Şriftin ölçüsü :

Saytın rəngi :

Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsi anılmışdır

15 aprel 2015 | 15:00

Qazax rayon İcra Hakimiyyətinin və Qazaxbəyli kənd tam orta məktəbin təşkilatçılığı ilə telejurnalist, publisist, şair, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Respublikasının əməkdar jurnalisti və Azərbaycanın Milli Qəhrəmanı Alı Mustafayevin xatirəsi anılmışdır. Tədbirdə Rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsinin məsul işçiləri,  kənd ağsaqqalları, müəllim və şagirdlər, QHT və KİV nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə  Alı Mustafayevin təhsil aldığı Qazaxbəyli kənd tam orta məktəbin direktoru Mətanət Ayvazova açmış, Milli Qəhrəmanın həyatı, əmək fəaliyyəti və keçdiyi döyüş yolu barədə tədbir iştirakçılarına ətraflı məlumat vermiş, respublikamızda Milli Qəhrəman və şəhid ailələrinə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan danışmışdır. Qeyd etmişdir ki, Alı Mustafayev erməni millətçilərinin hərbi birləşmələrinin Azərbaycana hücumu zamanı qələmini silaha çevirərək  Dağlıq Qarabağdan – qaynar nöqtələrdən , eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən hazırladığı müsahibə və reportajlarla xalqın rəğbətini  qazanmışdır. O, Moskvada Azərbaycan Respublikası Milli Məclisi tərəfindən parlament müxbiri olmuşdur. 1991- ci ildə fəaliyyətinə görə “ İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülmüşdür. 1991- ci ilin 19 noyabrında Dağlıq Qarabağın Qarakənd kəndi səmasında Azərbaycanın yüksək rütbəli dövlət nümayəndələrini aparan vertalyotun düşmən tərəfindən atılmış mərmi ilə  vurulması nəticəsində faciəli şəkildə dünyasını dəyişmiş və şəhid olmuşdur. Ölümündən sonra  igidliyi və göstərdiyi sücaəti yüksək qiymətləndirilərək ona Azərbaycanın Milli Qəhrəmanı fəxri adı verilmişdir. Alı Mustafayev bu gün xalqımızın qəlbində yaşayır. Vətən uğrunda dünyasını dəyişənlər və şəhid olanlar ölmürlər, əbədi yaşayırlar.
Sonra çıxışlar olmuşdur. Rayon İcra Hakimiyyətinin məsul işçisi Azad Hümbətov, Milli Qəhrəmanları Tanıtnma İctimai Birliyinin Qazax Rayon Şöbəsinin sədri Ülviyyə Poladova və Alı Mustafayevə vaxtilə dərs deyən müəllimlər, kənd ağsaqqalları Milli Qəhrəmanla bağlı xatirələrini söyləmişlər
Qazaxbəyli kənd tam orta məktəbin şagirdləri Alı Mustafayevin vətənpərvərlik mövzusunda yazılmış şeirlərini səsləndirmişlər.

Keçidlər