Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda IV İslam Həmrəyliyi Oyunlarının təbliğinə dair kütləvi idman yarışlarına başlanılmışdır

30 mart 2017 | 16:00

  Respublikamızın hər yerində olduğu kimi Qazax rayonunda da IV İslam Həmrəyliyi Oyunlarının məktəblilər arasında təbliğinə həsr olunmuş kütləvi idman tədbirlərinə başlanılıb.
Qazax Olimpiya İdman Kompleksində boks üzrə keçirilən yarışda rayon İcra Hakimiyyəti  Başçısının müavini Gulaya Həsənova və aparatın məsul işçiləri, məktəblilər, idmançılar, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
  Azərbaycan Respublikası Təhsil Nazirliyinin Respublika Təhsil İdman Mərkəzi ilə birgə təşkil etdiyi yarışda Qazax boksçuları ilə yanaşı, Gəncə, Şəmkir, Tovuz, Ağstafa, Gədəbəy, Göygöl, Samux, Bərdə, Tərtər, Yevlax, Mingəçevir, Naftalan, Ağdam, Xocalı və Daşkəsən rayonlarının idmançıları da öz güclərini sınayacaqdır.
  Rayon təhsil şöbəsinin aparıcı məsləhətçisi Rasim Carçıyev tədbiri giriş sözü ilə açaraq IV İslam Həmrəyliyi Oyunları haqqında yarış iştirakçılarına məlumat vermiş,  keçirilən yarışın məqsəd və əhəmiyyətindən danışmışdır.
  Dövlət Himni səsləndikdən sonra çıxışlar olub. Azərbaycan Respublikası Təhsil Nazirliyinin məsul işçisi Vüqar Hüseynov çıxış edərək idmançıları salamlayıb və onlara uğurlar arzulayıb. Qeyd edib ki, Təhsil Nazirinin müvafiq əmrinə əsasən keçirilən yarışların təşkil edilməsinin məqsədi IV İslam Həmrəyliyi Oyunlarının proqramına daxil olan idman növlərini məktəblilər arasında təbliğ etmək, onların idmana marağını artırmaq, məktəbliləri sağlam həyat tərzinə cəlb etməkdir.
  Sonra məktəblilərdən ibarət rəqs qrupunun çıxışı olub. “Cəngi” havası altında idmançılar yarışa başlayıb. Yarışın baş hakimi, Təhsil Respublika İdman Mərkəzinin baş məsləhətçisi Mübariz Əliyev raport verdikdən sonra yarış start götürüb.
  Onu da qeyd edək ki, yarışda 18 şəhər və rayondan 21 komanda iştirak edir. Hər komandada 16 nəfər idmançı yarışır.
  30 mart - 1 aprel tarixlərində keçirilən yarışda komanda hesabında I, II, III yerləri tutanlar diplom və medallarla, hədiyyələrlə təltif olunacaqlar.

Keçidlər