Şriftin ölçüsü :

Saytın rəngi :

Fərrux ağa Qayıbovun xatirəsinə ucaldılmış təyyarə abidəsinin açılışı olmuşdur

10 sentyabr 2016 | 16:00

İlk Azərbaycanlı hərbi pilot, Birinci Dünya Müharibəsinin iştirakçısı, Poruçik Fərrux ağa Qayıbovun Qazax rayonunun girişindəki “Obelisk”in yanında xatirəsinə ucaldılmış təyyarə abidəsinin açılışı olmuşdur.
Tədbirdə Qazax rayonu İcra Hakimiyyəti başçısının Aparatı, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbi hissənin əsgər və zabitləri, idarə, müəssisə, təşkilat rəhbərləri, əmək və müharibə veteranları, Qarabağ Müharibəsi əlilləri və iştirakçıları, ziyalılar, ağsaqqallar, ictimaiyyət və KİV nümayəndələri iştirak etmişdir.
Tədbiri giriş sözü ilə Qazax rayonu İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşov açaraq Fərrux ağa Qayıbovun keçdiyi şərəfli döyüş yolundan, göstərdiyi şücaət və qəhrəmanlıqlardan danışmışdır. Qeyd etmişdir ki, F.Qayıbov 1916-cı il sentyabrın 12-də Qərb cəbhəsi qərargahının tapşırığı ilə Bornaya hücum edir. Almanların mövqelərini darmadağın edərək hər şeyi külə döndərir. Onun təyyarəsinə 4 alman qırıcısı hücuma keçir, F.Qayıbov onların üçünü yandırır və aldığı zərbədən təyyarə ilə yerə çırpılıb həlak olur. Almanlar təyyarəçinin igidliyinə heyran qalırlar. Səhərisi gün almanlar F.Qayıbovun onlar tərəfdə şərəflə, göstədiyi igidliyə layiq şəkildə dəfn edildiyini bildirirlər.
Sonra çıxışlar olmuşdur. Respublikanın əməkdar müəllimi Mustafa Mirzəyev, professor İsmayıl Umudlu,  BDU-nun Qazax filialının direktoru, professor Vüsət Əfəndiyev, əməkdar incəsənət xadimi, AYB Qazax zona filialının sədri, şair Barat Vüsal, şair Həvəskar, təqüddə olan müəllim Murad Süleymanov, təqaüdçü ağsaqqal Həvva İsmayılova, rayon Ağsaqqallar Şurasının sədri Sabir Məhərrəmov, N saylı hərbi hissənin komandiri, polkovnik İdris Məhərrəmov, şair Cavanşir Rüstəmov, ağsaqqal Abdulla Mustafayev və Fərrux ağa Qayıbovun qohumu Saleh Qayıbov çıxış etmişlər. Saleh Qayıbov çıxışında rayon İcra Hakimiyyətinin başçısı cənab Rəcəb Babaşova Fərrux ağa Qayıbovun qohumları və doğmaları adından təşəkkür etmiş və dərin minnətdarlığını bildirmişdir. Digər çıxış edənlər Fərrux ağa Qayıbovun göstərdiyi qəhrəmanlıqlardan danışmışlar, hərbi vətənpərvərlik mövzusunda yazılmış şeirlərini oxumuşlar. Azərbaycanın ilk hərbi təyyarəçisi Fərrux ağa Qayıbovun xatirəsinə rayonun ən gözəl yerində ucaldılmış təyyarə  abidəsinə, abidənin ətrafında salınmış yaşıllıqlara, abadlığa və yeni qurulmuş işıq sisteminə və ümumiyyətlə, bütün bu böyük,  xeyirxah, vətənpərvər və nəcib işə görə ölkə başçısı İlham Əliyev cənablarına və rayon İcra Haklimiyyətinin başçısı cənab Rəcəb Babaşova öz dərin minnətdarlıqlarını bildirmişlər.
Sonda rayonun Yuxarı Salahlı kənd tam orta məktəbinin şagirdləri tərəfindən hazırlanmış kompozisiya göstərilmiş və hərbi vətənpərvərlik ruhunda şeirlər səsləndirilmişdir.
Artıq abidə Qazaxda yaşayan və qonşu rayonlardan gələn gənclərin  ən çox sevdiyi məkanlardan birinə çevrilmişdir. Yeni ailə quranlar həmin abidəni ziyarət edirlər və xatirə şəkilləri çəkdirirlər.

Keçidlər