Şriftin ölçüsü :

Saytın rəngi :

Qazaxda şəhid Mühüd Orucovun ildönümü qeyd olunub

09 aprel 2017 | 16:00

Ötən ilin aprel döyüşləri zamanı ən uca zirvəyə - şəhidlik zirvəsinə ucalan kapitan Orucov Mühüd Qurban oğlunun son mənzilə yola salındığı gündən 1 il keçir. Bu gün şəhidin doğulub boya-başa çatdığı Fərəhli kəndində ildönümü qeyd olunub.
  Həmin gün yüzlərlə insan Fərəhli kənd qəbiristanlığında şəhidin məzarı başına toplaşıb. Mərasimdə Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab Rəcəb Babaşov, aparatın məsul işçiləri, Milli Məclisin deputatları və digər qonaqlar, idarə, müəssisə, təşkilat rəhbərləri, Qarabağ Müharibəsi Veteranları, şəhidin döyüş yoldaşları, yaxınları, doğmaları, ictimaiyyət və KİV nümayəndələri iştirak edib.
  Əvvəlcə mərasim iştirakçıları şəhidin məzarı üstünə qərənfillər qoyaraq əziz xatirəsini yad ediblər. Şəhidin ruhuna dualar oxunub. Qazax rayon İcra Hakimiyyəti tərəfindən şəhidin məzarı üstünə əklil qoyulub.
  Qazax rayon İcra Hakimiyyətinin Başçısı cənab  Rəcəb Babaşov şəhidin məzarı önündə çıxış edərək şəhidin ailəsinə başsağlığı verib. Qeyd edib ki, aprel döyüşləri zamanı Mühüd Orucuvun göstərdiyi igidlik hər bir azərbaycanlı üçün nümunədir. Məhz belə igidlərin sayəsində aprel döyüşləri zamanı yüz kilometrlərlə Azərbaycan torpağı düşmən tapdağından azad edildi, strateji yüksəkliklər qoşunlarımızın əlinə keçdi. Bildirib ki, Azərbaycan ordusu aprel döyüşləri zamanı düşmənə sarsıdıcı zərbələr vuraraq öz gücünü göstərdi. Sübut etdi ki, bizim güclü ordumuz var və Azərbaycan əsgəri qələbə qazana bilər.
  Cənab Rəcəb Babaşov çıxışı zamanı bildirib ki, kapitan Orucov Mühüd Qurban oğlu ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə ölümündən sonra “İgidliyə görə” medalı ilə təltif olunub. Şəhərin mərkəzində şəhidin xatirəsini əbədiləşdirən bulaq abidə kompleksi inşa edilib.
Sonra Milli Məclisin deputatları Kamran Nəbizadə, Ülviyyə Ağayeva, Qənirə Paşayeva, sərbəst güləş üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov, Qarabağ Qaziləri İctimai Birliyinin sədri Etimad Əsədov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin şöbə rəisi, polkovnik-leytenant Əjdər Babazadə, Qarabağ qazisi Kamil Musavi və başqaları çıxış edərək Azərbaycan Ordusunun qüdrətindən, şəhidlərimizin döyüş zamanı göstərdiyi qəhrəmanlıqlardan, əsgərlərimizin cəbhədə əldə etdikləri uğurlarından söz açıblar.
Qeyd ediblər ki, Vətəni uğrunda canlarından keçən bütün şəhidlərimiz kimi Mühüd Orucovun da əziz xatirəsi hər zaman yad ediləcək və o, daim qəlblərdə yaşayacaqdır.
  Azərbaycan Yazıçılar Birliyi Qazax zona filialının sədri, əməkdar incəsənət xadimi, şair Barat Vüsal çıxış edərək bildirib ki, aprel döyüşləri bizim həm qürur yerimiz, həm kədərimiz, həm tariximiz, həm də qalibiyyətimizdir. Sonra Vətənə, şəhidlərə həsr etdiyi şeirini oxuyub.
  Şəhidin anası Sima Orucova çıxış edərək mərasimdə iştirak edən qonaqlara öz minnətdarlığını bildirərək qeyd edib ki, bu gün bir daha əmin oldum ki, Mühüd ölməyib, o, bu gün yaşayır.
Sonra məktəblilər Vətənə, şəhidlərə həsr olunan şeirlər söyləyiblər.
Şəhidin ata evində ehsan süfrəsi açılıb.

Keçidlər