmi müraciət daxil olmuş, müraciətlər müsbət həll edilmişdir. 54 şifahi müraciətə baxılıb nəticələri barədə həmin vətəndaşlara məlumat verilmişdir.
Hesabat dövründə qeydiyyata daxil olan 10 nəfər, qeydiyyatdan çıxan 3 nəfər, 8 doğum, 6 nigah, 7 ölüm qeydə alınmışdır. Nümayəndəlikdə təsərrüfatbaşına kitablarda hesabat dövründə lazımi qeydlər aparılmış, imzalar edilmiş, pasport qeydiyyatına daxil olan və qeydiyyatdan çıxanlar haqqında qeydlər aparılmışdır.
Nümayəndəlikdə 01.01.2019-cu il tarixə əhalidə 735 baş iribuynuzlu mal-qara, 2516 baş xırdabuynuzlu qoyun–keçi, 4225 baş quş qeydiyyata alınmışdır.
Bildiyiniz kimi, Alpout və Abbasbəyli kənd əhalisinin əsas fəaliyyət sahəsi bitkiçilik və heyvandarlıqdır. 2018-ci ildə kənd əhalisi 378 hektarda, (yəni, 162 ha buğda, 216 ha arpa) payızlıq taxıl, 46 ha yonca, 7 ha qarğıdalı, 6 ha tərəvəz, 12 ha kartof, 9 ha vələmir,  2,50 ha tütün, 2 ha fındıq bağı və s. əkilib becərilmişdir. Bundan başqa, barama istehsalı ilə əlaqədar 150 kq plana qarşı 376 kq barama istehsal olunmuşdur.
Kənd təsərrüfatı bitkiləri əkən 230 nəfər əməkçilərə müəyyən olunmuş qaydada yanacaq və sürtkü yağlarına görə 23753 manat subsidiya ödənilmişdir.
Alpout və Abbasbəyli kəndlərində ümumilikdə 2019-cu ilin məhsulu üçün 425 ha yer şumlanmışdır ki, cəmi 399 ha taxıl, bundan 170 ha buğda, 229 ha isə arpa səpilmişdir. Keçən ilə nisbətən 21 ha artıq səpin, yəni 5,55 % təşkil edir.
Nümayəndəlik ərazisində 2019-cu il üçün barama yetişdirilməsi və 3,50 ha tütün əkilməsi nəzərdə tutulmuşdur.
Pay torpaqlarının və bələdiyyənin istifadəsində olan torpaqların təyinatı üzrə istifadə edilməsi, əkinçilik məhsullarının istehsalının artırılması, məhsuldarlığın yüksəldilməsi, növbəti əkin sisteminin tətbiqinin əhaliyə çatdırılması, yazlıq bitkilərin və yem bitkilərinin əkini üçün aqrotexniki tədbirlərin aparılması daim diqqət mərkəzindədir.
Sonda bələdiyyə sədri Polad Ağakişiyev, Alpout kənd tam orta məktəbin direktoru İsmayıl Abdullayev, məktəbin müəllimi Sakibə Nəbiyeva, kənd sakinlərindən - Kamran Nəbiyev  və başqaları çıxış edərək rayonumuzda, eləcə də bütün kəndlərdə həyata keçirilən genişmiqyaslı tikinti-quruculuq və abadlıq işlərinə görə Respublika Prezidenti İlham Əliyev cənablarına, Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşova kənd sakinləri adından öz dərin minnətdarlıqlarını bildiriblər. Müstəqil Azərbaycanın çiçəklənməsi naminə həyata keçiriləcək işlərdə uğurlar arzu ediblər.

Keçidlər