Şriftin ölçüsü :

Saytın rəngi :

20 Yanvar faciəsi tarixin Qan yaddaşı, xalqımızın qəhrəmanlıq tarixidir

20 yanvar 2017 | 16:00

20 Yanvar Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günüdür. Bu, uzun illər sovet imperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir.
1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda sovet ordusu tərəfindən dinc əhaliyə qarşı dəhşətli, kütləvi qırğın hadisəsi törədildi. Bu qanlı hadisənin törədilməsində əsas məqsədlərdən biri öz haqlı tələblərini irəli sürən, bu tələblərə demokratik yollarla nail olmaq istəyən, azadlıq istəyində olan Azərbaycan xalqının iradəsini qırmaq, insanların müstəqillik arzularını tankların altında əzmək idi. Sovet imperiyası günahsız insanların qanını axıtsa da, xalqımıza qarşı misli görünməmiş qəddarlıq etsə də, istəyinə nail ola bilmədi.
Xalq o müdhiş günlərdə Heydər Əliyevin yoxluğunu ən  böyük həqiqət kimi dərk etdi.  Amma Bakıda olmamasına baxmayaraq, xalqının səsinə hər kəsdən əvvəl səs verən də elə Heydər Əliyev oldu. Ümummilli liderimiz Moskvada xüsusi nəzarət altında ola-ola, özünün və ailə üzvlərinin həyatını açıq təhlükə qarşısında qoyaraq, hadisələrdən dərhal sonra, 1990-cı il yanvarın 21-də Azərbaycanın Moskvadakı daimi nümayən-dəliyinə gəldi. Ulu öndər təcavüzə kəskin etirazını bildirdi, faciəni törədənləri, şəxsən M.Qorbaçovu kəskin ittiham edərək  qoşunların Bakıdan çıxarılmasını tələb etdi. Xalqımızın ümummilli lideri Heydər Əliyevin 1990-cı il 21 yanvar tarixli Bəyanatı həm də faciəyə verilən ilk siyasi qiymət idi.
Ulu öndər Heydər Əliyev ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra bu məsələ yenidən gündəmə gəldi, 20 Yanvar hadisələrini lazımınca qiymətləndirmək yolunda ciddi addımlar atıldı. “20 Yanvar faciəsinin 4-cü ildönümünün keçirilməsi haqqında” Azərbaycan Respublikası Prezidenti Heydər Əliyevin 5 yanvar 1994-cü il tarixli fərmanı ilə Milli Məclisə 20 Yanvar hadisələrinə tam siyasi-hüquqi qiymət verilməsi tövsiyə olundu. Milli Məclisdə müzakirələrin yekunu olaraq 1994-cü il martın 29-da “1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr haqqında” qərar qəbul edildi. Qərarda, 1990-cı ilin qanlı 20 Yanvar faciəsinə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verildi.
Ulu öndər Heydər Əliyevin daxili və xarici siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev 20 Yanvar faciəsində qətlə yetirilənlərin, müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinin dövlət səviyyəsində həllini mühüm vəzifələrdən biri kimi qarşıya qoyub.
Bu il xalqımız 20 Yanvar hadisələrinin 27-ci ildönümünü qeyd edir, igid övladlarının fədakarlığını məhəbbətlə xatırlayır, onların əziz xatirəsini böyük ehtiramla yad edir.
Respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da Azərbaycan xalqının azadlığı uğrunda canlarından keçmiş 20 Yanvar şəhidlərinin xatirəsi yad edilib. Bununla əlaqədar şəhərin mərkəzindəki Şəhidlər Xiyabanında mərasim keçirilib.
  Rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov 20 Yanvar şəhidlərinin xatirəsini yad etmək üçün Şəhidlər Xiyabanına gəlib. Şəhidlərin ruhuna dua oxunduqdan sonra Rəcəb Babaşov şəhidlərin abidəsi önünə gül dəstələri qoyub, onların xatirəsini dərin ehtiramla yad edib.
Həzin musiqi sədaları altında şəhidlərə həsr olunmuş şeirlər səslənib.
Tədbirdə iştirak edən idarə, müəssisə və təşkilatların kollektivləri, rayon sakinləri, ictimaiyyət nümayəndələri Şəhidlər Xiyabanında abidənin önünə gələrək şəhidlərin ölməz ruhunu yad edib, abidə önünə tər qərənfillər qoyublar.
Saat 12:00-da respublikamızın hər yerində olduğu kimi, rayonumuzda da şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Küçələrdə hərəkət dayandırılıb, səs siqnalları verilib.

Keçidlər